Arif Yunus: “Yaranan fürsətdən istifadə edən bir qrup digərini vurur”
Suallara konfliktoloq Arif Yunus cavab verib. Müsahibimiz əsasən Azərbaycan hökumətinin son hesabatında dindarlarla və Azərbaycanın əleyhinə casus fəaliyyəti ilə məşğul olanlarla bağlı deyilənlərə və son günlər nur təriqəti ilə bağlı səsləndirilən xəbərlərə münasibət bildirib.
- Arif müəllim, Azərbaycan hökumətinin hesabatında qeyd edilir ki, radikal dini təmayüllər Bakıda, Lənkəranda, Sumqayıtda və Gəncədə qeydiyyatdan keçməyən məscidlərdə aktiv fəaliyyət göstərir və nüfuzlarını genişləndirməyə cəhd edirlər. Azərbaycanda islamın vəziyyətini araşdıran şəxs kimi hesabatı necə qiymətləndirirsiniz? - Fikrimcə, hökumətin hesabatında konkretlik yoxdur. Əvəzində ümumi sözlər və ifadələr var. Odur ki, belə tipli hesabatlara münasibət bildirmək o qədərdə asan deyil. Konkret informasiyalar, adların göstərilməsi yoxdur. Mən onu deyə bilərəm ki, Azərbaycanda radikal dini qruplar deyəndə əsasən sələfilərdən söhbət gedə bilər. Mən deyərdim ki, Azərbaycanda bir islamofobiya, bir də sələfifobiya mövcuddur. Qeyd edim ki, sələfilərin əksəriyyəti adi dindarlardır. Hesabatda qeyd edilən şəhərlərdə sadəcə olaraq sələfi dindarlar heç icma şəklində fəaliyyət göstərmirlər. Həm də, biz bilmirik ki, hesabatda söhbət dindarlardan gedir, yoxsa sələfiliklə bağlı qorxu hisslərindən gedir. Məsələn, sələfilərin əsas mərkəzi olan Əbu-Bəkir məscidi indiyə qədər bağlıdır. Qamət Süleymanovun özünü isə çox vaxt radikal dini icmanın rəhbəri kimi qələmə verir, bəzi hallarda ona qarşı ittihamlar irəli sürürlər. Baxmayaraq ki, həqiqi radikal dindar qruplar var və hətta zamanında Qamət Süleymanova qarşı terror aktı törədiblər. Ona həm hakimiyyət, həm də radikal dini qruplar təzyiq edirlər. Bilirsinizmi, bu məqamı niyə deyirəm? Çünki biz bilmirik ki, hesabatda ümumilikdə sadə dindar sələfilərlə bağlı bu fikirlər səsləndirilir, yoxsa radikal sələfilərlə. Qeyd edim ki, Lənkəranda adi dindarlar var. Mən deməzdim ki, adı çəkilən şəhərlərin hamısında dini radikal sələfilər var. Biz radikal sələfilərlə, sadə sələfi dindarları ayırmalıyıq. Radikal sələfiliklə bağlı Sumqayıtı qeyd etmək olar. Ancaq orada adi dindarlar da var. Həm də biz anlamalıyıq ki, sələfilərin daxilində parçalanmalar olub. Parçalanma səbəbindən bir qrup radikal olub və onlar respublikada gedən dini proseslərə reaksiya verməyən dindarlara normal yanaşmır. Məncə, bütün sələfilər haqqında ümumi fikir söyləmək doğru deyil və hətta ziyanlıdır. - Hesabatda həmçinin xüsusi xidmət orqanlarının İrana və Ermənistana işləyən agentləri həbs etdiyini, Bakıda İsrail səfirliyinin diplomatları ilə maraqlanan şəxsi saxladığı bildirilir. Bu məsələyə münasibətiniz necədir? - Belə məsələlərə reaksiya vermək çətindir, çünki bu umumi fikirdir və konkretlik yoxdur. Belə tipli hadisələr olubmu, həqiqi mənada Rusiyaya, İrana və ya Ermənistana kimsə casusluq edibmi? Hesabatda belə casusların adı çəkilmir, onların kim olduğu bilinmir. Biz bilmirik ki, burada söhbət dindarlardan və ya adi vətəndaşlardan gedir. Bu şəxslərin nə zaman həbs edildiyi də, fikrimcə, konkret göstərilməlidir. Məsəl üçün, Ermənistan və separatçı Qarabağ rejimi də son illər bəyan