Azad İsazadə: “İndi Qərblə Rusiya arasında postsovet ölkələri öz tərəflərinə çəkmək uğrunda mübarizəsi gedir”
Son zamanlar Azərbaycan-Ermənistan cəbhə xəttində vəziyyət gərgin həddə çatıb. Erməni silahlı qüvvələri Azərbaycan kəndlərini, eləcə də mövqelərimizi aramsız atəşə tutur. Bu həm də Dağlıq Qarabağ münaqişəsinin həllinə dair proseslərin sürətləndiyi bir dönəmə təsadüf edir. Bu mövzular ətrafında suallarımıza hərbçi Azad İsazadə cavab verib. Müsahibəni təqdim edirik. - Azad bəy, son bir həftədə cəbhədə vəziyyət mürəkkəbləşib, erməni silahlı qüvvələri demək olar ki, hər gün atəşkəsi pozurlar. Cəbhədə vəziyyətin gərginləşdirilməsi sizcə, nəyə hesablanıb? - Nəzərə almaq lazımdır ki, regionda yeni bir mərhələ başlayıb. Mən bunu deyərkən Ukraynada baş verənlərlə yanaşı, Amerikanın yeni təkliflərini və Kremlin Qarabağla bağlı son bəyanatını nəzərdə tuturam. Əslində isə istər əsas xarici qüvvələrin mövqeyi, istərsə də Azərbaycan və Ermənistanın maraqlarının üst-üstə düşməməsi sözsüz ki, gərginliyi bir qədər də artıracaq. İndi aydındır ki, beynəlxalq səviyyədə Qarabağ probleminin həlli ilə əlaqədar sanki bir irəliləyiş müşahidə olunur. Heç olmasa biz bunu bəyanatlar formasında müşahidə edirik. Razılıq olmasa da, bir-birinə zidd olan ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazır olduqlarını deyirlər. İstisna edilmir ki, istər Ermənistan, istərsə də Dağlıq Qarabağdakı separatçı rejim bundan ciddi narahatdır və çalışacaq ki, gərginliyi artırsın. Bu arada xatırladım ki, bir müddət əvvəl həmsədrlər regiona səfər edərkən Laçında yaşayan ermənilər onların qarşısını kəsiblər, piket keçirərək etirazlarını bildiriblər. Bu isə bizə deməyə əsas verir ki, ABŞ-dan olan həmsədrin səsləndirdiyi sonuncu təkliflər erməniləri narahat etməyə başlayıb. Məhz buna görə də, istisna etmirəm ki, erməni tərəfi cəbhədə vəziyyəti gərginləşdirməyə başlayacaq. Bunu etməkdə əsas məqsəd isə tərəflərin razılığa gələ bilmədiyini nümayiş etdirməkdir. - Siz hesab edirsiniz ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin münaqişənin həllinə dair son açıqlamaları erməni tərəfinin marağına xidmət etmir? - Ermənistanda buna oxşar fikirlər səslənir. - Bəs siz özünüz bu təkliflər haqqında nə düşünürsünüz? - Bu təkliflər məsələ həll edilmədiyi indiki mərhələdə müsbət görünür. Halbuki, həmin təkliflərdə hər şeyin Azərbaycanın maraqlarına uyğun olduğunu da demək olmaz. Amma bu təkliflər münaqişənin həlli istiqamətində sıfır nöqtədən bir qədər irəliləmə deməkdir. Məsələn, Minsk qrupu tərəfindən ilk dəfədir səslənir ki, işğal edilən yeddi rayon Azərbaycana qaytarılsın. Sizin nəzərinizə çatdırım ki, Madrid prinsiplərinə görə, Dağlıq Qarabağın statusu müəyyən olunmayacağına qədər Laçın və Kəlbəcər Azərbaycana qaytarılmırdı. Bu mənada Amerikalı həmsədrin son təkliflərini yeniləşmiş Madrid təklifləri də hesab etmək olar. Bu mənada hesab edirəm ki, yeddi rayonun geri qaytarılması məsələsi müsbət hal kimi qeyd edilməlidir. Amma sözsüz ki, Dağlıq Qarabağın statusu məsələsi olduqca mürəkkəb məsələdir və onun gələcəkdə necə həll ediləcəyi də bilinmir. Amma indiki vəziyyətdə Amerikalı həmsədrin təklifləri Azərbaycan baxımından müsbət qiymətləndirilə bilər. - Amerikalı həmsədr tərəfindən irəli sürülən təkliflərin