Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq İdarəsi 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətovun işi üzrə istintaqı tamamlayıb. gundemxeber.az Virtualaz.org-a istinadla bildirir ki,Nüsrətov ötən il aprelin 28-də şəhərin Lenin prospektində Cabir Həsənov adlı azərbaycanlının qətlinə yardım etməkdə təqsirləndirilir. Hansı ki, əməliyyat məlumatlarına görə Cabir Həsənov “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun adamı olub. Nüsrətovun işi və Həsənovun qətli kriminal qruplaşmalar (“Rövşən Lənkəranski”nin klanı ilə “Lotu Quli”nin qruplaşması ) arasında bir neçə ölkəni əhatə edən müharibənin ən qanlı epizodlarından biridir.
İstintaqın versiyasına görə Nazim Nüsrətov özü nə “Lotu Quli”nin, nə “Rövşən Lənkəranski”nin qruplaşmasına bağlı deyil. O, 2017-ci ilin aprelində Bakıdan Sankt-Peterburqa gedən və hazırda axtarışda olan tanışı, 23 yaşlı Camal Həsənovun xahişi ilə Cabir Həsənovun qətlinə yardım edib. Öz adına nömrə götürərək Camal Həsənovu şəhərdəki mini-otellərdən birinə yerləşdirib, sonra ona qətldə istifadə etmək üçün avtomobil alıb, sim-kartlarla təchiz edib. Habelə uzaq qohumu vasitəsilə Həsənovu qətldən sonra Belarusa keçirib. Bütün bunlara görə 150 min rubl alıb. Pullar bir neçə tranşla onun bank hesabına köçürülüb.
Namiq Canıyev
Nüsrətovun əvvəllər qanunla ciddi problemi olmayıb, hərçənd cinayətdə iştirak edərkən onun yaşayış yerini tərk etməmək barədə iltizamı var idi. Çünki Nüsrətovun üzərindən patron aşkarlanmışdı. Bu iş üzrə o, Həsənovun qətlinə görə saxlanıldıqdan bir gün sonra 5 ay həbs cəzası alıb. Nüsrətov rəsmi olaraq işsizdir, amma şəhərdə “BMW X5”lə gəzirmiş və tez-tez mobil telefon nömrələrini dəyişirmiş.
Cinayət işinin materiallarına görə Nüsrətov Bakıdan gedən killer üçün “VAZ 21103” markalı, “badımcan” rəngli avtombili tanışı vasitəsilə 95 min rubla alıb. Əvvəlcədən xəbərdarlıq edib ki, avtomobil yeni sahibinin adına qeydiyyatdan keçirilməyəcək. Avtomobili dərhal avtoservisə göndəriblər və şüşələrinə qara plyonka vurdurublar. Lenin prospekti, 148 ünvanında yaşayan sakinlər sonrakı iki gün ərzində həmin avtomobili həyətdə görüblər, hansı ki, “qafqazlı görkəmli sürücü” kimisə gözləyirdi...
Aprelin 28-də axşamdan xeyli keçmiş həyətin əsas girişində atəş səsləri eşidilir, bundan sonra şahidlər qara gödəkçəli, “kapşonlu” şəxsin cəld həmin “VAZ”ın sükanı arxasına keçərək qaza basdığını görüblər. Həmin binada hadisədən bir neçə ay əvvəl məskunlaşan 42 yaşlı Azərbaycan vətəndaşı Cabir Həsənov isə aldığı 6 güllə yarasından yerindəcə ölmüşdü.
Killer Camal Həsənov Türkiyədə tutularkən
Hadisə yerinə gələn əməliyyatçılar onun üzərindən saxta sənədlər, mobil telefonunda isə Camal Həsənovun pasportunun fotosunu aşkar ediblər. Həmin Camal Həsənov ki, istintaqa ifadə verən gizli şahidin bildirdiyinə görə “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin ştatlı killeridir.
Qətldə istifadə olunan avtomobil hadisə yerindən bir neçə kvartal aralıda atılmış vəziyyətdə tapılıb. Məlum olub ki, killer kameralara yaxalanmamaq üçün qurbanını gözləyəndə heç tualetə də getmirmiş, kiçik ehtiyacını boş butulkalara “ödəyirmiş”.
Nazim Nüsrətov qətldən bir neçə gün sonra-mayın 31-də tutulub. Əvvəlcə o, daha səmimi ifadələr verib. Baş İstintaq İdarəsinin müstəntiqi Yuri Yaşkov deyir ki, Nüsrətov hətta killerə 150 min rubla tapança satdığını da bildirib. Guya həmin tapançanı tapıbmış. Lakin sonradan vəkilinin köməyi ilə ifadəsini dəyişdirib, bildirib ki, Həsənovun Bakıdan hansı məqsədlə gəldiyindən xəbəri yox idi. Və kömək etməyə bu səbəbdən razılaşıb ki, Əfqan adlı hansısa tanışı onun Azərbaycanda yaşayan valideyinlərinə divan tutmaqla hədələyib. Nüsrətov əvvəlcə həmin Əfqanı “köhnə dostu” kimi təqdim edib, daha sonra ifadəsini dəyişərək onu “təsadüfi tanışı” adlandırıb. Habelə ifadəsində killerin pistoleti özü aldığını, 150 min rublu isə əvvəlcədən bank kartı ilə köçürdüyü puldan geri qaytardığını bildirib.
