“Mənim gizli işim yoxdur, hər şey göz qabağındadır.Bu gün bütün gücümüzü əsgərlərə dəstək olmaq üçün ortaya qoymuşuq. Bizim yolumuz haqq yoludur. Əgər mən bu çətin yola çıxmışamsa, hər bir maneə ilə üz-üzə gəlməyə hazıram. Bir işin çətinliyi olmasa heç marağı olmaz. Əsas odur ki, mən bu gün əsgərlərimizi sevindirə bilirəm."
Tanınmış fitnes məşqçi, xeyriyyəçi Kamil Zeynallı Bizim.Media üçün verdiyi müsahibədə belə deyib.
Son zamanlar idmançının başına gələn xoşagəlməz hadisələr və xeyriyyəçiliyi barədə söhbət etdik. Söhbət əsnasında Kamil bəzi maraqlı məqamlara da toxunub:
-Düşünürsünüz ki, sizə qarşı qərəzli mövqedə duranlar var?
- Vallah, bu məni heç maraqlandırmır. Mən yolumdan dönən deyiləm. Axırıncı dəfə Kəlbəcərdən qayıdanda tutuldum. İnanın, işimi bitirdikdən sonra tutulduğuma görə çox sevindim. Çünki, məni gözləyən əsgərlərin gözü yolda qalmadı, onların ehtiyacları olan hər bir şeylə təmin edib qayıdanda, bu iş başıma gəldi. Sağolsunlar ki, məni ora gedəndə tutmadılar. (gülür) O zaman apardığım yardımı paylaya bilməyəcəkdim.
- Maraqlıdır, hansı səbəb ilə tutuldunuz və buna səbəb olan kimlər idi? Ad çəkə bilərsiniz?
- Mən istəyərdim heç kim Azərbaycan polisini buna görə qınamasın. Çünki onların mənim tutulmağımda heç bir günahı yoxdur. Buna səbəb orduda olan general rütbəli bir şəxsin mənə qarşı qərəzli və paxıl mövqeyidir. Mən onun şikayəti əsasında tutuldum. İndi ad açıqlaya bilməyəcəm, ancaq zamanı gələndə mütləq bunu edəcəm. Hazırda həssas bir dönəmdəyik, istəmərəm hərbdə olan vicdanlı generallarımızın, hərbçilərimizin adları hansısa bir insana görə hallansın.
- Niyə o general sizə qarşı bu cür qərəzli mövqedədir?
- İnanın Allaha, səbəbi mənə də gizlidir. Mən Kəlbəcərə hərbçilərlə getmişdim və icazəm vardı. Yardımları toplayıb Toğanaya getdim. Orada iki gün Çaykənddə hərbi hissədə qaldım. Daha sonra yardımları hərbi avtomobillərə yığıb Kəlbəcərə 3300 metr hündürlüyə qalxdıq. Murovdağı, Öməraşırımı keçib, yardımlarımızı əsgərlərə çatdırdıq. Qayıdanda hərbi keçid postunda məni saxladılar, məndən bura necə gəldiyimi soruşdular. Mən ora hərbçilərin xüsusi avtomobilləri ilə qalxmışdım.
- Hər şey qanun çərçivəsində idi. Sadəcə, həmin o general mənə qarşı hiyləgər oyun oynadı. İnanın, həmin o insan haqqında heç kəs yaxşı danışmır, hərbi hissədə olan əsgərləri də incidir. Eybi yox, mən heç heyfslənmirəm, əsas odur ki, oğurluq, narkotik maddə üstündə deyil, kişi kimi tutulmuşam. Mən həbsxanada başımı balışa qoyanda vicdanım rahat idi, düşündüm ki, şərəfli iş görmüşəm.
- Vaxtından əvvəl azad edildiz.
