Azərbaycanda 44 nazir, dövlət komitəsi sədri və başqa ali dövlət vəzifəsi tutan adamdan 15-i eyni regionda – prezident İlham Əliyevin ata vətəni Naxçıvanda doğulanlardır. Azərbaycan hakimiyyətini regionçuluqda ittiham edən yerli jurnalistlər iddia edirlər ki, ata-babası Naxçıvana, ya da Ermənistana bağlı olmayan heç kimsənin yüksək dövlət vəzifəsi tutmaq şansı yoxdur. Bu iddiaların gerçəyə nə qədər yaxın olduğunu yoxlamaq üçün nazirlər, dövlət komitəsi sədrləri və ali dövlət rəhbərlərinin özlərinin, ya da atalarının anadan olduqları bölgələr əsasında onların regional mənsubiyyətlərini araşdırdıq. Məlum oldu ki, 44 yüksəkvəzifəli dövlət məmurundan 15-nin özü, ya da atası prezident İlham Əliyevin ata vətəni Naxçıvanda doğulub. 5 məmur isə Ermənistandan qovulan azərbaycanlı qaçqınlardır. 9 yüksək vəzifəli dövlət məmurunun regional mənsubiyyəti isə Bakı və Abşeron ərazisidir. Bizim söhbət etdiyimiz təhlilçilərin çoxu əminliklə iddia edirdi ki, onların da əksəriyyətinin ulu babaları dərindən araşdırılsa, yenə prezidentin yerliləri çıxacaqlar. Yüksək vəzifəli dövlət məmurları arasında ölkənin ikinci ən böyük şəhəri sayılan Gəncədən bir nəfər də yoxdur. Yalnız Baş nazir Artur Rasizadənin tərcümeyi-halında Gəncədə doğulduğu yazılıb. Amma onun da atası kənd təsərrüfatı mütəxəssisi, aqronom və şair Tahir Rasizadə Naxçıvan şəhərində anadan olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?