"Yaşlı insanlarda psixi davamlılıq və çətinliklərlə mübarizə aparmaq bacarığı onlarda ölüm riskini azaldır".
Gundemxeber.az xarici KİV-ə istinadla bildirir ki, Çinin Sun Yat-sen adına Cuncşan Universitetindən bir qrup tədqiqatçı apardığı genişmiqyaslı araşdırmadan sonra bu qənaətə gəlib. Tədqiqatın nəticələri "BMJ Mental Health" elmi jurnalında dərc edilib. Tədqiqatda orta yaşı 66 olan 10 min 5 yüz nəfər iştirak edib. Alimlər iştirakçıların iqtisadi və ailə vəziyyəti haqqında məlumatları diqqətlə təhlil ediblər, həmçinin onların sağlamlıq vəziyyəti haqqında ətraflı məlumat toplayıblar. Daha sonra könüllülər xüsusi psixi davamlılıq qiymətləndirməsindən keçiblər. Burada onlara inadkarlıq, sakitlik, məqsədyönlülük, özünə inam və ümumiyyətlə çətinliklərin öhdəsindən tək gəlmək bacarığı kimi xarakter xüsusiyyətlərinin özlərində nə dərəcədə ifadə olunduğunu qiymətləndirmək təklif olunub. Bütün lazımi məlumatlar toplandıqdan sonra təxminən 12 il davam edən müşahidə dövrü başlayıb. Bu müddət ərzində tədqiqatın 3 min 4 yüz iştirakçısı vəfat edib. Əldə edilən məlumatların təhlili göstərib ki, iştirakçıların psixi davamlılıq göstəriciləri nə qədər yüksək olubsa, onlarda hər hansı səbəbdən ölüm riski bir o qədər aşağı olub. Psixi davamlılıq və ömür uzunluğu arasında aşkarlanmış əlaqə iştirakçıların ailə vəziyyəti, cinsi, irqi və çəkisi kimi amillər nəzərə alındıqdan sonra belə statistik cəhətdən əhəmiyyətli olaraq qalıb. Çinli alimlər xüsusilə qeyd ediblər ki, məhz çətinliklərin öhdəsindən gəlmək qabiliyyəti psixi davamlılığın ən vacib aspekti kimi çıxış edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?