Ailəvi QOÇLAR yeknəsəqlikdən beziblər. Gündəlik həyatınız bal qədər şirin, musiqi qədər ecazkar olsa belə, siz hər şeyi dəyişmək qərarına gəlirsiniz. Yalnız bu dəyişmə prosesində çaşıb həyat yoldaşınızı da dəyişdirməyin! Yenilənmiş ailə həyatı proqramında birinci sırada romantik səyahət, daha sonra mənzilin dəyişdirilməsi və maraqlı insanlarla tanışlıqlar gəlməlidir. Subayları heyrətamiz görüşlər gözləyir, lakin siz hələ də dostluq münasibətlərinə üstünlük verirsiniz. İşdə də dəyişikliklər intizarındasınız, eyni zamanda bir neçə işlə məşğul olursunuz, başqa şöbədə staj keçməyə və ya ixtisasınızı artırmağa hazırlaşırsınız. İstənilən halda nəticələr parlaq olacaqdır. Başlıca məsələ isə budur ki, heç bir maliyyə problemi ilə üzləşməyəcəksiniz. İndi həm özünüzün, həm də yaxınlarınızın bütün şıltaqlarını gerçəkləşdirmək iqtidarındasınız.
Ailəvi BUĞALAR ömür-gün yoldaşları ilə ümumi dil tapa bilmirlər. Siz darıxırsınız, tərəf-müqabiliniz şənlənir, yaxud siz əylənirsiniz, o isə əsnəyir. Ortada fəlakətli bir durum yoxdur. Sadəcə, müvafiq dalğaya köklənməyi bacarmalısınız. Subaylar isə sevdikləri romanın qəhrəmanına rast gəliblər. Təəccüblü heç nə yoxdur. Bəzən nağıl dönüb gerçək olur. İşdə ikimənalı vəziyyət yaranıbdır. Sakit və təmkinlə gözləmə mövqeyində durmaq yerinə hücuma keçirsiniz, hərəkətə keçmək lazım gələndə isə, əksinə, özünüzü itirirsiniz, tərəddüd edirsiniz. Nə etməli? Qəm yeməyin. Sonunda qələbəyə aparan yolu tapa biləcəksiniz. Ola bilsin, vəzifəniz irəli çəkiləcək, bəlkə də əməkhaqqınız artırılacaqdır.
ƏKİZLƏRİN ailə həyatı gözəl yuxuya bənzəyir. O qədər xoşbəxtsiniz ki, sizi çulğalayan bu gözəl hissi dostla, tanışla bölüşməyə çalışırsınız. Ziyafətlər, ailəvi şam yeməkləri. Hətta varis dünyaya gətirmək barədə düşünürsünüz. Bayram karuselində fırlanmaq subayların başını gicəlləndirir. Üstəlik, ürəkləri tıp-tıp edir. Kim bilir? Bəlkə də məhəbbətdir. Faydalı tanışlıqlar və müdrik hərəkətləriniz sayəsində görünməmiş karyera zirvələri fəth edirsiniz. Maddi mükafatlandırma da ürəyinizcədir. Müxtəlif əyləncələrə pul xərcləmək üçün gen-bol imkanınız vardır.
Ailəvi XƏRÇƏNGLƏR ağızlarını möhürləməlidirlər. İndi hər bir sözünüz tərəf-müqabiliniz tərəfindən hiddət və iradlarla qarşılanır. Halbuki onu sakit bir vəziyyətdə dinləsəniz ürəyinizdəki buzu əritmək istəyən çırpıntılarını eşidə bilərsiniz. Subaylar oyanmaqda olan vulkanın üstündə mürgüləyirlər. Onları gah hərarətli görüşlər, gah da buz kimi ayrılıqlar gözləyir. Əslində, rahatlıq istəyirsiniz. Siz tənha bir guşəyə çəkilib səhvlərinizi götür-qoy edirsiniz və bir daha uğursuzluğa düçar olmamaq üçün düzgün strategiya seçməyə çalışırsınız. İşləriniz çoxdur və sizdən böyük enerji tələb edir. Nəticələr gözlədiyinizdən də yaxşı olacaqdır. Novator ideyalarınızın bəhrələri hələ uzun müddət sizi sevindirəcəkdir, amma yeni mənzil barədə planlarınızı təxirə salmalı olacaqsınız.