- Bəli, Birinci vitse prezidentimiz Mehriban xanımın tapşırığı ilə vaxtından əvvəl azad olundum. Çünki hamı bilirdi ki, mən nahaqdan, qeyri-qanuni tutulmuşam. Yardım edən insanlarla bu cür rəftar ermək olmaz. Mənim günahım olsa idi, məhkəmənin verdiyi qərar ilə 30 gün həbsxanada qalardım. Günahsız olduğum üçün vaxtından əvvəl azad edildim.
- Buradan Mehriban xanıma, cənab Ali Baş Komandanımız İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, mənə belə etimad göstərdilər. İnşallah, mən də onların etimadını hər zaman doğruldacağam.
- Siz həmin o generaldan hüquq mühafizə orqanlarına şikayət etdiniz?
- Xeyr, etməmişəm, etmək fikrim də yoxdur. Kişinin başına iş gələr. Mən bəzi insanlar kimi satqın, şərəfsiz deyiləm. Hər şey zamanında öz yoluna düşəcək. Xalqın gözü tərəzidir, pisi yaxşıdan ayıra bilir.
- Maraqlısı isə bu qarayaxma kampaniyalar sizin aktiv yardımlarla məşğul olduğunuz dövrlərdə ortaya çıxır.
- Bəli, hər zaman belə olur. Pandemiya dövründə də bəzi insanların adın çəkdim, amma açıqlamamalıydım. Ona görə həbs olundum.
- Səhv etmirəmsə məmurların adını çəkmişdiniz?
- Xeyr, məmur deyildi. İnanırsız, bəlkə kimsə düşünür ki, mən həbs olunanda pis oluram, ancaq elə deyil. O 10 günki mənə həbs cəzası verdilər, bütün streslərdən sonra dincəldim. Sağolsunlar, əlavə güc-qüvvə yığdım. Gəncəli dayı demişkən “nabarot kızışıyoruz”(gülür)
- Onda həbsxanada sizə xüsusi qulluq olur?
- Xeyr, orada heç kəsə xüsusi qulluq yoxdur. Sadəcə, mənə hörmət edirdilər. Xoşbəxtəm ki, insanlar tərəfindən o hörməti qazana bilmişəm. İndiyə qədər həbsxanada mənə qarşı heç kim kobud davranmayıb.
- Gördüyünüz işlərə görə, sizə zəng edib təhdid edənlər olub?
- Xeyr, mən elə bir insan deyiləm ki, kimsə məni təhdid edə bilsin. Məni təhdid edən insanın gərək ikibaşı, dörd ayağı olsun.
- Sizi müharibə vaxtı döyüşlərdə iştirak etmədiyinizə görə qınayanlar da oldu.
- Mən yayda cənab Prezidentin çıxışından sonra könüllü olaraq cəbhəyə yazıldım. Sonra yenə bir dəfə də cəhd etdim. Ancaq məni çağırmadılar. Döyüşlər başlayanda bir də müraciət etdim, dedilər lazım olanda çağıracağıq, amma çağırmadılar. Sentyabrın 27-si hərbi əməliyyatlar başlayanda, cəbhəyə yollandım. Məni görəndə, oradan uzaqlaşdırmaq istədilər. Lakin əsgərlərlə qalıb heç olmaya onlara qulluq etməyə, onların içində qalmaq üçün xahiş etdim.
Beləcə neçə gün əsgərlərlə səngərdə qaldım. Sonra yenə tutuldum, getdim dincəlməyə (gülür) Kim deyir ki, mən döyüşməmişəm?
- Heç erməni əsgəri məhv etdiz?
- Onu qoy deməyim, bu məndə sirr olaraq qalsın. Xarici düşmənlərimizdən başqa içimizdə daxili düşmənlərimiz var. Onsuz başım bəlalıdır, gözü götürməyənlərim çoxdur.
- Hələ söz vermisiniz ki, Şuşa həbsxanasında da yatacaqsınız?
- (Gülür) Hə, yəqin ki, yenə kimsə ortaya çıxıb məni turdurub, ora yollamaq istəyəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?