“Lakin istintaqın heç bir şübhəsi yoxdur ki, təqsirləndirilən şəxs killerə şüurlu şəkildə kömək edib və hər şeyi anlayıb”-baş müstəntq Vyaçeslav Mazurenko bildirib.
Bəs Lenin prospektindəki bu qətlin motivi nə olub? “Rövşən Lənkəranski”nin əvvəllər gömrük orqanlarında işləyən qardaşı Bakıdan Cabir Həsənovu öldürmək üçün killeri hansı motilvlə göndərib?
Bu motiv barədə istintaqa ifadə verən gizli şahid danışıb. Şahidin ifadəsinə əsasən Cabir Həsənov bir neçə dəfə Sankt-Peterburqdakı “Apraksin dvor” bazarında alver edən azərbaycanlıların arasında sərxoş vəziyyətdə və narkotikin təsiri altında deyib ki, 2016-cı ilin avqustunda İstanbulda “Rövşən Lənkəranski”ni güllələyənlərdən biri şəxsən özüdür.
Hüquq-mühafizə orqanlarının məlumatlarına görə Cabir Həsənov “Apraksin dvor” bazarında ticarətçilərdən haqq yığmaqla məşğul olub. Onun öldürülməsindən sonra bu işi Mahir Məmmədova həvalə ediblər. Həmin Mahir Məmmədov isə bir neçə gün əvvəl Sankt-Peterburqun Lomonosov küçəsində 32 yaşlı Füzuli Qarayevi güllələyib. Daha sonra gizləndiyi mənzilin şkafında xüsusi təyinatlılar tərəfindən tutulub. Bildirilir ki, Mahir Məmmədov etibarını itirdiyi üçün onun yerinə bazardan haqq yığmağa Qarayevi təyin ediblər, qətl də bu səbəbdən törədilib.
İstintaqa ifadə verən gizli şahidin bildirdiyinə görə işdə adı keçən Əfqan adlı şəxs “Rövşən Lənkəranski”nin doğma qardaşının sürücüsüdür. Onun oğlu isə Azərbaycand həbsdədir. Çünki Nadir Səlifovun yaxın adamlarından olan “Piter Elçin” ləqəbli Elçin İsmayılovun yaxın qohumunu Masallıda qətlə yetirənlərdən biridir. (Bu səs-küylü qətl haqda Azərbaycan mətbuatı geniş yazıb)
Əməliyyat məlumatlarına əsasən vaxtilə “Rövşən Lənkəranski” ilə “Piter Elçin” arasında Sankt-Peterburqdakı Sofiysk meyvə-tərəvəz bazasına nəzarət uğrunda münaqişə yaranıb. Bu münaqişənin nəticəsi olaraq “Piter Elçin”in qardaşı Maarif İsmayılov 2016-cı il iyunun 20-də həmin bazarda güllələnib. Qətli törədən killer Emil Hüseynovu bazarın mühafizəçiləri saxlayıb. Bu yaxınlarda onun məhkəməsi başa çatıb və 12 il həbs cəzası alıb. İş üzrə daha iki azərbaycanlı fiqurantın məhkəməsi davam edir.
2017-c il oktyabrın 23-də isə Peterburun Turku küçəsində Azərbaycan vətəndaşları Hüseyn İsgəndərov və Emin Əhmədov yaxalanıblar. Onlar Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı. Çünki “Lotu Quli”nin yaxın adamı olan Elşən Məmmədovu Tiflisin mərkəzində güllələmişdilər. Peterburqa isə istintaqın versiyasına görə “Piter Elçin”in qətli üçün ezam edilmişdilər.
Həmin iki killerdən biri Emin Əhmədov Rövşən Canıyevin öldürülməsindən sonra onun klanına başçılıq etməyə başlayan Zaur Əhmədovun (“Zayka”) qardaşıdır. Gizli şahidin ifadəsinə görə “Ded Xasan”ın qətlinin də arxasında “Rövşən Lənkəranski”nin klanı dayanır.
Hazırda “Piter Elçin” ləqəbli Elçin İsmayılov axtarışdadır. 2017-ci ilin sonlarında onun barəsində raketçilik və quldurluq ittihamları ilə 11 il qiyabi həbs cəzası çıxarılıb. Məlum olduğu kimi “Lotu Quli”nin özü də Rusiyada axtarışdadır.
Rövşən Canıyevin qardaşı Namiq Canıyev başda olmaqla 2017-ci il noyabrın əvvəllərində İstanbulda tutulan 11 nəfərlə bağlı əhvalat barədə də artıq məlumdur. Həmin dəstə “Lotu Quli”nin iqamətgahına hücum edib onu öldürməyə hazırlaşırdı. Saxlanılanlar arasında Peterburqdakı həmin səs-küylü qətli törədən Camal Həsənov da olub, amma sonradan onları sərbəst buraxıblar. Müharibə isə davam edir...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?