Parlament orqanının baş redaktoru prezidentin sərəncamına qarşı
gundemxeber.az Məlum olduğu kimi, bir neçə il əvvəl Azərbaycan Prezidentinin sərəncamı ilə KİV-ə Dəstək Fondu yaradılmışdır. Fondun yaradılmasında əsas məqsəd müstəqil mətbuatın inkişafına yardım etmək, jurnalistlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmək və mətbuatın maliyyə problemlərini həll etməkdir. KİV-ə Dəstək Fondu yarandığı gündən ildə 3-4 dəfə jurnalistlər arasında müxtəlif mövzular üzrə müsabiqələr keçirir, qaliblərə 1000 manat pul verir, gündəlik qəzetlər arasında da müsabiqələr keçirərək, fərqlənənlərə 10,20,30,40 min manat məbləğində maliyyə yardımı edir. Yarandığı gündən Fondun şəffaflığı və obyektivliyi şübhə altında idi. Redaksiyamızın elektron poçtuna məktubla müraciət edən Elxan Kərimov isə parlamentin rəsmi orqanı olan “Azərbaycan” qəzetində bu məsələ ilə bağlı yaranmış qalmaqaldan bəhs edir. Müəllifin fikirlərini olduğu kimi diqqətinizə çatdırırıq: “KİV-ə Dəstək Fondunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru B.Sadıqov isə işçilərini bu qurumu baykota məcbur edib. Üstəlik bu Fondun keçirdiyi müsabiqələrə məqalə göndərənləri «fərari» adlandırıb. Görəsən B.Sadıqovun Prezident İlham Əliyevin sərəncamı ilə yardılmış Fondu baykot etməsinə, təşkilatın keçirdiyi müsabiqələrdə iştirak edənləri “vətən xaini” adlandırmasına səbəb nə olmuşdur? Əlbəttə ki, Sadıqovun öz maddi maraqlarını güdməsi. İlk vaxtlar müsabiqədə iştirak edənlər arasında «Azərbaycan» qəzetinin də əməkdaşları olmuşdur. Lakin B.Sadıqova qəzetdəki yaxınlarının müsabiqədə yer tutmaması, üstəlik müsabiqədə yer tutanların Sadıqova «şirinlik» verməməsi onu qeyzləndirmiş və bundan sonra «Azərbaycan» qəzetinin əməkdaşlarına KİV-ə Dəstək Fondunun keçirdiyi müsabiqələrdə iştirak etmək qadağan olunmuşdur. Bunu onunla əsaslandırmışdır ki, guya Fondun müsabiqələrində qalib gələnlərin hamısı adamı olanlardır . Guya burada hər şey sifarişlə həyata keçirilir və qaliblərə çatacaq məbləğin yalnız 20-30 faizi verilir. Qalanının isə kimlərəsə çatdığı bildirilir. Qəzetin bəzi əməkdaşları başqa qəzetlərdə məqalələr dərc etdirərək müsabiqələrdə iştirak ediblər və qalib olublar. Son vaxtlar isə B.Sadıqov KİV-ə Dəstək Fondunda təkidlə bu qaydanı da ləğv elətdirməyə nail oldu. Yəni, bundan sonra hər kəs yalnız öz işlədiyi qəzetdə məqalə dərc etdirməklə müsabiqəyə qatıla bilər. Bu gün jurnalistlərin çətin vəziyyətdə yaşamasına kömək və onların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış KİV-ə Dəstək Fondunu baykot edən, Fondun keçirdiyi müsabiqələrə inamsızlıq yaradan və bu müsabiqələrə qatılanları «fərari» adlandıran dövlət məmuru Prezidentə qarşı çıxmırmı? Axı, Bəxtiyar Sadıqovun hər cür şəraiti, bir neçə yerdə evi, oğlunun 80 min dollarlıq maşını və digər yüksək təminatları var. Ona görə də jurnalistlərin həyat səviyəsinin yüksəldilməsi ilə əlaqədar atılan addımlar, dövlət səviyyəli tədbirlər onun üçün bir o qədər də əhəmiyyət kəsb etmir.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?