həyata keçməsi nə dərəcədə realdır? - Səmimi deyim ki, buna inanmaq çox çətindir. Çünki Ermənistanın əlində bu cür təklifləri gündəmdən çıxarmaq üçün çox sərfəli rıçaqları var. Ermənistan ya nəyəsə razılaşır, ya da razılaşmır. Odur ki, mən hesab edirəm ki, müəyyən problemlərlə də rastlaşa bilərik. - Rusiya indiki mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı prizmadan yanaşır? - Əslində maraqlı proses yaşanır. Ötən həftə mətbuatda belə bir xəbər verildi ki, Kreml Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazırdır. - Bu nə dərəcədə səmimi mövqedir? - Bu sadəcə siyasi gedişdir. Hal-hazırda Qərblə Rusiya arasında keçmiş postsovet respublikalarını öz tərəfinə çəkmək uğrunda mübarizəsi gedir. Sözsüz ki, Moskvada yaxşı başa düşürlər ki, Dağlıq Qarabağ Azərbaycan üçün ən vacib və əhəmiyyətli məsələlərdən biridir. ABŞ isə indiki mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının vacibliyini irəli çəkir və buna hazır olduğunu ifadə edir. Əgər ABŞ buna hazırdırsa və bu onun marağındadırsa, deməli Azərbaycan bir qədər də Rusiyanın təsir dairəsindən çıxa bilər. Ona görə də, ABŞ-ın bu mövqeyindən dərhal sonra Kreml münaqişənin həllinə dair özünün köməyini təklif etdi. Halbuki, Rusiya bu haqda heç vaxt açıq danışmırdı. - Deməli, söhbət yenə də siyasi bəyanatlardan gedir və bunun problemin həllinə heç bir təsiri olmayacaq... - Çox güman ki, siz haqlısınız. - Ancaq amerikalı həmsədr əvvəl açıq ermənipərəst mövqedən çıxış edirdi və Azərbaycan tərəfinin sərt tənqidi ilə qarşılaşdı. Bəs nədən indi cənab Uorlik nisbətən Azərbaycanın xeyrinə uyğun təkliflər səsləndirdi? - Amerikadan olan həmsədr ermənipərəst mövqeyini əsasən şəxsi yazılarında ifadə edib. Daha çox Facebook və ya Twitter kimi sosial şəbəkələrdə bu haqda fikirlərini yayıb. Həm də nəzərə alın ki, bu mövqeyi biz ermənipərəst mövqe kimi qəbul etmişik. Ancaq həmsədrin özünə elə gəlirdi ki, yazdıqları neytral fikirlərdir. Əslində mən də hesab edirəm ki, cənab həmsədrin fikirlərində ermənipərəst yanaşmalar var idi. Amma bütün bunlar onun şəxsi fikirləri idi. Onun sonradan açıqladığı təkliflər onun şəxsi deyil, ABŞ dövlətinin mövqeyidir. Deməli onun şəxsi fikirləri öz yerində qalır, eyni zamanda ABŞ dövlətinin münaqişənin həll edilməsi yolları haqqında münasibətini də ortaya qoyur. Yəni burada ola bilsin ki, şəxsi mövqe ilə dövlət mövqeyi fərqlənir. Amma bizim üçün əsas olan dövlətin mövqeyidir. - Hazırda cəbhədə baş verən gərginliklə bağlı hansı proqnozlar irəli sürə bilərsiniz? - Mənə elə gəlir ki, bu gərginlik mühüm döyüşlərə keçməyəcək, amma indiki təxribatlarla aparılan danışıqları uzağa atmaq, vaxt udmaqdan ibarətdir. Yeri gəlmişkən, mümkündür ki, indi Rusiya Qarabağla bağlı proseslərdə vaxt udmaqda maraqlı tərəfdir. Rusiya həm də çalışır ki, vaxt udmaqla Ukraynada baş verən prosesləri yoluna qoysun. Hazırda Moskvanın bütün diqqəti Ukraynaya istiqamətlənib. Moskva düşünür ki, başı Ukraynaya qarışdığı üçün ABŞ Qarabağla bağlı nəsə edə bilər. Ona görə də, Rusiya çalışa bilər ki, ermənilərin əli ilə vaxt udsunlar. Bunun üçün ən məqbul vasitə atəşkəsin mütəmadi pozulması ola bilər. - Ukraynada baş verən proseslər Dağlıq Qarabağ münaqişəsinə hansı formada təsir edir? - Şübhəsiz ki, təsir edir və hətta münaqişəni