Vidadi Mirkamal: “Strasburqa nümayəndə göndərəcəyik”
Suallara Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquqşünas Vidadi Mirkamal cavab verib. Ədliyyə generalı əsasən ölkənin siyasi gündəmini təşkil edən məsələlər haqqında danışıb. - Vidadi bəy, Bakı şəhər İcra Hakimiyyəti real müxalifətin mitinqinə icazə vermədi. Bunu necə qiymətləndirirsiniz? - Fikrimcə, əslində bu sualı Bakı şəhər İcra Hakimiyyətinə vermək lazımdır. Bu suala mən yox, Bakı meri Hacıbala Abutalıbov cavab verməlidir. Onsuz da biz neçə illərdir deyirik ki, hakimiyyətin azad düşüncəyə, sərbəst toplaşmaq azadlığına qarşı allergiyası var. Onlar dəfələrlə bu konstitusion hüququ pozublar. Başqa sözlə, mən burada yeni bir şey görmürəm. - Ancaq biz gördük ki, prezident seçkilərindən əvvəl və sonra mitinqlərin keçirilməsinə icazə verirdilər... - Prezident seçkisi böyük bir prosesdir. Bu prosesi dünya ictimaiyyəti, beynəlxalq qurumlar izləyir, müşahidə aparırdılar. ATƏT-in seçkiləri müşahidə missiyası Bakıda oturub hesabatlar hazırlayırdı. Ona görə də, hakimiyyətin bu seçkilər zamanı konstitusiya ilə təsbit olunan toplaşmaq hüququnu qadağan etməsi mümkün deyildi. Həm də seçki qanunvericiliyinə və Konstitusiyaya görə prezidentliyə namizədliyini irəli sürən və namizədliyi qeydə alınan şəxslərə bərabər hüquqlar yaradılmalıdır. Odur ki, hakimiyyət seçki ərəfəsində bunu poza, toplaşmaq hüququna qadağa tətbiq edə bilmirdi. İndi isə beynəlxalq qurumlar ölkədən gedib deyə hakimiyyət üçün bir növ arxayınçılıq yaranıb. Üstəlik Ukraynada baş verən proseslərdən sonra Azərbaycan qərbin ehtiyac duyduğu ölkələrdən birinə çevrilib. Siz də bilirsiniz ki, Azərbaycan neft və qazla zəngin olması, eləcə də tranzit nöqtədə yerləşməsi bir reallıqdır. Bu mənada beynəlxalq aləmin Azərbaycana ciddi ehtiyacı var. Deməli, hökumətə həm də basqılar azalıb. Bu da hakimiyyətə daxildəki rəqiblərini məhv etmək baxımından əlavə imkanlar verib. - Hakimiyyətin aksiyaya icazə verməməsini çəkinmək və qorxmaq kimi qiymətləndirmək mümkündürmü? - Bilirsinizmi, əslində bu hakimiyyətin xəstəliyidir. Çünki burada qorxulu bir şey yoxdur. Bu aksiyanı bir neçə gənclər təşkilatı hazırlamaq istəyirdi. Burada qorxulu nə ola bilər ki? Hazırki mərhələ müxalifətin və vətəndaş cəmiyyəti təşkilatlarının son dərəcə zəiflədiyi dövürdür. Mən düşünmürəm ki, iqtidar belə bir mitinqin keçirilməsindən qorxur. Sadəcə olaraq hakimiyyətin kafasında belə bir yanaşma var ki, bu mitinqə icazə versək sonra da bunun davamı gələ, hərəkat böyüyə, aksiyada insanların sayı çoxala bilər. Bu mənada ehtiyat edirlər. Amma mən hesab etmirəm ki, müxalifətin ən zəif durumunda hakimiyyət bir mitinqdən çəkinsin. - Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi təhvil aldıqdan bir gün sonra jurnalist Pərviz Həşimli 8 il müddətinə azadlıqdan mərhum olundu. Bunu necə qiymətləndirmək olar? - Pərviz Həşimlinin həbsi son dövrlər siyasi təqiblərin və ictimai-siyasi aktiv insanlarının həbsə atılmasının bir təzahürüdür. Pərviz Həşimli aktiv QHT nümayəndəsi olub, eləcə də jurnalist fəaliyyəti göstərib. Eyni zamanda hakimiyyətə qarşı müəyyən çıxışları olub. Bu saat həm yerli, həm də beynəlxalq ictimaiyyət bilir ki, Pərviz Həşimli konkret olaraq cinayət əməli ilə bağlı həbs edilməyib. Biz onun vəkilləri ilə danışmışıq. Onların bildirdiyinə görə, ortada bu həsbi əsaslandırmaq