Yanvarın 22-də Milli Şuranın Koordinasiya Şurasının ilk iclasında ölkədəki ictimai-siyasi vəziyyət, ictimai-siyasi fəalların məhkəmə prosesləri, ötən ilin sonunda Qarabağ qazisinin intiharı ilə bağlı keçirilmiş etiraz aksiyasında tutulan gənclərə polislərin verdiyi işgəncələr və həmin aksiyaya görə cərimələnən gənclərin məsələsi müzakirə olunub. Cərimələnən gənclərə maddi dəstək göstərilməsi üçün marafonun keçirilməsi qərara alınıb.
Milli Şura həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi münasibətilə yubiley tədbirlərinin reallaşdırılmasını nəzərdə tutur.
Koordinasiya Şurasının iclasında 2014-cü ildə Milli Şuranın fəaliyyət proqramı ətrafında da müzakirə aparılıb. Bu müzakirə Koordinasiya Şurasının növbəti iclasında davam etdiriləcək.
Məlumatı “Media forum” saytına Milli Şuranın sədr aparatının üzvü Oqtay Gülalıyev verib.
Milli Şuranın Koordinasiya Şurası yanvarın 16-da yaradılıb. Koordinasiya Şurasına bu şəxslər daxildir: Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Kamil Vəli, Nurəddin Mustafayev, Eldəniz Quliyev, Hacıbaba Əzimov, Rafiq Manaflı, Mehriban Vəzir, Gültəkin Hacıbəyli, İbrahim İbrahimli, Vidadi Mirkamal, Fuad Ağayev, Namizəd Səfərov, Leyla Yunus, Mirvari Qəhrəmanlı, Hacı Rövşən Əhmədli, Mehman Əliyev və “Nida” Vətəndaş Hərəkatından bir nəfər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?