“Chrysler”in istehsal etdiyi avtomobillərin təhlükəsizlik yastığında problem yaranıb.
İtaliyanın “Fiat” konserni tərəfindən nəzarət olunan Amerikanın “Chrysler” avtomobil istehsalçısı təhlükəsizlik yastığındakı nasazlıq səbəbi ilə əlavə olaraq 3,3 milyon avtomobili geri çağırdığını elan edib.
Servis aksiyası 2004-2007 model ilinə aid “Dodge Ram”, “Mitsubishi Raider” və “Dodge Dakota” pikaplarını, “Dodge Durango” və “Chrysler Aspen” yolsuzluk avtomobillərini, “Chrysler 300” və “Dodge Charger” sedanlarını, həmçinin “Dodge Magnum” universal avtomobilini əhatə edir.
Geri çağırılan avtomobillər Yaponiyanın “Takata” şirkəti tərəfindən istehsal olunmuş nasaz təhlükəsizlik yastıqları ilə təchiz olunub. ABŞ-ın şose yollarında hərəkətin təhlükəsizliyi üzrə idarəsi ölkənin cənub ştatları üçün xarakterik olan yüksək rütubət şəraitində bu yastıqların düzgün açılmaya və hətta açılarkən avtomobilin salonundakı insanı metal hissəciklərlə yaralaya biləcəyini müəyyən edib.
Geri çağırılacaq nasaz avtomobillərin 2,9 milyonu ABŞ-da, qalanı isə Kanada, Meksika və başqa ölkələrdə satılmışdı. Bu nasazlıq səbəbi ilə ABŞ-da dörd nəfərin həlak olduğu, 40-dan çox insanın isə yaralandığı məlumdur. “Chrysler” geri çağırılan bütün avtomobillərdəki nasaz təhlükəsiz yastıqlarını pulsuz dəyişməyə söz verib.
“Takata” kompaniyasının təhlükəsizlik yastıqları ilə təchiz olunmuş avtomobillərin kütləvi şəkildə geri çağırılması bu ilin aprel ayından başlanılıb. İndiyə qədər ABŞ-da bu nasazlıq səbəbi ilə 15 milyon, dünyada isə 22 milyon avtomobil geri çağırılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?