«İnsan beyni özündə bir çox xəstəliklərin səbəbini birləşdirir». Bu fikri hələ eramıza qədər qədim yunan alimi Hippokrat deyib. Hazırkı rəsmi məlumatlara görə, dünyadakı insanların 50 faizdən çoxu əzələ xəstəliklərindən, o cümlədən, insultdan, baş ağrılarından, depressiyanın ağır formasından və alçqeymerdən (qocalıq, ağıl zəifliyi) əziyyət çəkir. Bütün bunlar beynin patologiyasıdır. Alimlərin bildirdiyinə görə, tibb elmi bir çox hallarda bu xəstəliklər qarşısında acizdir.
Avropa alimlərinin bildirdiyinə görə, qitənin hər üç sakinindən biri bu və ya digər beyin xəstəliyindən əzab çəkir. Böyük maliyyə xərclərinə baxmayaraq, müalicənin effektivliyi aşağı səviyyədə qalmaqdadır. Beyin xəstəlikləri isə genişlənməkdə davam edir. Hətta qeyd edilib ki, 2030-cu ilə qədər beyin xəstəlikləri AİDS-i önləyəcək. Belə ki, insan beyninin sağlamlığı və ümumi sağlamlıq 20 faiz genetikadan asılıdırsa, 80 faiz həyat tərzindən və tibb elmindən asılıdır.
Bu günlərdə Moskvada keçirilən «Beynin ekologiyası» beynəlxalq konqresində də bu qorxuducu faktlar müzakirə olunub və dünyanın görkəmli alimləri "Sürətlə ötən zaman bizim beynimizi də mobilləşdirib – insan daha çox düşünür, daha çox işləyir, ancaq yaxşı əhval-ruhiyyədə olurmu? Bəs insan beynini zamanın qəsdindən necə müdafiə etməli?” suallarına cavab axtarıblar. İ.M.Seçenov adına MDTU-nin professoru Aleksey Danilov «Son illər elmi araşdırmalar sübut edib ki, insan beyninə təkcə qidalanma, dava-dərman, ev və ətraf mühit, mədəniyyət və incəsənət, təbii landşaft, hətta, geyim də təsir edir» - deyə bildirib. Onun sözlərinə görə, bu gün insan beyninə daha çox elektromaqnit şüalar və ətraf mühit təsir edir. Belə ki, internet, mobil telefonlar, müxtəlif qadjetlər və başqa elektron məmulatlar beynin az qala düşməninə çevrilib. Mütəxəssislər bu təsiri qurtarması mümkün olmayan «elektromaqnit ölüm» adlandırırlar. Baxmayaraq ki, həmin elektron köməkçilər bir çox funksiyaları – nəyisə yada salmağa, hesablamağa, əlaqə yaratmağa daha yaxından kömək edir, bununla bərabər balaca, yüngül vasitələri cibdə gəzdirmək ziyanlıdır – onların elektromaqnit şüaları beynin qocalmasını sürətləndirir.
Yuxunun möcüzəsi
Alimlərin gəldiyi ikinci nəticə yuxu çatışmazlığı – sutkada 5 saatdan az yatmaqla bağlıdır. İnsanlar planetdə daha çox təbii bioritmin pozğunluğundan əziyyət çəkirlər. Avropada və ABŞ-da – 10-20 faiz əhali şirin yuxunun çatışmazlığını hiss edir. Ancaq yuxunun və tsiklin pozğunluğu çox tez orqanizmin sağlamlığına və beynin işləməsinə təsir edir. Çikaqo Universiteti alimlərinin araşdırmalarına görə, sutkada 5 saatdan az yatan kişilər əhəmiyyətli dərəcədə cinsi hormonların zəifləməsindən əziyyət çəkənlərdir. Belə ki, testosteronun çatışmazlığı güc və enerjini azaldır. Bundan əlavə, həmin adamlarda pis əhval-ruhiyyə, ümumi zəiflik hiss olunur. Tam olmayan yuxu və saatın qəfil zənginə ayağa qalxmaq və digər faktorlar gün ərzində orqanizmin bioloji ritminin zəifləməsinə səbəb olmaqla xroniki stress və digər müxtəlif xəstəliklərə yol açır. Sağlam yuxu isə hətta artıq çəki itkisinə kömək edir. Artıq çəkidən xilas olmağın ən yaxşı nəticələrindən biri kimi stress azlığı və 6-8 saatdan az yatmamaq göstərilir. Hətta, il ərzində bir yuxusuz gecə psixomatik xəstəliklərin inkişafı qorxusunu və ağıl zəifliyi riskini 5 dəfə artırır. Gün ərzində reallaşan 40-60 dəqiqəlik yuxu stressdən sonra arterial təzyiqi bərpa edir. 8 saatlıq yuxu vaxtsız qocalmanın qarşısını alır.
