“Payızda doğulduq, payızda tanış olduq, payızda sevdik bir-birimizi... Amma elə payızda da ayrıldıq... İndi bilmirəm payızı sevim, ya yox?!...” Həyatının ən önəmli hadisələrini məhz bu fəsildə - payızda yaşadığını deyən müğənni Xədicə Abbasova ilə bu görüşümüz də payız fəslində gerçəkləşdi. Bir zamanlar məşhur olan Xədicə Abbasova yaddaşlarda daha çox sevgisi ilə qaldı desək, yanılmarıq. Mərhum bəstəkar Emin Sabitoğlunun ikinci həyat yoldaşı Xədicə xanım illər sonra sevgi dəftərçəsini Ailem.az-la birlikdə vərəqlədi.
Evli kişi bəyənmədiyi “qara-mara” qıza vuruldu...
- İstəyirəm lap əvvəldən başlayaq. Necə tanış oldunuz?
- O gün heç yadımdan çıxmır. Çox gülməlidi. Bir gün müəllimim Rəşid Behbudov dedi ki, sabah bəstəkar Emin Sabitoğlu gələcək. Bəyəndiyi ifaçıya mahnı verəcək. İnanın, o gecə demək olar ki, gözümə yuxu getmədi. Səhərə qədər onunla ilk görüşümüzü fikirləşdim. Həyəcandan birtəhər olurdum ki, Emin Sabitoğlunu görəcəm, mənə mahnısını verəcək. Səhər dəhlizdə o başa, bu başa gedib onu gözləyirdim. Bir də gördüm ki, balaca boy, qıvrım saç, qəribə yerişi olan bir kişi gəldi. Onda mənim uzun, qara saçlarım var idi. Oğlan rolu verildiyi üçün saçımı yığıb başıma papaq qoydular. Emin müəllim məni görəndə dönüb Rəşid Behbudova dedi ki, budu sənin ifaçın?! Bu, nədi, qara-mara bir qızdı ki... Bundan müğənni olar?! İnanın, bu cümləni eşidəndə bütün həyatım darmadağın oldu. Gecəni yatma, onunla bağlı xəyallar qur, o da gəlib desin ki, bu nədi, qara-mara bir qızdı. Üzünə deyə bilməsəm də,ürəyimdə deyinirdim ki, “sən bir buna bax, mənə tülkü ilə bağlı mahnı gətirib sonra da deyir ki, bundan müğənni olar”.
- Bəs necə oldu ki, o kişi “qara-mara” dediyi qızı bu qədər çox sevdi ?
- Hər zaman bunu demişəm və ölənə kimi də deyəcəm. Bəziləri inanır, bəziləri isə yox. Amma mən özüm də bilmədən, göstərdiyim diqqət sayəsində Emini özümə aşiq etdim. Heç vaxt ağlıma da gəlməzdi ki, bizim aramızda bu cür münasibət olar. Çünki onu bir bəstəkar kimi çox sevirdim. Həyat yoldaşım olacağını düşünmürdüm. O ki qaldı qara-mara qıza, ikinci görüşümüzdə artıq o qara-mara qızdan əsər-əlamət qalmamışdı (gülür). Çünki mən artıq çox sevilən, hamının diqqət mərkəzində olan bir müğənni idim. Böyümüşdüm, bir az da qəşəngləşmişdim. Yəni uşaq görünüşünü gənc xanım görünüşü əvəz etmişdi. Bir çox ölkələrə qastrol səfərinə gedirdim. Axırıncı dəfə İsveçrədən qayıdanda mənim üçün kokteyl təşkil olunmuşdu. Emin Sabitoğlu ilə ikinci dəfə orda görüşdük. İçəri girən kimi hamıya göstərməyə çalışırdı ki, mən bu qızı öncədən tanıyıram. Yaxınlaşıb “ay Xədicə xanım, bu, sizsiniz? Necə gözəlləşmisiniz”, - dedi. Mən də bilərəkdən özümü elə apardım ki, guya onu tanımıram. Dedim ki, bağışlayın, siz kimsiniz ki, tanımadım. O vaxtkı təhsil naziri Emin müəllimin pərt olduğunu görüb dedi ki, ay Xədicə xanım, necə ola bilər ki, siz tanımayasınız. Bu bəstəkar Emin Sabitoğludur. Mənsə cavabında özüməməxsus üz cizgisi ilə “həə, yadıma düşdü, siz mənə qara-mara qızdı deyən şəxssiniz. Xatırladım sizi” dedim. Emin Sabitoğlu da qayıtdı ki, “Xədicə xanım, hesab 1:1 oldu” (gülür).
- Bəs ilk sevgi etirafı necə oldu?