Ailəvi ŞİRLƏR işdəki gərginliyin acığını evdəkilərdən, ələlxüsus, həyat yoldaşından çıxırlar. Nəticədə işdəki problemlər azmış kimi, evdəki münasibətlər də gərginləşir. Subayların şəxsi həyatı sakit bir limanı xatırladır. Bu heç də o demək deyildir ki, şəxsi həyatınızı gündəmdən çıxarmısınız. Sadəcə, bəxtiniz gətirmir. İşdə gərginlikdir. Heç gözləmədiyiniz yerdə münaqişə yarana bilər. Lakin əgər belə halla üzləşsəniz belə, hər şeyi kənar adam kimi qiymətləndirməyə çalışın. Düşmənlərinizə təmkininizi pozmadan asanlıqla qalib gələ bilərsiniz. Yaxşı olar, asudə vaxtınızda bank hesabınızla məşğul olasınız. İndi bahalı şeylər almaq barədə düşünməyin vaxtı deyildir.
Ailəvi QIZLAR anlaşılmazlıq və müəmma bataqlığında boğulurlar. Nikahınızı yalnız üzbəüz oturub problemləri açıq müzakirə etmək qurtara bilər. Emosiyalarınız kükrəyə bilər, amma eybi yoxdur. Bu da işin xeyrinədir. Subayların diqqətini kimsə, çox cazibədar birisi cəlb etməyə çalışır. Lakin siz gözləmə mövqeyindəsiniz. Qarşılıqlı cazibənin nə dərəcədə dərin və ciddi olmasını başa düşmək üçün sizə vaxt lazımdır. İşdə şəxsi cazibəniz hətta rəhbərliyi aciz qoyur. Gözünüz aydın. Sizi yaxşıca mükafatlandıracaqlar. Mövqeyini tapmaq istəyənlər ən cəsarətli arzularını həyata keçirə biləcəklər. Doğrudur, maliyyə xərcləri ilə bağlı olmayan arzularını, çünki bu aralar bank hesabınız ambisiyalarınızın öhdəsindən gələ bilmir.
Ailəvi TƏRƏZİLƏR darıxırlar, ailə bağları onları boğur. Restoranlarda dost məclisləri sizi daha çox cəlb edir. Ömür-gün yoldaşınızın qarşısındakı öhdəlikləriniz barədə düşünmək belə istəmirsiniz, ancaq və ancaq əylənməyə üstünlük verirsiniz. Bəs, o sizə qarşı eyni cür hərəkət etsə, vəziyyət necə olacaq? Ona görə də belə bir həyatın sizə nə dərəcədə uyğun gəlməsi barədə ciddi-ciddi düşünün. Subaylar həyatdan və ətrafdakıların onlara qarşı rəğbət hissindən zövq alırlar. Siz macəraya hazırsınız. Yalnız bir məsələni nəzərə almamısınız. Ailə həyatı haqqında fantastik bir romanı. İşdə fəaliyyət sahəsini dəyişdirmək məcburiyyətindəsiniz. Hələlik çətindir, xüsusən, maliyyə baxımından. Uzaq səfərlər və alı-veriş barədə düşünməyin zamanı deyildir.
ƏQRƏBLƏRİN həyatındakı ən cüzi məsələ tərəf-müqabillə münasibətləri gərginləşdirir, umu-küsüyə səbəb olur. Siz onunla razılaşmadığınızı bildirmək üçün hər fürsətdən istifadə edirsiniz. Subaylar eşq-məşq məsələlərini yaddan çıxarıblar, çünki işləri başlarından aşır. Lakin ürəyinizdə romantik görüş barədə düşünürsünüz. Rəhbərliyin tələbkarlığı, həmkarların intriqaları vəziyyəti lap da pisləşdirir. Daxilinizdə inqilabçı olmasa da, hər halda odlu-alovlu etirazçı baş qaldırır. Belə bir vəziyyət cibinizi pulla doldurmur. Odur ki, maliyyə məsələlərində çox ehtiyatlı olmalısınız.