ediblər ki, Azərbaycanın xüsusi xidmət orqanlarına çalışan casusları həbs ediblər və onlar cəzalandırılıb. Sonradan bəlli olub ki, bu “casuslar” sosial şəbəkələrdə azərbaycanlılarla əlaqə saxlayıblar. Əgər Ermənistanda bu hallar olursa, Azərbaycanda belə halların olmadığına kim qarantiya verə bilər? Ermənistanda hansısa erməni sosial şəbəkədə azərbaycanlıya nəsə yazır və ya e-mailinə nəsə göndərir. Bunun nəticəsində adamı həbs edib deyirlər ki, sən casussan. Səmimi deyim ki, “ermənilərə məxfi məlumat verdiyinə görə həbs edilib” ifadəsi mənim üçün gülməlidir. Çünki bu gün sosial şəbəkələrdə, internetdə nə istəsəniz var. Odur ki, mən bu agentlərin konkret nəyə görə həbs olunduğunu bilmirəm. İkincisi, biz imkan daxilində casuslarla bağlı məhkəmələrin monitorinqini aparırıq və görürük ki, çox şey rəsmi məlumatlarla uyğunluqtəşkil etmir. Fikrimcə, dindarlarla bağlı hesabatda çox şey aydın deyil. Bəlli deyil ki, burada söhbət ümumilikdə sələfi icmasından gedir, yoxsa radikal dini qruplardan gedir. Casus məsələsində də çox şey aydın deyil. - Ancaq son zamanlar ölkə mediasında həm də nur təriqəti ilə bağlı müzakirələr gedir, bu təriqətin siyasi hakimiyyət daxilində möhkəmləndiyi, hətta deputatların çoxunun təriqətlə sıx əlaqədə olduğu iddia olunur. Sizcə, bu nə dərəcədə realdır? - Əslində mən hesab etmirəm ki, bu real informasiyadır. Fikrimcə, burada daha çox siyasi oyunlar gedir. Bu oyunların kimə xidmət etdiyini də deyə bilmərəm. Bir ehtimal odur ki, Türkiyə hökuməti bu haqda Azərbaycandan müəyyən xahişlər edə bilər. Sizdə bilirsiniz ki, bu gün Ərdoğanla Fətullah Gülən arasında bir mübarizə gedir, münaqişə mövcuddur. Ola bilsin ki, Ərdoğan Azərbaycanda Gülən adı ilə bağlı nə varsa bağlanması haqda xahiş edib. Bizimkilər də bundan istifadə edirlər. Məncə, belə bir variant ola bilər. Çünki mən inanmıram ki, bu sayda deputat, eləcədə məmur Gülən camaatı ilə bağlı olsun. Hətta müdafiə nazirinin, Prezident Administrasiyasının işçilərinin adını çəkirlər. Bir neçə dəqiqə əvvəl internetdə Əli Həsənovunda adını çəkərək onu da nur camaatına bağlamağa çalışırdılar. Mən bu haqda informasiya oxudum. Əslində bu mənim üçün gülməlidir. Fikrimcə, bunlar ciddi informasiya deyil. Burada məsələ bir tərəfdən şişirdilir, digər tərəfdən də siyasi oyun gedir. - Siyasi oyun kimlər arasında gedir? -Mənim fikrimcə, hakimiyyət daxilində hansısa qruplar arasında bu gedə bilər. Başqa sözlə, yaranan fürsətdən istifadə edərək bir qrup digərini vurur. Ümumiyətlə din hər tərəfdən istifadə olunur. Qərb Azərbaycana təzyiqlər edəndə bizimkilər dini məsələni ortaya ataraq deyirlər ki, demokratik islahat və insan haqları məsələsində təzyiqlər etməyin. Çünki burada İran və dini təhlükə var. Beləcə dindən istifadə edirlər. O cümlədən, nur təriqəti məsələsindən də istifadə olunur. Mən hesab edirəm ki, nurçuluqla bağlı söhbət aparmaq gülüncdür. - Nurçular ölkəmizdə hansı gücə malikdir? - Burada güclü deyəndə hansı məqamı nəzərdə tutduğunuz aydınlaşmalıdır. Mənim fikrimcə, Azərbaycanda 10 min adama yaxın nurçu və ya bu təriqətə simpatiyası olan şəxs ola bilər. - Amma nur təriqətinin daha çox intellektual baza üzərində işlədiyini nəzərə almırsınız... - Nəzərə