ABŞ-ın Milli Qasırğa Mərkəzi saatda 295 kilometr sürətlə əsən küləklərlə müşayiət olan Dorian qasırğasının bazar günü 5-ci ən təhlükəli kateqoriyaya qədər gücləndiyini bildirib.
Mərkəzin bildirdiyinə görə, müasir dövrün ən güclü qasırğası olan Dorian saatda 13 kilometr sürətlə hərəkət edərək, ABŞ-ın cənub-şərq bölgələrinin əsas turist məkanı hesab edilən Baham adalarında Abako adalarına çatıb. Qasırğa mərkəzi adalarda “fəlakətli şərait”lə bağlı xəbərdarlıq edib.
Lakin qasırğa mərkəzinin proqnozlarına əsasən, Dorian qasırğasının növbəti iki gün ərzində sürətinin yavaşıyacağı, bundan sonra isə ABŞ-ın Florida ştatına yaxınlaşaraq, şimal-qərbə üz tutacağı gözlənilir.
“Bu vəziyyət daha uzun sürə bilər və qasırğa hələ Floridaya, ya da ABŞ-ın cənub-şərqinə çatmayıb. Bu qasırğaya çox ciddi yanaşmaq lazımdır” – deyə, Fövqəladə Hallar agentliyinin rəhbəri səlahiyyətlərini icra edən Piter Geynor Fox tele kanalına bildirib.
Onun sözlərinə görə, fövqəladə hallar rəsmiləri prezident Donald Trampa qasırğanın irəliləməsi ilə bağlı hər saat məlumat verirlər.
Tramp bazar günü Fövqəladə Hallar agentliyinin qərargahında olub. O, “Dorian qasırğasının marşrutu üzərində olanları bütün xəbərdarlıqları dinləməyə və yerli rəsmilərin evakuasiya ilə bağlı tələblərinə əməl etməyə” çağırıb.
Verilən proqnozlara görə, qasırğası bazar günü axşam və bazar ertəsinə keçən gecə Böyük Baham adasının yaxınlığından, ya da adanın üzərindən keçəcək, bundan sonra isə bazar ertəsi axşamdan çərşənbə axşamına qədər Floridanın şərq sahilinə yaxınlaşacaq. Qasırğa Mərkəzi Dorian qasırğasının Baham adalarının şimal-qərbində 76 santimetrə qədər yağışlarla müşayiət oluna biləcəyini, qabarma səviyyəsinin isə normadan 4-6 metr yüksək ola biləcəyini bildirib.
Qasırğanın Böyük Baham və Abako adaları istiqamətində hərəkət etməsi 73 min insanı və 21 min yaşayış binasını təhlükədə qoyur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?