Əli Abbasov: “Azərbaycanın imkanı var ki, Bakını sözün əsl mənasında regionun paytaxtına çevirsin”
Son günlər Qeyri Hökumət Təşkilatlarının (QHT) fəaliyyətində ciddi problemlərin yarandığı deyilir. Bildirilir ki, qanuna son dəyişikliklərdən sonra QHT-lərin fəaliyyətinə maneələr daha da sərtləşib. Bir çox QHT-lər əldə etdikləri qrantları almaq üçün azı 1 ay Ədliyyə Nazirliyinə məktub yazmalı, ondan cavab gözləməli olur. İki gün öncə isə iyirmidən çox QHT nümayəndəsi dövlət başçısına müraciət edərək bu institutla bağlı yaranan maneələrin aradan qaldırılması üçün prosesə müdaxilə etməsini istəyiblər. Bu mövzuda AMEA-nın Fəlsəfə İnstitutunun sabiq direktoru, fəlsəfə elmləri doktoru, professor Əli Abbasovla müzakirə aparmışıq. - Əli müəllim, son zamanlar QHT nümayəndələri ölkədə QHT-lərlə bağlı durumun ağır olduğunu bildirir, fəaliyyətə qanuni maneələrin olduğunu deyirlər. Hətta bu səbəbdən bir qrup QHT dövlət başçısına müraciət də edib. Siz bir QHT nümayəndəsi kimi necə düşünürsünüz, QHT-lərin sərbəst fəaliyyəti ilə bağlı ölkəmizdə problemlər varmı? - Problemlər az deyil. Birinci, problem odur ki, QHT-lər o qədər də müstəqil deyillər. İkincisi, başqa ölkələrlə müqayisədə Azərbaycanda fondların sayı çox azdır və getdikcə də azalır. Qalanları da, layihəni verərkən böyük proseduralardan keçmək öhdəliyini qoyurlar. Elə bil ki, hər bir qrant müvafiq qurum tərəfindən qeydiyyata alınmalı, sanki buna icazə verilməlidir. Vaxtı ilə bizdə belə problemlər yox idi. QHT-lərin fəaliyyəti haqqında qanunlar get-gedə sərtləşdirilir və sanki dövlətin nəzarətinə götürülür. Postsovet ölkələrində QHT-lərlə işləyən dövlət təşkilatları da yoxdur. Azərbaycanda isə belə təşkilat var və dövlət qeydiyyatından keçərək ondan istifadə etmək olar. Biz bilirik ki, indi Azərbaycanda fəaliyyət göstərən QHT-lər iki yerə parçalanıb. Bunlardan biri hakimiyyətə yaxındır, digəri isə müstəqil QHT-lərdir. Bir də hər bir QHT inkişaf edərək bir səviyyədən digər mərhələyə keçə bilmir. Bunun üçün təşkili qrantlar lazımdır. Xaricdə belə QHT-lərə təşkili qrantlar da verilir ki, bu qurum inkişaf etsin. Bizdə isə belə imkanlar yoxdur. QHT böyük məbləğdə qrantlar almalıdır ki, bu dəyişiklikləri həyata keçirsin. Mən bizim QHT-lərin bir nöqsanını da deyim. Azərbaycan QHT-ləri başqa ölkələrin QHT-ləri ilə əlaqələr yaratmaqda sanki maraqlı deyillər. Nəzərə almaq lazımdır ki, dünyada bu təşkilatların öz mərkəzləri var və ayrı-ayrı ölkələrdə öz nümayəndəliklərini açırlar. Təbii ki, mən hansısa hərəkatda iştirak edirəmsə, dünyanın reallığını nəzərə alaraq onlarla birgə hərəkət etməliyəm. Bizdə isə bu cür deyil. Əksinə, bizdə QHT-lər öz işi ilə məşğul olurlar və onların hansısa beynəlxalq şəbəkələrə qoşulub inkişafla bağlı məsləhət almaq maraqlı deyil. Başqa problemlər də var. Ümumi vəziyyət bundan ibarətdir. - Siz qeyd etdiyiniz məsələlər süni problemlərdir, yoxsa texniki? - Siz bilirsiniz ki, QHT-lərin fəaliyyəti ilə bağlı qanun qəbul edildi, sonradan ona müəyyən dəyişikliklər olundu. Bundan narazı olan QHT-lər öz etirazlarını bildirdilər. Hətta prezidentə müraciət ünvanlayıblar. Amma qanuna son dəyişikliklər QHT-lərin fəaliyyətini nəzarətdə saxlayır, hökumətə imkan yaradır ki, istədiyi QHT-nin fəaliyyətini dayandırsın. - Azərbaycanda QHT-lər çox olsa da, müstəqil QHT-lərin sayı azdır. Sizcə, niyə? - Səbəb odur ki, müstəqil olursansa maliyyə problemi ilə üzləşə bilərsən. Ola bilər ki, layihə ala bilməyəsən. Çoxlu QHT faktiki olaraq bağlanıb, çünki maliyyə dəstəyi yoxdur. Həm də nəzərə