alıram. Onlar daha çox maarifçiliklə məşğul olurlar. Fikrimcə, onlar düşünürlər ki, haçansa islam bir din olaraq dünyada qələbə çalacaq, amma bu zor yolu ilə deyil, elm və bilik yolu ilə olacaq. Yəni insanın biliyi çox olsa, hər şeyi anlasa, özü islamı qəbul edəcək. Ona görə də, nurçu təriqətin baş bilənləri dünyanın əksər ölkələrində təhsil müəssisələri açırlar ki, gənclərin elmi və dini biliyi çox olsun. - Sizcə, bu təhlükəlidirmi? - Mən Azərbaycanda təhlükəli bir şey görmürəm. Həm də hesab etmirəm ki, gənclərə keyfiyyətli təhsil vermək pis şeydir. Mən türk litseylərini izləyirəm, onların səviyyəsi ilə tanışam. Hesab etmirəm ki, bu pis şeydir və ya böyük təhlükədir. Ümumiyyətlə əgər insanın intellekti ilə bağlı ciddi nəsə varsa, orada təhlükəni görmürəm. - Amma Türkiyədə belə bir təhlükə baş verdi... - Əksinə. Bu yalnız təbliğatın nəticəsidir. Ukrayna hadisələri ilə bağlı biz Rusiya kanallarına baxanda belə təəssürat yaranır ki, guya ukraynalılarla ruslar arasında toqquşma gedir. Əslində isə bu belə deyil. Bizsə, sadəcə olaraq aparılan kampaniyanın mənzərəsini görürük. Amma reallıq başqadır. Türkiyədə də buna bənzər kampaniya gedir. Əvvəla, Türkiyədə islan bir deyil. Burada bir çox təriqətlər, məzhəblər və qruplar var. Orada sadəcə Ərdoğan kimi avtoritar lider də var. Ərdoğan islamı siyasi məqsədlə istifadə edən siyasətçidir. Ərdoğan iqtidarı ilə Gülən camaatı arasında da əsas problem 2010-cu ildə yaranıb. Səbəb isə Ərdoğan hökumətinin yardım məqsədilə Fələstinə gəmi göndərməsi və İsrail ordusunun bu gəmiyə basqın edərək bir neçə nəfəri öldürməsi olub. Əslində bu məsələdə Ərdoğan bir növ özünü Putin kimi aparıb, təxribata gedib. Əvvəlcədən aydın idi ki, İsrail buna icazə verməsə, toqquşma olacaq. İsrail bu haqda dəfələrlə xəbərdarlıq etmişdi. Demişdi ki, öncədən razılıq alın, biz aparılan yardıma baxmalıyıq, bəlkə silah daşınır və s. Amma, buna baxmayaraq Ərdoğan təxribata getdi. Bundan sonra Ərdoğana qarşı ilk çıxan Fətullah Gülən oldu. Gülənin prinsipi budur ki, heç yerdə zor tətbiq olunmamalıdır, hər şey könüllü olmalıdır. Əgər ölkədə hakimiyyət varsa, ona tabe olmaq lazımdır. Gülən bu mövqedə idi və bu hadisədən sonra Ərdoğanı qınadı, tərəfdarlarını AKP-ni dəstəkləməmək haqda çağırış etdi. Hər şeydə bundan başlandı. İndi belə tipli icmalar bizdə varsa, onlar siyasətdən uzaqdırlarsa, buna normal yanaşmaq lazımdır. Azərbaycanda hicabla bağlı aksiya olub, onlarla dindar buna görə həbs edilib. Bu aksiyada bir nurçunun iştirak etdiyini heç kim eşitməyib. Eləcədə nurçuların hansısa ölkədə səsi çıxıbmı? Əlbəttə, yox. Onlar sakit oturaraq təhsil alırlar və deyirlər ki, dindar olsalar da, siyasətə qarışmırlar. Şəxsən mən dindar deyiləm, amma bu icmanın ideologiyasının zordan uzaq olduğunu bilirəmsə, niyə onu təhlükəli hesab etməliyəm? Odur ki, bizdə nurçular ətrafında yaranan proseslər bir növ siyasi oyundur, bundan kimlərəsə qarşı istifadə edirlər. Həm də indi insanları ləkələmək üçün ən yaxşı ifadə casusluq və radikalizmdir. Dini radikal deyəndə bu kifayət edir. Odur ki, verilən informasiyaları bir qədər dəqiqləşdirmək və aydınlaşdırmaq lazım gəlir. HÜSEYN ABBASOĞLU
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?