- Əslində bu suala cavab vermək çox çətindir. Çünki bu, zamanla baş verdi. Mənə tamaşada rol vermişdilər. Ona görə də Emin müəllimlə tez-tez görüşürdük, birlikdə işləyirdik. Hər zaman içkili olurdu, geyimi səliqəsiz idi. İstəməzdim ki, dediyim sözlərlə kiminsə ürəyini qırım, amma bu, bir faktdır. Hər dəfə Emin müəllimə deyirdim ki, içməyin, evinizə gedib normal yeməyinizi yeyin. Axı nə vaxta kimi “buterbrot” yeyəcəksiniz. Tez-tez bizim evin pəncərəsinin altındakı skamyada oturub gözləyirdi ki, nə vaxt eyvana çıxacam, məni görəcək. Axırda bir gün anam dedi ki, “Emin müəllim hər gün məhəlləmizə gəlirsiniz, bu, doğru deyil, qızım haqqında müxtəlif fikirlər yaranacaq. Həm də axı sizin ailəniz var, gedin evinizə”. Onda Emin anama dedi ki, “mənim Xədicə kimi həyat yoldaşım olsaydı, heç vaxt evdən çıxmazdım”. Həqiqətən də belə oldu. Biz ailə qurandan sonra o, mənim yanımdan bir an olsun belə ayrılmırdı. Deyirdim ki, nə olar, get dostlarınla görüş, mən də evdə işimi görüm.
“Mən Eminə ikinci həyat, isti yuva bəxş etdim”
- Aradakı 20 yaş fərq və üstəlik də evli biri kişi... Bu, heç də asanlıqla qəbul olunacaq bir məqam deyil. Valideynləriniz necə oldu ki, bu evliliyə razılaşdı?
- Əvvəl-əvvəl razı olmadılar. Biz 1974-cü ildə ilk dəfə tanış olduq. Mən onda uşaq idim. 5 ildən sonra isə yenidən görüşdük. Amma bu görüşdən sonra artıq yavaş-yavaş zamanla sevgi yarandı. Və 1987-ci ilə qədər mübarizə apardıq. Atam qəti şəkildə etiraz edirdi. İllər sonra o da razılaşdı və Eminə dedi ki, sən ailə məsələni həll et, sonra bu barədə danışarıq. Çünki o vaxtlar Emin hələ də rəsmi şəkildə ailəli idi. Deyirlər Xədicə ailə dağıtdı. Amma bu, əsla belə deyil. Əksinə, mən Eminə ikinci həyat, isti yuva bəxş etdim. 13 il birlikdə xoşbəxt yaşadıq. Baxmayaraq ki, çoxları bunu qəbul edə bilmirdi. Hətta bir dəfə çox məşhur bir xalq artisti mənə dedi ki, "əgər vaxtında səni tanısaydım, bu cür yaxşı olduğunu bilsəydim, onda heç vaxt sizi ayırmağa çalışmazdım. İndi çox peşmanam ki, Eminin ilk həyat yoldaşı ilə birlikdə falçıya getmişəm".
- Bəs Emin Sabitoğlunun anası sizi gəlini kimi qəbul edirdi?
- Yox, o, məni gəlini kimi qəbul etmirdi. O, Eminin ilk həyat yoldaşını daha çox istəyirdi. Eminlə həyat yoldaşı ayrılandan sonra da birinci gəlini onunla birlikdə qalırdı. Bir-birilərinə çox öyrəşmişdilər. Əlbəttə, belə olan halda mənə münasibət heç də ürəkaçan olmamalı idi. Amma zamanla hər şey dəyişdi. Çünki oğlunun xoşbəxt olduğunu görürdü. Bundan sonra o, məni gəlini kimi qəbul etməyə başladı.
- Emin Sabitoğlunun birinci xanımı ilə hər hansısa münaqişəniz olurdu?
- Yox, biz ikimizdə səviyyəli xanımlarıq. Heç vaxt belə şey ola bilməzdi. O da başa düşürdü ki, onların ailəsi məndən öncə dağılmışdı. Hətta illər sonra Emini məcbur etdim ki, birinci xanımı ilə barışsın. Çünki onların bir övladı var idi.
- Bəs qısqanclıq hissi?
- Yox, qətiyyən. Niyə qısqanım ki?! Bilirdim ki, artıq hər şey keçmişdə qalıb. İndi o, mənim həyat yoldaşımdı. O, heç vaxt mənə xəyanət etməzdi.
“Oğlan uşağı dünyaya gətirmişdim…”
- Hamı elə bilir ki, sizin övladınız olmayıb. Əslində isə...
- Mənim uşağım Emin oldu. Corabını da geyindirdim, ayaqqabısını da. Əslində iki dəfə ana olmaq sevincini yaşama ehtimalım oldu. Birinci uşaq dünyaya gəlmədən ana bətnində öldü. İllər sonra yenidən bu sevinci yaşadım. Bu dəfə bir oğlan uşağı dünyaya gətirdim. Lakin o da çox yaşamadı.
- Hər bir ailədə problem, anlaşılmazlıq olur. Adətən nəyə görə mübahisə edirdiniz?
