Daha çox öz sənəti və musiqiləri ilə məşhur olan bir çox müğənnilər və aktrisalar həm də xeyriyyə işləri ilə dünyanın diqqət mərkəzindədirlər.
Məsələn, Hollivudun məhşur kinoulduzu Ancelina Coli ən çox yardım edən tanınmışlardan biridir. O, hər il münaqişə bölgələrinə baş çəkir, Afrika və başqa yoxsul ölkələrdə yaşayan insanlara yardım edir. Hətta aktrisa bir necə kimsəsiz uşağı övladlığa götürüb.
Məşhur müğənni Rihanna isə doğulduğu Barbadosda bir xəstəxanaya 1.7 milyon dollarlıq yardım edib. Bundan sonra bildirib ki, bu, ölkəmə vəfa borcumu ödəmənin bir yoludur.
Müğənni Selena Qomez də dünyada ən çox xeyriyyə işləri ilə məşğul olan ulduzdur. Yaxınlarda o UNİSEF-ə böyük miqdarda pul verib, ancaq pulun miqdarını açıqlamayıb.
Daima qalmaqalla yadda qalan Ledi Qaqa qəribə görünsə də, indi müsəlmanlara yardım edir. Bununla yanaşı o, Sendi qasırğasından zərər çəkənlərə 1 milyon dollar yardım edib.
Bəs görəsən Azərbaycanda necə, müğənnilər xeyriyyə işləri ilə məşğul olurlarmı? Bu sualla da müğənnilərdən bir çoxuna müraciət etdik və belə bir mənzərə ortaya çıxdı. Cavabları şərh etmədən və olduğu kimi də təqdim edirik.
Heç vaxt şəxsi pulumdan xeyriyyə üçün istifadə etməmişəm
Azərbaycanın xalq artisti Flora Kərimova sonuncu dəfə 2-3 ay bundan qabaq xeyriyyə tədbirlərində iştirak etdiyini bildirdi: “Hardan zəng vururlarsa, ora da gedirəm. Əgər uşaqlar üçün xeyriyyə tədbiri keçirilirsə, tədbirin harada keçirilməsi barədə heç bir sual vermirəm. Mən onların bir anlıq sevincinə səbəb oluramsa, niyə də olmasın?” Flora xanım əlavə etdi ki, o heç vaxt şəxsi pulundan xeyriyyə üçün istifadə etməyib: “Onsuz da mənim 3-5 manatım heç bir problemi həll etməyəcək. Bir də xeyriyyə tədbirlərindən əldə edilən pulların kimsəsizlərə yardım üçün istifadə olunduğuna da inanmıram. Buna özüm şahid olmuşam, uşaq evlərinə heç nə çatmır, onların adından istifadə edirlər. Mənim o konsertlərə getməyimə gəlincə, sadəcə, vəzifə borcumu yerinə yetirirəm. Amma son zamanlar daha çox şübhə ilə getməyə başlamışam”.
Müğənni Xumar Qədimova ehtiyacı olan, ana qayğısından məhrum uşaqlara tez-tez baş çəkdiyini, onlara yardım etdiyini bildirdi: “Mən kimsəsiz uşaqlara yardım etməklə yanaşı, həm də xeyriyyə konsertlərində iştirak edirəm. Bu mövzular həmişə diqqətimdə olub. Amma bu barədə danışmağı sevmirəm. Edilən xeyriyyə işləri barədə danışmaq doğru deyil. Tək onu deyə bilərəm ki, sonuncu dəfə etdiyim yardım üç gün bundan qabaq olub”.
Mənim nə sexlərim, nə də dükanlarım var…
Xalq artisti Mübariz Tağıyev isə bu cür yardımlaşmalarda iştirak etmək istədiyini, lakin maddi durumunun buna imkan vermədiyini bildirdi: “Mən də bu cür yardımlarda iştirak etmək istəsəm də, təəssüf olsun ki, maddi imkanlarım buna imkan vermir, öz aylıq ehtiyaclarımı çətinliklə ödəyirəm. Mənim nə sexlərim, nə də dükanlarım var. Bir də yardım etmək təkcə ondan ibarət deyil ki, kiməsə maddi nəsə verəsən, bəzən diqqət belə ən böyük yardım ola bilər”.
Uzun müddətdir ki, efirdə görünməyən Akif İslamzadə isə təəssüfləndi ki, 140 manat gəliri ilə bu cür xeyirxah işlərdə iştirak edə bilmir:
“Özüm 140 manat pul alıram. Təəssüf olsun ki, bununla heç bir xeyriyyə işlərində iştirak etmək mümkün deyil. Amma çox gəlirim olsaydı, məmnuniyyətlə iştirak edərdim”.
Elədiyini demək ən böyük qəbahətdir
Müğənni Faiq Ağayev isə etdiyi bu əməlləri dilə gətirməyi düz hesab etmir: “Mən bu cür sualları cavablandırmağı düz hesab etmirəm və etdiyini deməyi o qədər çirkin sayıram ki, bu barədə danışmaq belə istəmirəm. Əgər kimsə bu barədə danışırsa, bunu reklama görə edir. Bütün media mənsublarından da xahiş edirəm ki, mənim ürəyimə və cibimə müdaxilə etməsinlər.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?