üçün sübutlar da yoxdur. Ona görə də, hesab edirəm ki, Həşimlinin həbsi vətəndaş cəmiyyətinə və siyasi düşərgəyə basqıdır. Bu mənada jurnalistin həbsi həm də siyasi sifarişin nəticəsidir. - “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərov eks prezident Əbülfəz Elçibəyi təhqir etməkdən çəkinməyib, Milli Azadlıq Hərəkatının liderini “baş avara” adlandırıb. Bunu necə izah etmək olar? - Bu birmənalı olaraq böyük tərbiyəsizlikdir. Ağabəy Əsgərovun özü elə bir böyük şəxsiyyət deyil ki, Əbülfəz Elçibəy haqqında normal düşüncə qabiliyyətinə malik olsun. İkincisi, ümumiyyətlə hər bir insan özünün səviyyəsində və ədəb qaydasında düşündüyünü ictimaiyyətə açıqlamalı deyil. Həm də nəzərə alsaq ki, A. Əsgərov media nümayəndəsidir və böyük bir idarəyə rəhbərlik edir, o zaman bu fikirləri sadəcə ədəbsizlik saymaq lazımdır. Ümumiyyətlə, Azərbaycanda bir adət-ənənə olub. Heç kim vəfat edən insan haqqında danışmağı və ya onu təhqir etməyi özünə sıxışdırmayıb. - Eks-prezidentlərin statusu haqqında qanun bu kimi hallarda sabiq prezidentləri müdafiə edə bilirmi? - Eks-prezidentlərin statusu haqqında qanuna, eləcə də yazılmayan qanunlara görə, tanınmış insanlar haqqında ölümündən sonra belə ifadələr işlətmək qəbul edilməzdir və bu həm də həmin fikirin müəllifinin səviyyəsinin göstəricisi hesab olunur. Əlbəttə, qanun eks-prezidentlərin şərəf və ləyaqətini qoruyur. İndiki halda Ağabəy Əsgərov Əbülfəz Elçibəy yolunda olan insanları təhqir edib. Düşünürəm ki, müxalifət düşərgəsində olan Əbülfəz Elçibəyin davamçıları məsələni bu cür qoymalı deyil, əksinə, bunu məhkəmə müstəvisinə qaldırmalıdırlar. - Bu işin məhkəməyə daşınması üçün əsaslar varmı? - Əlbəttə, var. Bu adam eks-prezidentin şərəf və ləyaqətini təhqir edib. Nəzərə almaq lazımdır ki, Əbülfəz Elçibəy Ayaz Mütəllibov kimi prezident olmayıb. Əbülfəz bəy yol yaradan, M.Ə.Rəsulzadə yolu ilə gedən bir şəxsiyyət olub. Hazırda müxalifət partiyalarının bir çoxu özünü bu yolun davamçıları hesab edir. Düşünürəm ki, həmin partiyalar bir araya gələrək bu məsləni məhkəmə müstəvisində qaldırmalıdır. - Milli Şuranın fəaliyyəti haqqında nə düşünürsünüz, sizcə, siyasi məhbuslarla bağlı dinləmə keçirməklə fəaliyyəti normal saymaq olarmı? - Fəaliyyət istədiyimiz səviyyədə deyil. Bildiyiniz kimi həm müxalifət, həm də vətəndaş cəmiyyəti səviyyəsində bir süstlük müşahidə edilir. Bu mənada biz etmək istədiyimizi, qarşımıza qoyduğumuz məqsəd istiqamətində tam fəaliyyət göstərə bilmirik. Amma buna baxmayaraq imkanın verdiyi həddə Milli Şura özünün iclaslarını keçirir, cəmiyyətdə baş verənlərə münasibətini ifadə edir. Milli Şura mayın 14-də siyasi məhbuslarla bağlı forum təşkil etdi, burada xeyli tanınmış insan iştirak etdi və sonda bəyanat qəbul edildi. Bu bəyanat tərcümə edilərək Avropa Şurasına, ATƏT-ə, Avropa İttifaqına göndərildi. Forumda bəlli oldu ki, Azərbaycanda 130 nəfərə yaxın siyasi məhbus var. Üstəlik Azərbaycan mayın 14-dən Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməyə başlayıb. 