Elxan Mehdiyev: “Fransa və Amerika nə qədər aktivlik göstərsə də, son sözü Rusiya deməlidir”
Suallara konfiliktoloq Elxan Mehdiyev cavab verib. Müsahibimiz əsasən Dağlıq Qarabağ münaqişəsindən, son günlər ATƏT-in Minsk qrupu həmsədrlərinin aktivləşməsindən, Azərbaycan-Fransa və Ermənistan-Fransa əlaqələrindən danışıb, Ukraynada baş verən prosesləri qiymətləndirib. - Elxan bəy, ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Uorlikin münaqişənin həllinə dair irəli sürdüyü altı təklifi necə qiymətləndirirsiniz? - Birincisi, cənab Uorilik yeni təkliflər irəli sürməyib. Əlbəttə, həmsədr bu mövzuda dərinlikləri bilməyən adam üçün məsələləri bir daha açıqlayıb. Bu baxımdan həmsədrin açıqladığı təkliflərdə yeni bir şey yoxdur. Amma indi Fransa prezidentinin Azərbaycan və Ermənistan dövlət başçılarını Parisə dəvət etməsi və orada Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparması təklifi alqışlanmalıdır. Lakin bu dəqiqə erməni tərəfinin işğal etdiyi torpaqlardan çıxmaq niyyəti yoxdur. Ona görə də prezident Fransua Ollanda bu görüşü təşkil etsə də, erməni tərəfi bu müzakirələri “yola” verməklə vaxt udmaq haqqında düşünəcək. -Demək istəyirsiniz ki, amerikalı həmsədrin açıqladığı təkliflərdə hər hansı bir yenilik yoxdur? -Bəli, mən hesab edirəm ki, bu təklifləri yeni təkliflər kimi təqdim etmək doğru deyil. Bu təklif indiyə qədər bir neçə dəfə səsləndirilib. -Bəs onda niyə həmsədr Uorilik qəfildən bu təkliflərə qayıtdı və onu gündəmə gətirdi? - Bu təklif çoxdan açıqlanıb, indi sadəcə olaraq yenidən gündəmə gətirilib. Nəzərə alın ki, Uorilik haradasa səkkiz aya yaxındır ki, həmsədr kimi Dağlıq Qarabağ problemi ilə intensiv məşğul olur, hamı ilə görüşür, müzakirələr aparır. Həm də istəyir ki, bu münaqişə həll edilsin. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında əldə olunan atəşkəsin 20 ili tamam olur. Həmsədr də bu təklifləri gündəmə gətirməklə qeyd edir ki, status-kvo bu cür davam etməməlidir, bu qəbuledilməzdir, ortada həmsədrlərin irəli sürdüyü yol xəritəsi var. Həm də həmsədr bu təklifləri tərəflərin qəbul etməsində problem görmür. Əslində rossional düşüncə də cənab həmsədrin sözünü deyir. Ancaq erməni tərəfi işğal etdiyi torpaqlarımızdan çıxmaq istəmir. Onlar məsələni uzatmaqla daha uyğun şərtlərin ortaya çıxmasını gözləyirlər. İndiki halda erməni hakimiyyəti öz vətəndaşlarını elə pisxoz vəziyyətə salıb ki, başını ordan qaldırıb kənara baxmaq iqtidarında olan yoxdur. Əslində isə bir qədər dərinə getsək, cənab Uorlikin gündəmə gətirdiyi təkliflər, eləcə də həmsədrlərin birgə planı son nəticədə Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına aparır. Bu da ermənilərin əsas məqsədidir. Sadəcə ermənilər bunun Azərbaycan tərəfindən tam qəbul edilməsini istəyirlər. Yəni Azərbaycan tərəfi danışıqlarda bu haqda onlara söz versin və bundan sonra erməni tərəfi başqa məsələlərə qoşulsun. - Buna qədər amerikalı həmsədr Azərbaycan tərəfindən ciddi tənqid edilirdi. Siz bu tənqidlərə əsas görürdünüzmü? - Həmsədrin əvvəlki çıxışları görə, Azərbaycan tərəfindən tənqid olunması doğru idi. Mən deməzdim ki, onun indiki çıxışları tamamilə azərbaycanpərəst bir çıxışdır. Əsla! Sadəcə onların təbirincə desək, amerikalı həmsədr heç bir tərəfin bilavasitə marağına