“Yəqin ki, bu ay müddətində bir neçə hotelin lisenziyasının ləğv olunması barədə qərar qəbul olunacaq”
“Arxasız hotellər” və evlərini turistlərə ucuz qiymətə təklif edən yerli sakinlər məmur-oliqarxların hədəfində
“Azərbaycanın turizm obyektlərində qiymətlərin aşağı salınması prosesi davam etdiriləcək”. Bu sözləri dünən jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, ötən il turizm obyektlərində qiymətlərin təxminən 20 faizə qədər aşağı salınmasına nail olunub, qiymətlər hələ ki müəyyən yerlərdə daha yüksəkdir: “Amma nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycanda hazırda tikilib, istifadəyə verilmiş hotellərin böyük əksəriyyəti lüks hotellərdir və onlar istər-istəməz öz qiymətlərini yüksək tutmalıdırlar. Hazırda cənab Prezidentin göstərdiyi istiqamət Azərbaycanda üçulduzlu hotellərin tikilməsi, orta təbəqənin imkanlarına uyğun olaraq qiymət siyasətinin tətbiq olunmasıdır və son nəticədə hotellərin sayı və onlar arasında rəqabət sözsüz ki, bu qiymətlərin aşağı düşməsinə şərait yaradacaq”. Əbülfəs Qarayev həmçinin deyib ki, bu ilin altı ayının nəticələri onu göstərir ki, xaricdən Azərbaycana gələn turistlərin sayı 10 faizdən çox artıb: “Eyni zamanda bizim keçirdiyimiz monitorinq onu göstərdi ki, yay mövsümündə bir neçə hoteldə istədiyimiz səviyyədə xidmətlər təqdim olunmayıb, bəzi narazılıqlar, hadisələr olub. Odur ki, Mədəniyyət və Turizm Nazirliyinin İşçı qrupu müvafiq dövlət qurumları ilə işləyir. Yəqin ki, bu ay müddətində bir neçə hotelin lisenziyasının ləğv olunması barədə qərar qəbul olunacaq. Onlara vaxt veriləcək və lisenziyanın alınması üçün müvafiq sənədləri hələ hazırlamayan hotellərin fəaliyyəti məhdudlaşdırılacaq. Artıq biz imkan verməməliyik ki, lisenziya üzərində çalışan təşkilatlar, qurumlar səviyyəsiz xidmətlər təqdim etsinlər”. Açıqlamadan da göründüyü kimi, nazir açıq tekstlə bəzi hotel sahiblərini lisenziyalarının ləğv olunacağı ilə hədələyib. Əbülfəz Qarayevin bu bəyanatı otel biznesilə məşğul olan sahibkarlar tərəfindən birmənalı qarşılanmayıb. Adının çəkilməsini istəməyən sahibkarlardan biri “Gündəm-xəbər”ə deyib ki, nazirin bu fikirləri Azərbaycanda hotel biznesini monopoliyaya almaq məqsədi daşıyır. Sahibkarın sözlərinə görə, bununla bağlı xeyli müddətdir ki, plan var. Və Əbülfəs Qarayevin bu bəyanatı həmin plana start verilməsi kimi dəyərləndirilə bilər: “Azərbaycanda xüsusilə, Bakıda xırda otellər fəaliyyət göstərir ki, onlar oliqarxlara məxsus iri otellərə maneçilik göstərir. Qiymətlərin ucuz olması müştərilərin daha çox bu otellərə üz tutmasına səbəb olur. Ona görə də standartları bəhanə gətirərək həmin otelləri sıradan çıxarmaq istəyirlər”, - deyə sahibkar bildirib. Bu arada isə məlum olub ki, hotel biznesinə “təsadüfi adamların” da ayaq açması Əbülfəs Qarayevlə yanaşı bu sektorda əhəmiyyətli paya sahib olan digər məmur-oliqarxları da hərəkətə gətirib. Xüsusilə də builki yay mövsümündən keçənilkiylə müqayisədə daha az gəlirlə çıxan məmurlar bunun səbəblərini araşdırıblar. Araşdırma nəticəsində bəlli olub ki, ölkənin turistlər daha çox üz tutduğu bölgələrində ayrı-ayrı şəxslər kiçik obyektlər inşa edib və onların artması nəticəsində qiymətlər əhəmiyyətli şəkildə aşağı düşüb. Eyni zamanda rayonlarda yerli sakinlərin öz evlərini mövsüm vaxtı ucuz qiymətə turistlərə təklif etməsi də oliqarxların hotel biznesinə ciddi zərbə vurub. Çıxış yolu kimi isə həm məmurlara bağlı olmayan istirahət məkanlarına, həm də evlərini turistlərə kirayə verən sakinlərə qarşı sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla bağlı “Gündəm-xəbər”ə danışan mənbə iddia edir ki, artıq gələn ilin mövsümü ilə bağlı konkret tədbirlər planı da hazırlanıb. Belə ki, gələn yaya qədər məmurlara bağlı olmayan hotellərin lisenziyası ləğv olunaraq “qanundan kənar” elan olunacaqlar. Daha sonra isə növbə yerli rayon sakinlərinə çatacaq ki, onlara qarşı isə fərqli taktikadan istifadə olunması planlaşdırılır. Belə ki, evlərini ucuz qiymətlətlə turistlərə təqdim edən Azərbaycan vətəndaşlarından buna görə müştəriylə rəsmi müqavilə bağlamaq tələb olunacaq. Bundan sonra isə göstərilən xidmətə görə, ondan vergi və digər sosial ödəmələr həyata keçirmək tələb olunacaq. Aydındır ki, bundan sonra kirayə evlər daha əvvəlki kimi ucuz olmayacaq və qiymətlər təxminən bahalı hotellərdəki qiymətə yaxınlaşacaq. Belədə isə turistlərin xidmətləri daha professional təşkil edən hotellərə üz tutmaqdan başqa çarəsi qalmayacaq.
Sorğu
Yeni dizaynımız necədir?