Estoniyanın paytaxtı Tallin şəhərində Avropanın ən böyük maliyyə quruluşlarından “Danske Bank”ın Estoniya filialının müdiri Ayvara Rexenin cəsədi aşkar edilib.
Gundemxeber.Az xəbər verir ki, bu barədə “Delfi” portalı informasiya yayıb. Polis cəsədin A.Rexenin şəxsi evinin bağında tapıldığını bildirib. Hələ ki, hüquq-mühafzə orqanları intihar versiyası üzərinə dururlar. Çünki meyitdə hər hansı zorakılıq izlərinə rast gəlinməyib.
Qeyd olunur ki, bankir hələ bu ilin sentyabrın 23-də evi tərk etdikdən sonra yoxa çıxıbmış. Tallinin Pıxyask prefekturasının operativ bölmə rəhbəri Valdo Pıder onun həyatına təhlükə yarandığı barədə əvvəlcədən informaisya aldıqlarını təsdiqləyib. Elə A.Rexenin qohumları da bankirin həmin gün özünü qəribə apardığını deyiblər. Belə ki, estoniyalı maliyyəçi gəzintiyə gedərkən özü ilə sevimli itini və mobil telefonunu götürməyib. Onun axtarışına onlarla polis nəfəri, itlər, hətta pilotsuz uçan aparatlar cəlb olunub.
Məlum olduğu kimi Estoniya polisi 2018-ci ilin iyulun 31-də Danske Bankın ölkədəki filialına qarşı cinayət işi başlamışdı. Proses Rusiya hakimiyyətinə yaxın şəxslərin və vergi məmurlarının maliyyə maxinasiyalarını üzə çıxaran “Hermitage Capital” fondunun rəhbəri Uilyam Brauderin müvafiq ərizəsindən sonra işə salınıb. Həmin sənəddə U.Brauder “Danske Bank”ın Estoniya filialının 26 əməkdaşının cinayət əməlində suçlamışdı. Onun yazıdğına əsasən, Ayvar Rexe rəhbərliyi altındakı bank işçiləri külli miqdarda çirkli pulların yuyulmasında iştirak ediblər.
Həmin ilin oktyabrında Estoniya hökuməti məsələni birbaşa nəzarətinə götürüb. Noyabrda isə Danimarka prokurorluğu Rusiyadan gələn qeyri-qanuni pul kütlələrinin Qərb banklarına transferi ilə bağlı 4 hal üzrə cinayət işini açıb. “Danske bank” həm də ABŞ FTB-nin də diqqət mərkəzinə düşüb. Qalmaqalın fonunda ötən ilin sentyabr ayında bankın rəhbəri Tomad Bergen istefaya getməyə məcbur qalıb.
2018-ci ilin sonunda isə Estoniyada bankın 10 əməkdaşı həbs olunub. Xəbərlərdə Danimarka bankının Estoniya filialı vasitəsilə 2007-2015-ci illər ərzində problemli mənşəyə malik 201 milyard avro pul keçirildiyi göstərilib. Bununla əlaqədar imzalanan saxta sazişlərin sayı hələ bilinmir. Hazırda bankın 15 mindən çox hesabını qapandığı, 6,2 min hesabın isə şübhə altında olduğu açıqlanıb.
İşin içinə 85 ölkənin vətəndaşının daxil olduğu qeyd edilir. Onların 23%-i Rusiya Federasiyasının vətəndaşlarıdır.
Sorğu
Yeni dizaynımız necədir?