xidmət etməyən sülh planını gündəmə gətirib. İndilikdə onun bu plana görə tənqid edilməsi düzgün olmazdı. Amma əvvəlki çıxışlarına görə, mən Azərbaycan hökumətinin mövqeyini tam dəstəkləyirdim. O zaman həmsədr tamamilə ermənipərəst olduğunu göstərirdi. Bu da, əlbəttə ciddi tənqid edilməli idi. -Fransa prezidenti Fransua Ollandın Azərbaycan səfərini necə şərh edirsiniz? -Fikrimcə, Fransa prezidentinin səfəri əhəmiyyətlidir. Fransa dünyada 5-6 nəhəng və nüfuzu olan dövlətdən biridir. Onun Azərbaycanın dövlət müstəqilliyini tanıması, bura səfər etməsinin özü olduqca önəmlidir. Yəni ən önəmlisi Fransa prezidentini səfəri faktıdır. -Bəs bu səfər demokratiya, insan hüquqları, Qarabağ məsələsində hər hansı bir üstünlük verəcəyi ehtimalı varmı? -Ehtimalı var. Amma faktiki kömək baxımından onların tutduğu davamlı mövqe əsas rol oynayacaq. -İndiyə qədər onların tutduğu davamlı mövqe nədən ibarət olub ? -Fransa hökumətinin mövqeyi bu regionda sülhün, stabilliyin, inkişafı tərəfindədir. Onların burada hansısa bəd niyyəti yoxdur. Bu baxımdan Olland bura xoş niyyətlə gəlmişdi. Təbii ki, onların ermənilərlə humanitar istiqamətdə ciddi yaxınlığı var və bu da səfər zamanı özünü göstərirdi. -Ermənipərəstlik etmələri özünü nə də göstərirdi? -Erməni işğalını açıq qeyd etməməkdə. -Biz gördük ki, prezident Olland İrəvanda saxta erməni soyqrımı məzarını ziyarət etdi, ermənilərə sona qədər dəstək olacaqlarını açıqladı və Türkiyəni “erməni soyqrımını” tanımağa çağırdı... -Birincisi, Ollandın Türkiyə “erməni soyqrımı” tanısın bəyanatına düşmən kimi baxmaq düz deyil. Çünki buna qədər Ərdoğan hökuməti soyqrımı tanımaq istiqamətində ilk addımı atıb və növbəti addım da bu soyqrımı tanımaqdan ibarət ola bilər. Ona görə də, bu mövzuda bir qədər ehtiyatlı danışmaq lazımdır. İkincisi, ermənilər Osmanlı dönəmindən başlayaraq Fransada məskunlaşıblar. Birinci dünya müharibəsi zamanı ermənilər Fransanın Osmanlıya qarşı müharibəsində onlara kömək ediblər. Sonra da Fransaya sığınıblar. Ən əsası ermənilər intellektual baxımından Fransaya inteqrasiya olunub, mədəniyyət, siyasət, elm sahəsində öz töhvələrini veriblər. Beləcə həm Fransa dövlətinin, həm də xalqının rəğbətini qazanıblar. Ən əsası isə Osmanlı ilə Fransa illər boyu düşmən münasibətdə olub, savaşlarda üz-üzə gəliblər. Odur ki, Fransa tarixi və ədəbiyyatı Türkiyəyə qarşı nifrət və mənfi stereotiplərlə doludur. Ermənilər də bundan Türkiyəyə qarşı ustalıqla istifadə edirlər. Bu da, erməni və fransız xalqını Türkiyəyə qarşı birləşdirib. -Ancaq tarixdə başqa faktlar da var. Məsələn, Napoleon Rusiya ilə vuruşanda onların bu bölgədə yeganə müttəfiqi Qacarlar olmuşdu... -Məncə, siz səhv edirsiniz. Qacarlar türk sülaləsi ola bilərdi, amma söhbət ondan gedir ki, onlar İran dövlətini idarə edirdilər. Sultan Səlimdə, Təhmasib də türk idi, amma bir-birləri ilə düşmən idilər. Həm də İran müxtəlif dövrlərdə Osmanlıya qarşı Avropa ilə bir yerdə olub, amma heç vaxt Osmanlı ilə müttəfiqlik edərək Avropaya qarşı olmayıb. Burada etnik tərkibi qabartmaq ki, Qacarlar türk idi, məncə, doğru deyil. Biz onu deyə bilərik ki, Osmanlı ortaya çıxandan süqut edənə qədər Fransa ilə ideoloji və dini savaş gedirdi. Osmanlı islam bayrağı altında Avropanı fəth edirdi, Vyananı