Fiziki təlimlər, düzgün qidalanma və sosial aktivlik
Beyinin sağlamlığı üçün vacib şərtlərdən biri insanın xarakteri, yemək mədəniyyəti və keyfiyyəti hesab edilir. «Beynin fəaliyyəti başqa orqanlar kimi mədə-bağırsağın fəaliyyətindən asılıdır» - deyə konqresin xüsusi qonağı, avstriyalı alim Harold Ştossiyer bildirib. «Yemək vərdişləri və aclıqla insan beyninin fəaliyyətini necə yaxşılaşdırmalı?» sahəsində tədqiqatlar aparan alim bildirib ki, fiziki təlimlər, düzgün qidalanma və sosial aktivliyi gücləndirməyə ehtiyac var. İnsanın sağlam olub çox yaşaması üçün bu üç şərtə – düzgün qidalanmaya, fiziki və əqli yüklənməyə diqqət yetirməsi lazımdır. Alimlər bildirirlər ki, insan intellektual işlə məşğul olanda onun həyatının məqsədi və mənası olur. Belə ki, bu, həyatı uzatmağa kömək edir: «Biz bəzən deyirik, iki adam eyni cür qidalanır, hərəkət edir, ancaq biri qocalıq yaşına qədər yaşayır, o birisi heç təqaüd yaşına çatmır. Biz öz qidalanmağımızı tənzimləməklə hətta öz əhval-ruhiyyəmizə və cəmiyyətdəki davranışlarımıza təsir edə bilərik”. İnsanın ətrafında baş verən dəyişikliklər də beyin xəstəliklərinə yol açır. Hazırda dünya əhalisi özünü stressdən qorumaq üçün müxtəlif yollar seçir. Belə ki, 46 faiz televizora baxır, 43 faiz musiqi dinləyir, müəyyən bir qismi alkoqolun köməyindən istifadə edir, bəziləri xüsusi medikamentlər qəbul edir, müəyyən qisim insanlar idmanla, bəziləri sekslə məşğul olur, müəyyən qismi də yoqaya və ya meditasiyaya qaçır. Həmçinin mütaliə stressi 68 faiz azaldır və yaşlı dövrdə ağıl zəifliyi riskinin qarşısını alır.
Teatr insultdan peyvənd kimi
Konqresdə qeyd olunub ki, son illər muzeylərə, teatra getmək, klassik musiqi dinləmək beynin müəyyən hissələrinin fəaliyyətini yaxşılaşdırır və zövq almaq hissini artırır. 160 iş üzərində aparılan analizlər sübut edib ki, məmnunluq və xoşbəxtlik hissi, pozitiv əhval-ruhiyyə ömrü uzadır. Məlum olub ki, xoşbəxt adamlar 8 il daha çox yaşayırlar. Pessimist adamların həyatı ilə müqayisədə onların həyat keyfiyyətləri əhəmiyyətli dərəcədə yüksəkdir. Mədəniyyət və sağlamlıq sıx bağlıdır. F.M.Dostayevskinin «Gözəllik dünyanı xilas edəcək, əgər o, xoşməramlıdırsa» fikri bu gün özünün neyrobioloji əsaslanmasını qazanıb. O, sübut edib ki, musiqi bəstələyənlərə minnətdar olmaq lazımdır ki, antidepressant kimi hər 4 adamdan birinin həyatını xilas edir. Teatra, kinoya gedən insanlar özlərini insultdan peyvənd edirlər. "Sağlamlıq mərkəzləri, mədəniyyət və istirahət parkları çoxalmasa, bir çox ölkələrdə dərman vasitələrinin hipermarketləri yaranacaq” - deyən alimlərin fikrincə, rəsm salonunda bir əsəri seyr etmək beynə qan axınını 10 faiz gücləndirir. Təkcə konkret əsərə baxış xoşbəxtlik gətirmir, ümumilikdə mədəni həyat – muzeylərə, teatrlara və konsertlərə getmək, ölkələrə səyahət insanı xilas edir. Motsartın musiqisi diqqəti konsentrasiya edir və beynin məhsuldarlığını artırır. Hormonik musiqi insanın öz diqqətini cəmləşdirməsinə kömək edir. Alimlər tədqiqatlarda iştirak etmək üçün 8-9 yaşlı 25 uşağı və 65-75 yaşlı 25 yaşlı adamı dəvət ediblər. Bütün iştirakçılar 3 dəfə psixoloji testlərdən keçib və tapşırıqların yerinə yetirilməsinin sürəti yoxlanılıb. Onlar ilk tapşırığı Motsartın musiqisi altında yerinə