“Mən bir az qismətə inanan adamam. Qismətdə varsa olacaq, yoxdursa olmayacaq”.
Bu sözləri lent.az-a açıqlamasında Nobel Sülh Mükafatına namizəd göstərilmiş yazıçı Əkrəm Əylisli deyib.
Ə.Əylisli Nobel Sülh Mükafatının qalibinin adı açıqlanandan sonra mediaya geniş açıqlama verəcəyini də bildirib: “Gəlin tələsməyək, mükafatın qalibinin adı açıqlansın, ondan sonra danışarıq. Mənim bu barədə mediaya geniş açıqlamam olacaq”.
Xatırladaq ki, Nobel Sülh Mükafatının qalibinin adı bu gün Bakı vaxtilə 14.00-da açıqlanacaq. Norveç Nobel komitəsi tərəfindən mükafata 278 namizəd qəbul edilib ki, bunlardan da 47-i təşkilatdır. Dünyanın bir sıra ictimai xadimləri “Daş yuxular” romanının (Romanda Azərbaycan-Ermənistan münaqişəsi fonunda baş verən hadisələrdən bəhs olunur-red) müəllifi Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstəriblər.
Norveç Nobel Komitəsinə ünvanlanmış müraciətdə Əkrəm Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanıb: “Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”.
Namizədlər arasında Roma papası Fransisk, Eduard Snouden, pakistanlı hüquq müdafiəçisi Malala Yusufzay, “Novaya qazeta”, Rusiya prezidenti Vladimir Putin, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, PKK-nın həbsdəki lideri Abdullah Öcalanın da adları var.
2013-cü il Nobel Sülh Mükafatı Suriyada kimyəvi silahların məhvi ilə məşğul olan “Kimyəvi Silahları Qadağan edən Təşkilat”a verilmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?