Britaniyalı və isveçrəli bioloqlar siçanların üzərində SARS-CoV-2 koronavirusunun beyinə necə “gedib çıxdığını” araşdırıblar və virusun beyinə vurduğu zərər növlərini müəyyənləşdiriblər. Alınan nəticələr COVID-19 xəstələrində sağalmadan sonra “beyin dumanlanması” və digər nevroloji problemlərin yaranmasını izah edir.
Gundemxeber.Az xəbər verir ki, bu barədə məqalə “bioRxiv” preprint serverində yerləşdirilib.
Əvvəlcə yeni növ koronavirus infeksiyası şiddətli kəskin respirator sindrom (SARS) kimi təsbit edilmişdi, lakin sonrakı müşahidələr virusun, hüceyrələrə daxil olmaq üçün ACE2 reseptorundan istifadə etməklə, digər orqanlara – böyrəklərə, ürəyə, ağciyərlərə, eləcə də beyinə də təsir etdiyini göstərib.
İnsanların əksəriyyəti COVID-19 xəstəliyi zamanı və sonrasında yaddaş problemlərindən, idrak pozğunluğundan, yuxusuzluqdan, narahatlıq keçirməkdən, eləcə də xarakterik “beyin dumanlanması”ndan şikayətlənir.
Yaşlı xəstələrdə koronavirus Altshaymer və Parkinson xəstəliklərini və digər demansiya təzahürlərini kəskinləşdirir. Ancaq koronavirusun beyinə necə “yol tapdığı” mexanizmi bu günə qədər yaxşı öyrənilməmişdi.
Sürix və Liverpul Universitetlərinin alimləri koronavirusun beyinə təsirini öyrənmək üçün hACE2 insan reseptorlu genetik cəhətdən modifikasiya edilmiş siçanlardan istifadə ediblər. Müəlliflər intranazal qaydada heyvanları aşağı və ya yüksək dozada SARS-CoV-2 ilə yoluxdurub və virusun beyinə necə təsir etdiyini araşdırıblar.
Müşahidələr göstərib ki, burundan yeridildikdən yeddi gün sonra virus qoxu lampası (olflaktor lampa da deyilir – red.) vasitəsilə beyinə daxil olub. Tədqiqatçılar virusun qoxu epitelində və qoxu lampasının neyronlarında, həmçinin beynin frontal bölgələrində və qoxu lampası ilə əlaqəsi olan bölgələrdə - hipokampus, talamus və hipotalamusda yayıldığını aşkar etdiklərinə görə belə qənaətə gəliblər. Daha yüksək dozalarda alimlər virusun baş və onurğa beyində daha geniş yayıldığını müşahidə ediblər.
Tədqiqatçılar beynin ön hissəsində virusa yoluxma zamanı pozula biləcək və yaddaş, diqqət və icra funksiyalarından məsul olan korteksin bir neçə bölgəsinin olduğunu qeyd edirlər. COVID-19-un bir çox nevroloji simptomlarını onlar məhz bununla izah edirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?