Həyatda çox mübhəm və sirli hadisələr var. İnsan oğlunun aça bilmədiyi maraqlı və hələ də bağlı qalan məsələlər mövcuddur.Bəzən insanlar maraqlı və sirli təbiət hadisələrini elmi yollarla aça bilməyəndə əlacsız qalırlar. Halbuki, bu cavabsız suallara yeganə dini və elmi cavab İslam elminin dərinliklərində vardır. Bu gün sizə yaradılış aləmində öz gözəl səsi və zahiri gözəlliyi ilə seçilən, adı insan oğlunun ədəbi əsərlərində (şeir, dastan və qəzəllərdə) özünə xüsusi bir yer qazanan bir quşdan danışacağıq. Bu nəğməkar quş, bülbüldür! Bülbülün səsi və nəğmələri nə üçün bu qədər şirin və doğmadır Adəm (ə) övladına? Canlı aləmdə çox oxuyan quşları tanıyırıq. Bəs nə üçün bülbülün nəğməsi bu qədər şirin və ürəyə yatandır insana? Qarğanın səsi hara, bülbülün nəğməsi hara? Bayquş da bir quşdur. Amma, o oxuyanda insanlar vahimələnir, bülbül nəğməsinə başlayanda isə insanlar vəcdə gəlir. Bu əmmaların arxasında nə durur? Bütün bu suallara cavab tapmaq üçün sizə növbəti hekayəmizi təqdim edirəm. Rəvayətə görə Hz.İbrahimi (ə) zamanın zalım hakimi Nəmrud məlun yanar tonqala atmağı əmr edir. Bu zaman İbrahim Xəlilullahın (Allahın dostu) atıldığı o böyük tonqalın ətrafına bütün mələklər, vəhşi heyvanlar və quşlar toplaşıb ağlayırlar. Onlar Allahın dostu Hz.İbrahim (ə) kömək etməyin yolllarını axtarıb bir çarə tapmaq istəyirlər.Bunların arasında zəif bir bülbül balası da var imiş. Bülbül əlindən heç nə gəlmədiyini görən zaman qərara gəlir ki, özünü yanar odların arasına atıb Hz.İbrahim(ə) –lə birlikdə yansın. O,oda atılmaq istədiyi an, Allah –Təala mələk Cəbrailə (ə) əmr edir ki, o quşu tutub saxlasın. Allah –Təala Cəbrailə (ə) buyurur : -O quşu tut və istəyinin nə olduğunu soruş ! Cəbrail (ə) bülbül balasını tutub ondan nə istəyi olduğunu soruşur. Zəif bülübül dilə gəlir : -Hz.İbraim Xəlilullahı kafirlər və zalımlar oda atırlar. Əgər mən o Allah dostuna kömək edə bilmirəmsə, barı onunla bir yanım ki, bu zülmü görməyim.Onun üçün özümü tonqala atıram. Bu gün mən haqqın cərgəsində, haqla bir sırada durmaq istəyirəm. Bülbülün bu cavabından sonra Allah-Təala : -Ey Cəbrail ! O quşun məndən istəyi nədir ? Nə istəsə, onun istəyini və diləyini yerinə yetirəcəyəm! Bülbül yenə dilə gəldi : -Mən dünyada Allahın gözəl isimlərini dilə gətirməkdən başqa heç nə istəmirəm. Mən Onun pak və gözəl adlarının aşiqiyəm. Onun min bir isminin olduğunu eşitmişəm.Bu günə qədər Rəbbimin yüz bir ismini öyrənib, budaqdan –budağa qonaraq, dağdan –dağa və ağacdan –ağaca uçaraq oxuyub zikr etmişəm. Amma, bilmədiyim doqquz yüz isminidə öyrənmək istəyirəm.Ulu Yaradan bu kiçik və zəif quşun hünəri və cəsarəti qarşılığında, onun istəyini qəbul edir.İndi bağçalarda və meşələrdə fəryad edib nəğmələr oxuyan bülbül Haqqın isimlərini bir-bir söyləməkdədir.N əmrudun qaladığı o böyük tonqalın atəşi və alovu isə Hz.İbrahim Xəlilullah üçün gülüstana döndü. Bu kiçik bülübül də, o gülüstanda bitən gül kollarının birinin budağına qonaraq öz nəğmələri ilə ətrafa səs saldı. O zamandan Qiyamət gününə qədər bülbül gülə aşiq oldu.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?