- Əlbəttə, hər bir ailədə problem olur. Amma inanın ki, bizim ailədə cəmi bir dəfə münaqişə oldu, o da ölümündən öncə. Atası Sabit Rəhmanın yubileyinə görə Azərbaycana gələcəkdik. Dedim ki, getmə, gözlə 5 gün sonra birlikdə gedərik. Sanki əcəl onu aparırdı. Mənimlə dalaşdı, əlini stola çırpıb “gedəcəm, vəssalam”, - dedi. İşdən mənə icazə verilmədiyi üçün tez gələ bilmədim. O, noyabrın 12-də gəldi. Hətta hava limanında bir-birimizdən heç ayrılmaq istəmirdik. Sanki hiss etmişdik ki, bu, sonuncu görüşdü. Dəfələrlə dönüb bir-birimizə baxdıq. Noyabrın 17-si sonuncu dəfə gecə saat 01:00-da onunla danışdım. Bir az şikayətləndi. Dedi ki, çay istəyirəm, amma verən yoxdu. Deyəsən evdəkilər deyib ki, gecə vaxtı çay dəmləmirik. O isə buna öyrəşməmişdi. Mən onun hər istədiyini edirdim. Dedim narahat olma səhər gəlirəm. Mənim üçün gül bağlatdırdığını dedi. Amma qismət olmadı, 3 saat sonra dünyasını dəyişdi. O görüşə gecikdiyim üçün özümü hələ də bağışlaya bilmirəm. Baxmayaraq ki, mənim edə biləcəyim bir şey yox idi.
- Hələ də bir qism insanlar düşünür ki, siz Emin Sabitoğlu ilə onun şöhrətinə, puluna görə ailə qurmusunuz...
- Düzdü, Emin Sabitoğlu qədər məşhur deyildim. Amma buna baxmayaraq, o vaxtlar mən də çox sevilirdim, tanınırdım. Söhbətin əvvəlində ikinci görüşümüzlə bağlı danışdıqlarım yəqin bunu bir daha sübut edir. O ki qaldı puluna, onun evləri ola-ola biz kirayədə qaldıq. Əgər madiyyata görə ailə qursaydım, onda heç vaxt özümdən 20 yaş böyük insanla ailə qurub kirayədə qalmazdım. Əksinə, mən özüm Emin Sabitoğlunun evlərindən imtina etdim. Və o ev Eminin birinci həyat yoldaşına qaldı. Mənsə Türkiyədə çıxartdığım kasetin, bir də Eminin hədiyyə etdiyi qızılların pulu ilə ev aldım.
“Emin xəyanət ediləcək bir kişi deyildi...”
- Bəs o evlərin aqibəti necə oldu? Niyə Azərbaycanda yox, Mərakeşdə qalmağa qərar verdiniz?
- Noyabrın 18-də Emin dünyasını dəyişdi. 25-də isə sanki şeytana uymuşdum, gedib evimizi satdım. Əslində indi çox peşmanam. Amma neyləyim buralarda qala bilmədim. Bu gün Mərakeşdə musiqidən çox uzaq bir işlə məşğul oluram. Emin indi məni görürsə, bəlkə də öz-özünə deyir ki, “bu qız dəli olub, qapı-pəncərə hara, Xədicə hara?” Amma neyləyim, başqa yolum yox idi. Eminsiz musiqi ilə məşğul ola bilməzdim. Heç burda qala da bilməzdim. Çox çətin idi. Gözüm hər yerdə onu axtarırdı. Bəlkə də elə bu səbəbdən vətənimi tərk etməli oldum. Uzaq bir ölkədə - Mərakeşdə tək qalmağı seçdim.
- Bəzən insan kiməsə sadiq olmaq istəsə də, bu, mümkün olmur. Ən zəif anında qarşısına çıxan biri hər şeyi dəyişir...
- Qarşısına çıxan biri dediniz... Axı ikinci Emin yoxdu. Bəlkə də mən istəmirəm ki, ikinci Emin olsun. Mən Eminə necə xəyanət edə bilərəm?... Heç bu barədə düşünmək belə istəmirəm. Çünki Emin xəyanət ediləcək bir kişi deyildi.
- Yenidən sənətə qayıtmağınızı istəyənlər çoxdur. Açığı, sizdə də bu həvəs hiss olunur. Belə olan halda sizə nə mane olur?
- Düzdü, mən də hərdən oxumaq istəyirəm. Amma inanın ki, alınmır. Oxumağa başlayan kimi Emin gözümün önünə gəlir və sanki mane olur. Əslində o, mənim sənətçi kimi fəaliyyət göstərməyimə heç vaxt narazı olmayıb. Amma başqaları ilə işləməyimə də razı olmurdu. Yalnız onun mahnılarını oxuyurdum. Kimsə mahnı təklif edəndə də müxtəlif üsullarla mane olurdu. Bir də görürdüm ki, artıq iş alınmadı (gülür).
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?