yetiriblər. İkinci versiyada qarışıq musiqi seçilib, üçüncü dəfə isə tapşırıqlar sakitlikdə yerinə yetirilib. Motsartın musiqisi daha çox uşaqların yaxşı nəticə göstərməsinə kömək edib. Maraqlıdır ki, Baxın musiqisi həmin effekti verməyib. Ona görə də İsrail alimləri hətta, inkişaf etməmiş uşaqların reabilitasiyası üçün məhz Motsartın musiqisini məsləhət görürlər. Bundan əlavə, şahmat oynamağın üstünlükləri də önə çəkilir. Belə ki, şahmat oynayan insanlar intellektual baxımdan başqa insanlardan fərqlənirlər. Oyun zamanı beynin hər iki yarımkürəsi hərəkətdə olur və sinxron iş yarımkürənin düşüncəli və potensialının artırılmasına yardım edir. Şahmatla məşğul olan uşaqlar imtahanlardan ən yüksək bal toplayırlar. Bunu isə təhsil üzrə Kalmıkiya Respublikasının Federal Nəzarət Xidməti məlumat verib. Onlar hesab edirlər ki, şahmat tədris proqramına mütləq daxil olunmalıdır. Belə ki, şahmat təkcə uşaqların beyninə təsir etmir, eyni zamanda, yaşlıların beynində demensiyanın (ağıl zəifliyi, yaddaş pozğunluğu) inkişafının qarşısını alır. Elm sübut edib ki, insanın sağlamlığında televizor qarşısında və ofisdə oturaq iş şəraiti mühüm rol oynayır. Əgər insan ofisdə 8-10 saat vaxt keçirirsə, bu, onun sağlamlığına siqaret qədər ziyan vurur. Əgər bu faktorlar birləşərsə, risk daha da çoxalır. Belə ki, əgər insanlar oturaq iş şəraiti ilə bərabər idmanla məşğul olarlarsa, beyin sistemi güclənir və qanda endorfinlərin miqdarı artır. Beyinin sağlamlığı və ağıl potensialının inkişafına intellektual oyunlar da kömək edir.
İdman hərəkətləri neyronları zədələnmədən qoruyur
Tədqiqatlar göstərir ki, idmanla məşğul olmaq beynə təkcə müsbət təsir etmir, hətta, onu qoruyur. İdman hərəkətləri zamanı məşqlər neyronları müdafiə edir. Fiziki yük şagirdlərin dərsə davamiyyətini əhəmiyyətli dərəcədə artırır. Alimlər 5 min yeniyetmə üzərindəki müşahidələrindən sonra qərara gəliblər ki, idmanla məşğul olan uşaqların ingilis dili, riyaziyyat və təbii elmlər üzrə imtahanlardan aldıqları qiymətlər əla olub. Hər 17 dəqiqəlik məşq gənc oğlanların, 12 dəqiqəlik məşq isə qızların yaradıcılığına təsir edib. Məşqlər həmçinin zədələnmədən sonra da beynin bərpasına kömək edir. Buna görə də travma alan beyinlərə sakitlikdən daha çox fiziki aktivlik lazımdır. Bunun üçün alimlər müxtəlif 10-15 dəqiqəlik tapşırıqlar hazırlayıblar. Eksperimentlərin gedişatında alimlər idmançıların vəziyyətini müntəzəm izləyiblər və 3 həftədən sonra onların özlərini yaxşı hiss etmələri məlum olub. Daha 3 həftədən sonra isə alimlər yeni tapşırıq rejimi müəyyənləşdiriblər və bu, idmançıları bir neçə ay izləyib. Eksperimentlərə görə, əksər iştirakçıların beyin travması simptomları tamamilə yoxa çıxıb.
Rusiya alimləri ilk dəfə olaraq bütün növ sağlamlıqlar – fiziki, emosional, sosial, psixi, mənəvi sağlamlıq üçün bütün qüvvələrini birləşdiriblər. Onlar demək olar ki, müxtəlif qrup əhaliyə tövsiyə xarakterli - qidalanma, fiziki aktivlik, seksual sağlamlıq, ev və ofis şəraiti, gün rejimi, yuxu, mədəniyyət və incəsənət, uzunömürlülük, kommunikasiya incəsənəti, innovasiya metodikasını əhatə edən materiallar hazırlayıblar.
Alimlər inandırırlar ki, düzgün həyat tərzi uzunömürlülüyə – 120 il yaşamağa təminat verir.
Sorğu
Yeni dizaynımız necədir?