OXATANLARIN ailəsində üstüörtülü mətləblər, gizli narazılıq və qısqanclıq mühiti yaranıbdır. İstənilən halda bir-birinizlə açıq söhbət etməlisiniz. Örtülü bazar dostluğu pozar deyiblər. Sizin halda isə ailəni dağıdar. Subayların həyatı isə aydından aydındır. Qəlbinizi ovlayan istəyənlərin sayı qədərindən artıqdır. Sizin üçün isə azadlıqdan dəyərli heç nə yoxdur. Nə etməli, məhəbbətin azadlığa üstün gələcəyi vaxtı gözləməkdən başqa çarə yoxdur. Vəzifənizin artırılması üçün əlverişli şərait yaranmışdır. Lakin həmişə olduğu kimi inzibati əngəllər ortaya çıxır. Hadisələrin üstünə getməkdənsə, dolayı yollar axtarmağa çalışın. Buna nail olmayınca, uzunmüddətli kreditlərdən vaz keçin.
Ailəvi OĞLAQLAR bütövlükdə öz həyatlarından razıdırlar. Bəli, afrikasayağı ehtiraslar coşub kükrəmir. Siz baş-başa verib uşaqlarınızı böyüdürsünüz və ailə ocağınızın əmin-amanlığını qoruyursunuz. Bəs nə etməli? Həyatlarının sevgisinə rast gəlmək ümidlərini çoxdan itirmiş subayları həqiqi ehtiras gözləyir. Hadisələr başınızın üstünü sel kimi elə alacaqdır ki, bir də görəcəksiniz ki, uşaq arabasına ehtiyacınız vardır. İşiniz başınızdan aşır. Siz gecə-gündüz yorulmaq bilmədən çalışırsınız. Vəzifənizin artırılacağı barədə şayiələr gəzir. Əməkhaqqınız əvvəlki səviyyədədir, lakin heç gözləmədiyiniz yerdən böyük məbləğdə pul alırsınız.
DOLÇALARIN ailəsinin rahatlığı pozulubdur. Hər hərəkətiniz mübahisə yaradır. Üstəlik münasibətləri aydınlaşdırmaq üçün heç bir səbəb axtarıb tapa bilmirsiniz. Dalaşmaq üçün bəhanə arayırsınız. Subaylar isə çoxdankı tanışlarında bədahətən müstəsna keyfiyyətlər kəşf edirlər. Ruhən bir-birinizə o qədər yaxınsınız ki, hər dəfə ayrılanda sizə elə gəlir ki, qəlbinizin bir parçasını kəsib götürürlər. İşdə daha sanballı vəzifə tutmaq imkanı yaranıb, siz isə hələlik tərəddüd edirsiniz. Bəlkə də asudə vaxtınızın kefini çıxarmaq istəyirsiniz. Heç bir maliyyə probleminiz yoxdur. Pullarınızı sağa-sola sovurmaqdansa, bankirinizlə məsləhətləşməyiniz daha doğru olardı.
BALIQLARIN ailəsi etimadsızlıq və sirlər məngənəsindədir. Nə üçün? Bəlkə şam işığında romantik yeməyini bir daha sınaqdan keçirməyə dəyər. Bəlkə maraqlı hədiyyəyə, yaxud baş-başa qalmağa ehtiyac vardır. Subayların da işi düz gətirmir. Xoşunuza gələnlər siz tərəfə heç baxmır, sizdən xoşu gələnlər isə ürəyinizin buzunu əridə bilmirlər. İşdə dəyişikliklər dövrüdür. İlk baxışdan elə təəssürat yaranır ki, sanki yenidənqurma işləri ancaq problemlər yaradır. Qanınızı qaraltmayın. Çərxi-fələyin tərsinə fırlanacağı dövr gəlib çatacaqdır və çoxdan gözlədiyiniz təklifi sonunda alacaqsınız. Məvacibinizin artırılmasına, gəlirlərinizin sanballı olmasına baxmayaraq nəzərdə tutulmayan xərclərin öhdəsindən gələ bilmirsiniz.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?