Məşhur «VikiLiks»in yaydığı sənədlərdə arxasında gizli İran maliyyəsinin dayandığı ifşa olunan «Bank of Baku»nun fəaliyyətinə qadağanın qoyulacağı hələ xeyli əvvəldən söylənilsə də, sonradan bu xəbərlər özünü doğrultmadı. Amma əldə etdiyimiz bilgilərdən aydın olur ki, «Royal Bank» kimi «Bank of Baku» da məhz İranın xüsusi xidmət orqanları ilə əlaqələri səbəbindən müflis elan olunmalı idi. Mənbəmiz bildirir ki, məşhur İran kökənli Oromi qardaşlarının nəzarəti altında olan «Bank of Baku»nun fəaliyyətinə qadağanın qoyulması qərarı sonradan dəyişdirilib: «Bəllidir ki, bu qardaşlar Bakıda təsadüfən deyillər və onlar Azərbaycanda hansı üsulla qalmağın mümkünlüyü yollarını da yaxşı bilirlər. Elə bu üsulla da qala biliblər». Mənbəmiz bildirir ki, eyni zamanda «Hyundai Auto Azerbaijan»ın, «Bacu Electronics»in və digər strukturların sahibi olan «Bank of Baku»nun əsas fiquru Oromi qardaşlarının «NAB» şirkətinin Azərbaycandakı paylarına məmurlarımızdan birinin ortaq qoşulması ilə vəziyyətdən çıxış yolu tapılıb: «Həmin məmura paylarının böyük hissəsini güzəştə gedən Oromi qardaşları bu yolla Azərbaycandakı bizneslərini qurtara biliblər». Onu da bildirək ki, «Bank of Baku»nu xilas edən məmurumuzun kimliyi də bəllidir. Amma əlimizdə yetərli sübutların olmaması bilgilərimiz yönündə müəyyən araşdırmaları zəruri edib. Yaxın vaxtlarda daha böyük materialı diqqətinizə təqdim edəcəyik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?