gundemxeber.az lent.az-ın həbsdən yenicə çıxmış müğənni Maral Tahirqızı ilə müsahibəsini təqdim edir:
- Maral xanım, ailəlisinizmi?
- Xeyr, hazırda subayam. Ailəli olub ayrılmışam. Mən 16 yaşında ailə qurmuşdum. İki il, üç ay ailəli olub, sonra ayrılmışam. Çünki ailələrində problemlər var idi. Yoldaşımın atasının əl-ayağı tutulmuşdu. Çox əsəbi idi, hər şeyə əsəbiləşirdi. Buna görə yoldaşım çıxıb getdi Rusiyaya. Mən də boşanıb çıxıb gəldim.
- Bəs övladınız varmı?
- Xeyr, övladım yoxdur. Evli olduğum vaxt hamilə qaldım, amma hamiləliyin 6-cı ayında nədənsə uşaq tələf oldu.
- Bəs nə əcəb yenidən ailə qurub, övlad sahibi olmağı düşünmədiniz?
- Sözün düzü, mən çox çətin zövqlü insanam. Nəsə alınmayıb. Mənə evlilik təklifləri çox olub, amma mənim qeyri-adi bir zövqüm var, heç kimi bəyənə bilmirəm.
- Yəni qərara gəlmisiniz ki, bu həyatı təkbaşına yaşayacaqsınız?
- Yox, demirəm tək qalacam. Ola bilər qarşıma elə bir adam çıxar ki, xoşuma gələr.
- Bəs həmin adam sizi hansı xüsusiyyətləri ilə özünə cəlb edə bilər?
- Birincisi, alicənab olsun, şəxsiyyəti, qüruru olsun. Əlbəttə ki, imkanı da olsun. İmkansız kişini heç kim istəməz. Mən kişi saxlayası deyiləm ki. (Gülür)
- Bilirik ki, 2 ildən çox müddətdə həbsdə idiniz. Necə oldu bu hadisə başınıza gəldi?
- Bunların hamısı mənim ürəyimin təmizliyindən başıma gəldi. Esmira adlı bir qadın mənə şər atdı. O, mənim üz-qaşımı almaq bəhanəsi ilə evimə gəldi və evimi əxlaqsızlıq üçün kirayə verdiyimi dedi. Guya mənə 20 manat pul verəcəkmiş. Mən həmin gün Qız Qalasının yanında fotosessiya elətdirmişdim, tamamilə başqa xəyallarım vardı, amma məni şər-böhtana saldılar.
- Həbsxanada günləriniz necə keçirdi?
- Bilirsiniz, həbsxanada yaxşı, mədəni insan da var, kobud, səviyyəsiz insan da. Orada müəllimlər, müdirlər, mühasiblər - hər cür adam var. Həyatda onları görürük, amma tanımırıq, həbsxanada isə yaşam tərzi bir yerdə olduğu üçün onları daha yaxşı tanımaq olur.
- Bəs siz kiminlə yaxşı anlaşırdınız, oturub-dururdunuz?
- Kimin təbiəti ağırdır, dava-dalaşla işi yoxdur, çalışırdım onlarla oturum. Davakar adamlardan uzaq qaçırdım.
- Adətən filmlərdə həbsxanaya yeni gətirilən məhbusa digər məhbuslar müəyyən problemlər yaradır, onlarla dalaşmağa çalışırlar. Bəs real həyatda necədir? Həbsxanaya ilk getdiyiniz vaxt necə bir münasibətlə qarşılandınız? Bilirdilər ki, siz müğənnisiniz?
- Hər şey adamın özündən asılıdır. Məsələn, mən gedəndə kənardan mənə söz atırdılar ki, bu necə müğənnidir, 20 manata görə bura düşüb? Eşidirdim, amma özümü eşitməzliyə vurub keçirdim. Həm də müəssisə rəhbərliyi söz-söhbət salanı, dava-dalaş edəni ciddi cəzalandırırdı. Adam var idi ki, özü yalandan söz-söhbət yaradırdı, qaçıb xəbər verirdi ki, filankəs mənə belə dedi. Belələri "işverən" işləyirdi. Orada da "işverənlər" var. Onlar bu cür söhbətlərlə "paqona padxod" edirdilər ki, onların dostluğunu qazanıb, yaxın olsunlar. Amma mən belə şeyləri bacarmaram.
Bir də məni hamamda çox yaxalanan adam kimi tanıyırdılar. Bizə 15 dəqiqə vaxt verirdilər. Adam var idi, 3-5 dəqiqəyə çimib çıxırdı. Mən bütün vaxtımı istifadə edirdim. Narazılıq edirdilər ki, Maral, çıx. İstər-istəməz söz-söhbət yaradırdılar.
- Məhbəs həyatında nələrdən çətinlik çəkirdiniz?