almaq lazımdır ki, QHT bir nəfərdən ibarət ola bilməz. Heç olmasa bir QHT-də beş nəfər təmsil olunmalıdır. Qanuna son dəyişikliklərdən sonra QHT-lərin qarşısına tələb qoyulub ki, qrantın olub-olmamasından asılı olmayaraq əməkdaşların əmək haqqını verməlisən. Və ya sən bunu edə bilmirsənsə, o zaman fəaliyyətini dayandıra və təşkilatını bağlaya bilərsən. Belə səbəb də var. Başqa sözlə, hər bir QHT işləmək istəyir. Amma maliyyə imkanları olmayanda müstəqil QHT-lər fəaliyyətlərini dayandırmalı olurlar. - QHT-lərin fəaliyyətini dayandırması cəmiyyətimiz üçün nə dərəcədə təhlükəlidir? - Təbii ki, təhlükəlidir. Mənim yadımdadır, vaxtı ilə bütün sosial sferada QHT-lər ciddi işləyirdi. Baqa sözlə, bu sferada olan problemlər qaldırılır və sonradan bu həll edilirdi. İndi isə baş verənlər ona gətirir ki, vətəndaş cəmiyyəti qurumlarının fəliyyəti bu formada bağlanır. Bu da ciddi problemdir. - İyirmi ildən çoxdur ki, müstəqilik. Müstəqilliyimizin ilk illərində bizdə ciddi və çoxlu QHT-lər yarandı. Bəs nədən bu QHT-lər güclü vətəndaş cəmiyyətini formalaşdıra bilmədi? - Ona görə ki, bunun təşkil formalarına çatmaq üçün imkan yaratmırlar. Dövlət maraqlıdır ki, güclü vətəndaş cəmiyyəti olsun. Amerikada dövlət orqanları tərəfindən QHT-lərə bəzi səlahiyyətlər və maliyyə verilir ki, müəyyən işlərlə bu qurumlar məşğul olsun. Məsələn, təhsil, səhiyyə ilə bağlı mövzularda. Həmdə xaricdə böyük şəhərlərdə meri seçirlər. Yeni merdə özü ilə birgə komanda gətirir. Yəni bu da bir növ QHT-nin komandası kimi komandanın yerli icra qurumna gəlməsidir. Dövlət də, bu prosesə normal yanaşır. Çünki bəzi məsələlərlə bağlı yükdən azad edilir. Odur ki, inkişaf etmiş xarici ölkələrdə hər iki tərəf maraqlıdır ki, bu proses davam etsin. Çünki biri maliyyə alıb işləyir, digəri isə daha iri problemlərlə məşğul olur. Ancaq bizdə hələlik bu mexanizm yoxdur və ona yol da açmayıblar. Əksinə, kimsə hansısa funksiyanı üzərinə götürüb dövlət qurumuna qarşı təsir göstərirsə, həmin an belə QHT-lərə qarşı kəskin çıxışlar baş verir. - Belə davam etsə müstəqil və bitərəf QHT-lər tam olaraq sıradan çıxa bilərmi? - Ehtimal kimi səslənə bilər. Amma mən düşünmürəm ki, vətəndaş cəmiyyəti institutları bir mexanizm olaraq tam sıradan çıxsın. Biz görürük ki, yeni QHT-lər yaranır və yeni imkanlar açılır. Amma bu gün olan vəziyyət bir o qədər də xoş deyil. Bu reallıqdır və biz bu reallığı qəbul etməliyik. Ümumiyyətlə, QHT-ni bir institut kimi sıradan çıxarmaq olmaz. Amma hansısa baryerlər tətbiq edərək onların inkişafına mane olmaq mümkündür. Məncə, bu forma daha çox realdır, nəinki QHT-ləri tam sıradan çıxarmaq. - Azərbaycan Cənubi Qafqazın ən böyük dövlətidir. Ancaq Gürcüstanda və Ermənistanda QHT-lərin sayı bizim ölkəmizdəki QHT-lərin sayından çoxdur. Buna səbəb nədir? - Bu çox vacib və maraqlı məsələdir. Açıq görünür ki, adını çəkdiyiniz ölkələrdə QHT-lərin sayı Azərbaycanla müqayisədə çoxdur. Ola bilsin ki, bu daha çox mühit və qanunvericiliklə bağlıdır. Buna baxmayaraq mən bilirəm ki, Gürcüstan və Ermənistanda da QHT-lərin öz problemləri var. Dövlət tərəfindən yaradılan problemlərə də rast gəlinir. Ancaq bu ölkələrdə dövlət qeydiyyatına alınmaq, inkişaf etmək, iş görmək, dövlət qurumlarından informasiya almaq mürəkkəb məsələ hesab olunmur. Bizdə isə qeydiyyatla bağlı ciddi problemlər var və bu haqda mətbuat hər gün yazır. - Ölkəmizdə fəaliyyət göstərən xarici donorlar müstəqil QHT-lərə çox layihə verir, yoxsa hökumətə yaxın olan QHT-lərə? - Mən bunu desəm informasiyam düz çıxmaz. Çünki