mühasirədə saxlayırdı və s. Odur ki, bütün kilsə və ədəbiyyat türkə qarşı nifrət üzərində köklənmişdi. Fransa da bu özünü daha qabarıq büruzə verirdi. Amma İrana qarşı heç vaxt belə münasibət olmayıb. -İndi yaranan beynəlxalq situasiya Dağlıq Qarabağ probleminin həlli üçün nə dərəcədə münbitdir? - Məncə, münbit şərait yoxdur. Nəzərə alın ki, indi Rusiyanın başı Ukraynaya qarışıb. Və bu məsələdə əsl söz sahibi Rusiyadır. Rusiya Ukraynada məsələni həll etmədən bu münaqişəyə diqqət ayırması bir qədər sual doğurardı. Ancaq hər şey baş verə bilər. - İndi baş verənlər göstərir ki, Fransa və ABŞ bir qədər aktivlik nümayiş etdirir, Rusiya isə bunu tarixin ümidinə buraxıb... - Rusiyanın başı qarışıb. İkincisi, Fransa və ABŞ tərəfi nə qədər aktivlik nümayiş etdirsə də, son nəticədə bir şey edə bilməz. Bu məsələdə açar Rusiyanın əlindədir. Ermənistanı hərbi və iqtisadi baxımdan Moskva saxlayır. Erməni hökuməti də Moskvadan asılıdır. Odur ki, Azərbaycan gərək Rusiya ilə yaxşı münasibətlərdə olsun. - Biz Rusiyadan nə dərəcədə asılıyıq? - Azərbaycan da Rusiyadan asılıdır. Amma bu Ermənistanın Rusiyadan asıllığından bir qədər fərqlidir. Burada daha çox siyasi rejimin Rusiya ilə hesablaşması siyasəti var və məqsəd hakimiyyəti qorumaqdır. Ermənistan isə Qarabağı əlində saxlamaq üçün Rusiyadan tam asılıdır. Çünki Moskva əlini Ermənistanın üzərindən çəksə, işğal etdikləri torpaqları itirmək ehtimalı həndəsi silsilə ilə artacaq. Bu baxımdan Ermənistan üçün Rusiya işğal etdiyi torpaqları əlində saxlamaq şansıdır. Bizdə isə sadəcə hakimiyyəti qorumaq üçün Rusiya ilə münasibətlər saxlanılır. Məsələn, 1995-ci ildə Rusiya Ermənistana 1 milyard dollarlıq silah ötürmüşdü. Prezident Heydər Əliyev bu məsələnin üzərinə getdi, ölkədə ictimai dinləmələr, mitinqlər keçirildi, bu silahların geri qaytarılması tələb edildi və s. Sonra Moskva Sürət Hüseynovu Bakıya verdi və bununla da məsələ bitdi. Başqa sözlə, Rusiya erməniyə 1 milyard dollarlıq silah, Azərbaycana isə Sürət Hüseynovu verdi. Hələ bizdə də kompaniya getdi ki, bəs Sürəti Moskvadan belə geri aldılar. - Deyirsiniz ki, Rusiyanın başı Ukraynaya qarışıb. Bu istiqamətdə nə gözləyirsiniz? - Məncə, bu proses getdikcə gərginləşəcək. Ukrayna prezidenti taxta çıxandan sonra vəziyyət tədricən səngiyəcək. Məncə, Rusiya seçkini tanıyacağı siqnalını verib. Mümkündür ki, Donetskidə 25 may seçkilərinin keçirilməsinə problem yaratsınlar, amma başqa şəhərlərdə seçki baş tutacaq. Rusiya çalışır ki, Ukraynanın şərqində yeni “respublikalar” yaratmaqla həm də yeni situasiya yaratsın. Yeni seçilən prezidentə də desinlər ki, biz heç kimə səs verməmişik, müstəqil qurumlarıq və s. Beləcə, Ukraynanı federativ dövlətə çevrilsin. Rusiya istəyir ki, Ukraynada belə bir konstitusion dövlət qurulsun. Bu da gələcəkdə Ukraynanın Avropa Birliyinə və NATO-ya girməsinə problem yaratsın. Məqsəd Ukraynanın əl-qolunu bağlamaqdır. Hazırda Rusiya məqsədini uğurla həyata keçirir. Əslində ABŞ və Avropa Ukrayna hökumətinə məsləhət görür ki, bölgələrlə danışın, onların hüquqlarını təsbit edən konstitusion quruluşa gedin. Çünki əks təqdirdə Donetski və digər bölgələr əldən gedə bilər. Qərb dünyası Ukraynanı bütöv görmək istəyir. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?