Oktyabrın 23-də rayondan Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçdığı deyilən və sonra xüsusi əməliyyat zamanı öldürülən “Qoca” ləqəbli Etibar Məmmədov və onunla birgə olan Əli Ağaminin həmin gün məhbusları Lənkərandan Bakıya gətirən qatarda olmadıqları iddiası rezonans doğurub.
gundemxeber.az xəbər verir ki, musavat-a daxil olan xəbərdə iddia olunurdu ki, “Qoca” Bakıdan məhkəməsinin keçirildiyi Lənkəran şəhərinə məhkumlar üçün nəzərdə tutulmuş xüsusi qatarda deyil, şəxsi avtomobildə gedib.
Lənkəranda məhkəmə bitdikdən sonra da o və Ə.Ağami Bakıya avtomobildə qayıdırmış. Mənbə deyib ki, razılaşmaya əsasən onlar qatara Bakıya çatmamış - Biləcəridə minməli imişlər. Amma onlar vəd edilən vaxt gəlib çıxmayıblar. Sonra isə onların qaçdıqları məlum olub. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb. Avtoritetlərin xüsusi tipli vaqondan qaçmasına görə Penitensiar Xidmətin bir neçə işçisi, habelə bu cinayətdə iştirakı olan Günay Atakişiyeva və Fədayə Laçın tutulub.
Qeyd edək ki, bu günədək qaçışın necə baş verdiyi haqda rəsmi bilgi yoxdur.
Yada salaq ki, xüsusi təyinatlı vaqondan qaçan 2 məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov (Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur), qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanova qarşı yeni ittiham irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə də təqsirli bilinirlər. Onların barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. F.Laçının vəkili Türkel Süleymanlı modern.az-a son müsahibəsində diqqətçəkən bir fikir işlədib.
O, “tam əminliklə deyə bilərəm ki, bu işdə Fədayə xanımın heç bir günahı yoxdur. Vaxt gələndə əhvalatın (yəqin ki, qaçışı nəzərdə tutur) necə və hansı şəraitdə baş verdiyini açıqlayacağıq” deyib. Vəkil deyib ki, bu iş üzrə 16 nəfər istintaqa cəlb edilib ki, bu da iş üzrə yeni xəbər sayıla bilər.
Bu günə qədər bilinən odur ki, iş üzrə Əli Ağami, Fədayə Laçın, Günay Atakişiyeva, Anar Əsgərov, Şahmar Bəyəlizadə, Penitensiar Xidmətin 3 əməkdaşı - Ceyhun Səmədov, Fuad Hacıyev və Tural Poladxanov tutulublar. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqov “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirib ki, dustaqlar Lənkərana planlı konvoyla aparılıb: “Həmin rayondakı məhkəmə keçirilən binaya dustaqlar Bakıdan planlı konvoyun nəzarəti altında aparılıblar. Geri qayıdanda isə əməkdaşlarımızın səhlənkarlığı nəticəsində onların qaçması mümkün olub. Yayılan məlumatlar yanlışdır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?