məndə informasiya yoxdur. Bunun üçün statistik rəqəmlərə baxmaq lazımdır. Mən bir vaxtlar Soros Fondunun Bakı ofisində İdarə Heyətinin üzvü olmuşam. Həmin vaxt biz çalışırdıq ki, qranları müstəqil QHT-lər əldə etsin. Amma indi mən heç nə bilmirəm. Həm də Soros Fondu kimi fondlar demək olar ki, qalmayıb. Qalanların fəaliyyətində də hansısa problemlərin və nöqsanların olduğu deyilir. Amma bilirəm ki, Azərbaycandakı bütün fondların maliyyə imkanları belə ölkəmizdə olan QHT-lərin sayından çox aşağıdır və heç kimə də çatmır. Təbii ki, Ermənistanda vəziyyət belə deyil. Gürcüstanda vəziyyət xüsusilə müsbətə doğru dəyişib. Gütcüstanda QHT-lərə külli miqdarda qrant verirlər. Bəzən adama elə gəlir ki, QHT sanki dövlət qurumudur. Onlar birdən-birə 150-200 min dollar layihə alırlar. Yəni proyektlər olduqca böyük masştablı olur. Həm də Gürcüstanda fəaliyyət göstərən xarici fondların sayı bizimlə müqayisədə bir neçə dəfə çoxdur. Əslində Cənubi Qafqazda bir nömrəli inkişaf edən ölkə Azərbaycandır. Amma bütün xarici fondlar, beynəlxalq qurumlar Tiflisdə yerləşir. Ötən əsrin əvvəlində də belə olub, indi də belədir. Fikrimcə, Azərbaycanın imkanı var ki, Bakını sözün əsl mənasında Cənubi Qafqazın paytaxtına çevirsin. Amma belə baxanda bizdə neftlə bağlı təşkilatlardan savayı donorlar yoxdur. Mən bilmirəm buna səbəb nədir. Bəlkə dövlətin marağı yoxdur ki, Bakını Cənubi Qafqazın paytaxtı etsin. Hər halda səbəb mənə bəlli deyil. - Niyə beynəlxalq fondlar, donorlar Azərbaycandan getdi, nədən Azərbaycan QHT-ləri maliyyəsiz qaldı, əvəzində Gürcüstan QHT-ləri böyük qrantlar ala bilirlər? - Sizə bir misal çəkim. 2007-ci ildə Şərq Tərəfdaşlıq Proqramı qəbul olundu. O zaman Avropa Birliyi tərəfindən bu proqrama qoşulan 6 ölkəyə maliyyə dəstəyi verildi. Ən az miqdarda maliyyə dəstəyi Azərbaycanın payına düşdü. Təsəvvür edin ki, Azərbaycana verilən maliyyə dəstəyi Ermənistana verilən maliyyədən də az oldu. Hələ o zaman xaricilər hesab edirdilər ki, Azərbaycanın pulu çox, digər ölkələrin isə pulu yoxdur. Həmin vaxt Ukrayna 500 milyon, biz isə 93-95 milyon almışıq. Gürcüstan isə 150 milyon aldı. 2008-ci il Gürcüstan-Rusiya müharibəsindən sonra isə Avropa Birliyi bu ölkəyə əlavə 100 milyon ayırdı. Bütün bunlar maraqlıdır. Elə sovet vaxtında da deyirdilər ki, Azərbaycanın pulu çoxdur, amma Gürcüstanın büdcəsi bizim büdcəmizdən çox olurdu. Baxmayaraq ki, qonşu Gürcüstan həm insan resursu, həm də ərazi resursu baxımından bizdən zəif idi. Elə indi də belədir. Bir sözlə, ağlamayan uşağa heç nə düşmür. - Bu həm də cəmiyyətdən asılı məsələdir? - İqtidardan və cəmiyyətdən asılı məsələdir. Gürcü QHT nümayəndələri çox aktiv insanlardan ibarətdir. Mən görməmişəm ki, gürcü vətəndaş cəmiyyətinin nümayəndəsi heç olmasa bir xarici dili bilməsin. Çoxları artıq ingilis dilini xarici dil saymır. Tədbirləri ingilis dilində keçir, rus dili unudulub. Bizim QHT nümayəndələrinin çoxu isə dil bilmir, bir yerə gedəndə özü ilə tərcüməçi götürür. Tərcüməçinin olması o deməkdir ki, səni heç də yaxşı başa düşməyəcəklər. - Optimizm üçün əsas yoxdur? - 2003-cü ilə qədər ən pis vəziyyətdə Gürcüstan olub. Bu ölkəni korrupsiya basmışdı. Biz Tiflisə çatanda avtomobilimizi saxlayıb bizdən rüşvət istəyirdilər. 3-5 ilə olan dəyişikliklər göstərdi ki, yeni üsulla idarəetmə lazımdır. Məncə, optimist olmaq lazımdır. Amma optimist o adamdır ki, cəmiyyətə konkret təklif və planlarını təqdim edir. Bu olmasa, nəticə elə indiki kimi qalacaq. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?