bir qədər yerindən də tərpədib. İndi problemin hansı tərəfə doğru yerindən tərpnədiyini demək çətindir. Amma proseslər göstərir ki, tərpənmə guya Azərbaycan tərəfədir. Amma biz burada mütləq ehtiyatlı olmalıyıq, çünki proseslərin sonu həm də Ukraynada baş verənlərin necə bitməyindən də asılı olacaq. Rusiya Ukraynanı tam təsiri altına sala biləcəksə, bu Avropanın ərazisinə görə, ən böyük dövlətinə sahib olmaq deməkdir. Bundan sonra sözsüz ki, Moskvanın Azərbaycana təzyiqləri çoxalacaq və Dağlıq Qarabağ probleminin həlli çətinləşəcək. İstisna etmirəm ki, müsbət həll ola bilər. Amma unutmamalıyıq ki, bizim üçün Dağlıq Qarabağ birmənalı Azərbaycan torpağıdır. Amma biz anlamalıyıq ki, indiki müasir vaxtda Dağlıq Qarabağı digər işğal edilən rayonlar kimi tam əldə edə bilməyəcəyik. Sözsüz ki, hansısa statusdan, muxtariyyətdən söhbət gedəcək. Amma yaxın vaxtlarda Bakı Qarabağ üzərində tam nəzarəti əlinə götürə bilməyəcək. Heç olmasa təsirlər, o torpaqlara ayaq qoymaq ola bilər. Məsələn, biz orada hansısa layihələr həyata keçirə bilərik və gələcəkdə status və referendum keçirilən zaman ermənilərin arasında öz tərəfdarlarımızı tapa bilək. - Azərbaycanın müdafiə naziri dəyişib, neçə müddətdir ki, kadr dəyişmələri həyata keçirilir. Siz Azərbaycan Ordusunun durumunu necə qiymətləndirirsiniz? - Bilirsiniz ki, mən daima mətbuatda Azərbaycan ordusunu ciddi şəkildə tənqid edirdim. Neqativ halları açıqlayır və bunu sərt formada tənqid edirdik. Amma gəlin bu gün real danışaq. Ukrayna hadisələri göstərdi ki, Ukraynada ordu ümumiyyətlə yoxdursa, Azərbaycanda bu gün ölkənin ərazi bütövlüyünü qoruyan bir qüvvə var. Bəlkə də, bu qüvvə əla vəziyyətdə deyil, amma Ukrayna ilə müqayisədə bizdə real döyüşə hazır ordumuz var. Bu baxımdan ordu bizim əlimizdə real arqumentdir. Və təsadüfi deyil ki, bir sıra təlimlər də keçirilir. Naxçıvanda keçirilən son təlimlərdən sonra Ermənistan siyasətçiləri açıq narahatçılıqlarını ifadə edirdilər. Amma sözsüz ki, ordu üzərində vətəndaş cəmiyyətinin nəzarəti daimi xarakter almalıdır. Mən ümid edirəm ki, bu proses də gedəcək. Biz müqayisə nəticəsində görürük ki, məhz Dağlıq Qarabağ münaqişəsinə görə, vaxtında ordu yaratmışıq və Ukrayna vəziyyətinə düşə bilmərik. Siz də bilirsiniz ki, bir müddət Ukraynada heç ordu yox idi. Krımda ümumiyyətlə müqavimət göstərilmədi və s. Bu baxımdan Azərbaycan ordusu xeyli irəlidədir. - Orduda aparılan kadr dəyişikliklərini necə qiymətləndirirsiniz? - Burada mən əvvəlki illərdə söylədiyim mövqedə dayanıram. Hesab edirəm ki, bir zabiti digər zabitlə əvəzləməklə məsələ həll olunmayacaq. İslahatlar, reformalar, struktur dəyişiklikləri lazımdır. Məmmədi Əli ilə dəyişmək azdır. Mən hələlik struktur dəyişikliklərini görmürəm. Onu da qeyd edim ki, orduda əvvəl neqativ hallar çox idi. Ordu rəhbərliyi dəyişdikdən sonra sanki bir müddət orduda neqativ hallar, əsgər problemi kimi istiqamətlərdə vəziyyət düzələn kimi oldu və ya səngidi. Amma indi görürük ki, bu problem yenidən başını qaldırıb. Əslində bunun səbəbi reformalar və struktur dəyişikliklərinin olmamasındadır. Əgər bu dəyişikliklər olsa, əsgərlə psixoloji tərbiyə işləri genişləndirilsə, biz irəli gedə bilərik. [b]Hüseyn ABBASOĞLU[/b]
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?