Son 3 ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən həm “Azərenerji”nin rəhbərliyinə, həm onun baş mühəndisinə yazılmış 6-dan artıq tələbnamədə tələb olunub ki, orada həm yağ sızması mövcuddur, eyni zamanda, kabellərin odadavamlı izolyasiyası təmin olunmayıb, ümumiyyətlə, baş verən yanğın haqqında məlumatın avtomatik verilməsi ilə bağlı sistem qurulmayıb və 6 mazut çəninin su ilə soyutma sistemi, ümumiyyətlə, quraşdırılmayıb
“Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən hadisə ilə əlaqədar cinayət işi qaldırılıb”
gundemxeber.az APA-ya istinadla bildirir ki, bu barədə Baş prokuror Zakir Qaralov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə bildirib.
“Cinayət işi yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifədən sui-istifadə etmə və səhlənkarlıq maddələri ilə qaldırılıb. Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birgə əmr imzalamaqla istintaq-əməliyyat qrupu yaradılıb, hazırda istintaq-əməliyyat qrupu hadisə yerində təxirəsalınmaz tədbirlər həyata keçirir. Hadisə yerinə baxış keçirilib, müvafiq sənədlər götürülüb, artıq hadisənin başvermə səbəbləri ilə bağlı dindirmələrə başlanılıb”.
Baş prokuror deyib ki, ilkin məlumata görə, həmin stansiyada generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün normativ tələblərə əsasən suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, ümumi soyutma sisteminin layihəyə uyğun yerinə yetirilməməsi nəticəsində 28,5 dərəcədə olub: “Vaxtilə 1994-cü ildə müvafiq layihə işlənilib, Mingəçevir su anbarının altından kanalın çəkilməsi nəzərdə tutulurdu. Həmin məsələ icra olunmayıb. Belə bir halda gərginlik azalmaqla cərəyan artıb”.
Baş prokuror deyib ki, qəza baş vermiş cərəyan transformatorlarının istismar müddətini başa vurmasına baxmayaraq, müntəzəm olaraq texniki istismar qaydaları, uyğun təmir-bərpa işləri aparılmayb: “Halbuki hər il orada bərpa işləri aparılır, ancaq mütəxəssislərimiz həmin bərpa işlərinin yetərli olmaması ilə bağlı ilkin rəylərini verirlər. Belə ki, 2012-ci il sentyabrın 28-də ildırım vurması nəticəsində zədələnmiş hava açarı müasir eleqaz tipli açarla əvəz olunsa da, onun mühafizə dövriyyəsindəki cərəyan transformatoru yenisi ilə əvəz olunmamış və təmir işləri aparılmayıb. Nəticədə cərəyan transformatorunun gövdəsindəki yağın analizi aparılmayıb, turşululuğu, nəmliyi, deşilmə gərginliyi və tangensi yoxlanılmayıb. Bununla da qəza vaxtı cərəyan transformatorunun izolyasiyası normadan aşağı olduğuna görə zədələnib”.
Z. Qaralov deyib ki, eyni zamanda, son 3 ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən həm “Azərenerji”nin rəhbərliyinə, həm onun baş mühəndisinə yazılmış 6-dan artıq tələbnamədə tələb olunurub ki, orada həm yağ sızması mövcuddur, eyni zamanda, kabellərin odadavamlı izolyasiyası təmin olunmayıb, ümumiyyətlə, baş verən yanğın haqqında məlumatın avtomatik verilməsi ilə bağlı sistem qurulmayıb və 6 mazut çəninin su ilə soyutma sistemi, ümumiyyətlə, quraşdırılmayıb: “ Dəfələrlə hər il bu məsələ qaldırılır, 6 mazut çənində su ilə soyutma sistemi quraşdırılmayıb. Bütün bunlar qəzaya gətirib çıxarıb”.
Baş prokuror bildirib ki, elektrik stansiyasında baş vermiş qəzanın lokallaşmaması, bütövlükdə energetika sistemini çökdürməsi ilə bağlı mütəxəssislərin fikrini də açıqlayıb: ““Azərenerji” tərəfindən rele mühafizə xidməti ölkə üzrə tam axıra qədər icra olunmayıb. Yəni, bunu mütəxəssislərin əlavə rəylərini aldıqdan sonra təqdim edəcəyik. Müvafiq istintaq tədbirləri davam etdirilir və çox ciddi tədbirlərin görülməsi təmin ediləcək”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?