Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov erməni-kürd əsilli rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” adlı festivalına gətirilməsinə münasibət bildirib.
gundemxeber.az bildirir ki, B.Səfərov Demokrat.Az-a açıqlamasında bu cür səfərlərə pis baxmadığını söyləyib:
"Mən bu cür səfərlərə pis baxmıram. Zara Mqoyan gəlib burada bir-iki saat oxumaqla nə edəcək? Axı burada nə qəbahət var? Bilirsiniz, bu məsələ ilə bağlı hərə bir açıqlama verir. Biri deyir ki, Zara Mqoyan ermənidir, biri də deyir ki, erməni deyil. Mən də düşünürəm ki, Zara Mqoyan Ermənistan vətəndaşı deyil. O, adi artistdir, bir gün gəlib oxuyub gedəcək. Bununla nə olacaq? Mən hər zaman demişəm ki, ermənilərin gəlib Azərbaycanda gedən inkişafı görmələri vacibdir. Çünki onlar Bakıya gəlib buradakı inkişafı görəndən sonra gedib onu öz xalqına da danışacaq. Belə olan halda ermənilər özlərində götür-qoy edəcək ki, bu Azərbaycan xalqının yüksək yaşayışı, bu isə ermənilərin pis vəziyyətdə yaşayışı. Nəticədə isə həmin ermənilər Azərbaycanın tərkibində yaşamaq üçün can atacaqlar. Ermənilərin Azərbaycana gəlməsi Ermənistan əhalisini ayıldır. Əgər ermənilər Bakıya gəlib görməsələr, nə biləcəklər ki, Azərbaycanda hansı işlər görülür? Azərbaycanda yaradılan yüksək yaşayışı ermənilərdən görüb bilməlidir ki, özlərinə dərs çıxartsınlar".
İcma rəhbəri Zara Mqoyanın Bakıya səfərinin Azərbaycan şəhidlərinin ruhuna hörmətsizlik kimi qəbul edilməsi fikirləri ilə razılaşmadığını deyib:
"Mən Zara Mqoyanın Bakıya gəlməsinin Azərbaycan şəhidlərinin ruhuna hörmətsizlik olması kimi fikirlərlə razı deyiləm. Allah şəhidlərimizə rəhmət etsin. Biz şəhidlərimizin ruhunu torpaqlarımızı işğaldan azad etməklə, dövlətimizə və xalqımıza xidmət etməklə, şəhid ailələrinə diqqətlə yanaşmaqla şad edə bilərik. Əlbəttə ki, hər bir şəhidimizin valideynləri bu cür məsələləri istədikləri kimi qəbul edə bilər. Çünki onlar övlad itiriblər. Ancaq mən Zara Mqoyanın Azərbaycana gəlməsini şəhidlərimizin ruhuna hörmətsizlik hesab etmirəm. Hamımıza Azərbaycan torpaqları uğrunda şəhid olanlardan ötəri canımızdan da keçməyə hazırıq. Həm dövlətimiz, həm də xalqımız şəhidlərimizi daim uca tutub. Bundan sonra da belə olacaq. Ona görə də bu cür məsələlərlə şəhidlərimizin adından sui-istifadə edilməsinə düzgün baxmıram. Şəhidlərimiz ucadır və onları uca da saxlamalıyıq".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?