- Çətinlik çəkdiyim məqamlar çox idi. Məsələn, yemək vaxtı olduqca az, yarım saat idi. Orda insanlar həddindən artıq çoxdur, həbsxana adamla doludur. Oturmağa yer yoxdur. 240 nəfərlik yeri 500 nəfər istifadə edir. O yarım saat ərzində hamı yeyib qurtarmalıdır. Hamamı götürək. Gigiyena otağı var idi ki, orada xəstələr çimirdi. Mən ora girmirdim. Qorxurdum, ehtiyat edirdim. Digər çimmək yeri isə 7 nəfərlik idi. Hesab edin ki, bu 500 nəfər həmin 7 nəfərlik yerdə çimməlidir. Qab yuyulan "moykalar" 4 nəfərlikdir, əl-üz yuyan yerdə 10 krant var idi. Sanitar qovşaq 10 kabinet idi. Bunlar çox çətin idi. Hamama girirdin və birbaşa çölə çıxanda soyuq olurdu. Otaqda oturmaq çətin idi. Bizim otaq 62 nəfərlik idi. Bu qədər insanın nəfəsi bir otaqda... Biri deyir, qapını aç, nəfəsim çatmır, o biri deyir, ört, üşüyürəm. Qapını örtürdük nəfəsimiz çatlayırdı, açırdıq, qışın günü elə bil çöldə yatmısan. Bir də həbsxanada yatdığım ilk gecə gördüyüm yuxu heç yadımdan çıxmır. Yuxuda gördüm ki, orada olan bir erməni qadın yuxarıdan başıma pis, murdar bir şey tökür. Bu yuxunun təsirindən günlərlə çıxmadım.
- Bəs yemək?
- Sözün düzü, mən oranın yeməyini yemirdim. Təkcə bayramlarda aş alırdıq. Bir dəfə 8 martda bizə konsert verməyə gəlmişdilər, həm də yemək gətirmişdilər. O zaman gətirilən aşın ətri heç vaxt ağlımdan çıxmaz. Həmin aşın ancaq görüntüsü və ətri yaddaşımda qalıb, çünki aşdan mənə çatmadı. Adam çox idi, növbə mənə gələnə kimi aş qutarmışdı. Yalnız qarasından bir tikə yeyə bildim. Hərəyə bir ərik, şabalıd ancaq çatırdı. Amma aş o qədər gözəl dəmə qoyulmuşdu ki, dən-dən dururdu. Həbsxanada bu iki il ərzində yediyim ən dadlı yemək idi. Bəlkə də ömür boyu yediyim ən ləzzətli yemək də elə o aş qarasının bir tikəsi olub...
- Deyirsiniz ki, həbsxana yeməklərini yemirdiniz, bəs nə ilə qidalanırdınız?
- Orda ən çox kələm borşu, makaron, vermişel supu verilirdi. Baxırdın ki, axşamlar balıq verilirdi. Amma mən yemirdim. Çünki 500 nəfərin balığını iki nəfər təmizləyib hazırlayırdı. Adi evdə bir balığı təmizləmək çox çətindir, o ki qala bu qədər balığı iki nəfər təmizləyə. Mən yalnız ordan səhər-səhər verilən 1 xörək qaşığı şəkər tozu və 15-20 qram yağı götürürdüm. Başqa zamanlar özüm hazırlayırdım yeməyimi. Yanıma gələnlər ərzaq gətirirdi. Bir də görürdün xəngəl də bişiririk, mantı da açırıq...
- Ziyarətinizə kimlər gəlirdi?
- Təkcə bacım gəlirdi. Başqa adamların gəlməyini istəmirdim. Qardaşlarım başqa ölkədə yaşayır, onlar bacıma pul göndərirdilər ki, get, Maralın yanına.
- Ən çox nə istəyirdiniz sizə gətirsinlər?
- Deyirdim, mənə hazır yeməklər gətirməyin, özüm bişirəcəm. Ən çox paltarlar gətizdirirdik, kosmetika, əl-üz kremləri...
- Orada da bu cür bəzənib-düzənirdiniz?
- Bəzən ürəyimə düşəndə, könlüm açılanda, bayramdan-bayrama bəzənirdim. Həmişə yox.
- Gecələr özünüzlə baş-başa qalanda daha çox nə düşünürdünüz?
- Həmişə təəssüflənirdim ki, almadığım 20 manata görə məni burada yatırdıblar. Milyon manat alanlar da həmin cəza ilə yatırdılar, mən də. Adam öldürən də, baş kəsən də mənimlə bir yerdə eyni cəzanı çəkirdi. Bu, mənə çox pis təsir edirdi. Pis olurdum, kədərlənirdim, amma ağlamırdım...
- Heç məhbus rəfiqəniz oldu?
- Yox, nə həyatda, nə də türmədə rəfiqəm olub. Sadəcə bir yoldaş kimi deyirdik-gülürdük. Həmişə gedib xəbərlərə baxırdım ki, bizi buraxacaqlarmı? Bilirdilər ki, mən "Xəbərlər" proqramını qaçırmıram. Elə bilirlər ki, türmədəyik deyə heç nədən xəbərimiz yoxdur. Amma biz orada bütün xəbərləri hamıdan tez bilirdik. İndi azadlıqdayam, heç xəbərləri izləmirəm, amma orada hər şeyi izləyirdim. Bir gün də getdim "Xəbərlər"ə baxmağa, gələndə Töhfə adlı bir qadın soruşdu ki, Maral, sən Allah, nə dedilər? Dedim, ay qız, heç nə, nə deyəcəklər? Dedilər, yatsınlar yatdıqları yerdə, bizə ümid olmasınlar.
- Azadlığa çıxaçağınızı biləndə nə hiss etdiniz?
- Bilirsiniz, orada da hamı soruşurdu ki, bu gün, sabah azadlığa çıxacaqsan, nə hiss edirsən? Deyirdim, vallah, hələ heç nə. Ayağımı buradan çölə qoymayınca inana bilmərəm ki, azad olacam. Ordakılara da öyrəşmişdim. Gülürdülər, deyirdim, vallah, deyəsən mən bu həyata öyrəşmişəm. Amma bunu zarafatla deyirəm. Bir də Allah mənim yolumu türməyə salmasın.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?