130 siyasi məhbusu olan bir ölkənin Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi mənəvi baxımdan doğru deyil. Başqa sözlə, 130 siyasi məhbusu həbsdə saxlayan hökumətin haqqı yoxdur ki, insan hüquq və azadlıqlarının qorunması işini həyata keçirən bir quruma sədrlik etsin. İkincisi, hakimiyyət hər vasitə ilə sübut etmək istəyir ki, Azərbaycanda siyasi məhbus yoxdur. Bu da onun nəticəsidir ki, vaxtı ilə Avropa Şurası Parlament Assambleyasında Ştrasserin siyasi məhbuslarla bağlı məruzəsi keçmədi. Əvəzində cənab Ştrasserin fəaliyyəti donduruldu. Bundan istifadə edən Azərbaycan iqtidarı siyasi məhbus anlayışı ifadəsinin özünün deformasiya etməyə başladı. İndi bizim hakimiyyət elan edir ki, siyasi məhbus siyasi maddələrlə həbs edilən şəxslərdir. Amma Azərbaycanda konkret olaraq fəalları siyasi maddələrlə həbs etmirlər. Siyasi fəallar əsasən xuliqançılıq, narkotika, silah saxlama maddələri ilə saxlanılır. Ziyalı Yadigar Sadıqov hansı maddə ilə həbs edilib? Xuliqanlıqla. Təsəvvür edin ki, ziyalı bir insanı, müxalifət fəalını xuliqanlıq maddəsi ilə içəri atıblar. NİDA-çı gəncləri molotov kokteyli maddəsi ilə tutublar. Hansı ölkədə molotov kokteyli ilə hakimiyyəti deviriblər? Hakimiyyət bu vasitələrlə siyasi rəqiblərini aradan çıxarır və zəiflədirlər. Sonrada dünyaya deyirlər ki, bizdə siyasi məhbus yoxdur. Halbuki bütün dünya bilir ki, bunlar saxta məlumatlardır və insanlar siyasi əqidəsinə, sərbəst toplaşmaq azadlığı hüququndan istifadə etmək istədiklərinə və hakimiyyətə yönəlik fəaliyyətlərinə görə, həbs ediliblər. Bu son dərəcə aydındır. Yəni ortada anlaşılmayan heç nə yoxdur. Məncə, bu üsullarla beynəlxalq ictimaiyyəti aldatmaq mümkün olmayacaq. - Mayın sonlarında əfv veriləcəyi haqda fikirlər səslənir. Siz müsbət bir şeylər gözləyirsinizmi? - Bu hakimiyyətdən yaxşı bir şey gözləmirəm. Amma heç olmasa Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edən bir dövlətin təmsilçisi kimi bu haqda düşünmək lazımdır. Əgər bunların daxilində real düşünən varsa, siyasi dustaqların azad edilməsi haqqında məsləhətlər verməlidir ki, mayın sonunda belə bir qərar qəbul edilsin. Bundan sonra Azərbaycanın Nazirlər Komitəsinə sədrlik etməsi mənəvi baxımdan qəbul edilən sayıla bilər. - Avropa Şurasının yay sessiyasında prezident İlham Əliyevin də iştirak edəcəyi haqda xəbərlər dolaşır. Həmin sessiyada siyasi məhbuslarla bağlı prezidentin qarşısında məsələlər qaldırıla bilərmi? - Milli Şuranın siyasi məhbuslarla bağlı təşkil etdiyi forumda qərar qəbul edildi. Mayın sonuna qədər siyasi məhbuslar azad edilməsə, biz Avropa Şurasının üzvlərinə şəxsi müraciətlər ünvanlayacağıq, yəqin ki, Strasburqa şəxsi nümayəndə də göndərəcəyik ki, İlham Əliyevin çıxışına qədər siyasi məhbuslar haqqında informasiya versinlər. Bu istiqamətdə Milli Şura özünün fəaliyyətini gücləndirəcək. Amma mən bir ziyalı olaraq hesab edirəm ki, mayın sonunda bir əfv fərmanı ilə siyasi məhbusların azadlığa buraxılması çox gözəl addım olardı. - Fransa prezidenti Fransua Ollandın Bakı səfəri və müxalifətlə görüşü bu düşərgədə müsbət stimul yaradıb? - Bu formada təqdim etmək doğru olmazdı. Sadəcə olaraq artıq beynəlxalq təşkilatlar da görür ki, bu hakimiyyət üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Əksinə, bundan hər vəclə yayınır. Ölkədə insan hüquqları, demokratik azadlıqlara əməl edilmir. Görünür, qərb də bu haqda düşünür. Bu günə qədər ölkəmizə gələn yüksək çinli siyasətçilər yalnız iqtidar nümayəndələri ilə görüşüblər. Amma görünür indi etiket qaydaları dəyişib. Azərbaycanın öhdəliyi olan dövlətlərin rəhbərləri bura gələndə müxalifətlə də görüşməli olacaq. HÜSEYN ABBASOĞLU
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?