Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəhbəri, bu günlərdə işdən çıxarılan və barəsində cinayət işi açılan Qüdrət Şükürovun məsələsi daha da qəlizləşib. GundemXeber.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyanın “Otis Rusiya” şirkətindən liftlərin alınması zamanı cəmi 12 milyon dollara yaxın “otkat” götürən Şükürov indi də cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini və digər əmlakı leqallaşdırmaqda ittiham olunur. Bu haqda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında deyib.
Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.
“Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi başlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir”-Kamran Əliyev bildirib.
Xatırladaq ki, Qüdrət Şükürovun korrupsiya əməli bu yaxınlarda ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komitəsinin (SEC) açıqladığı rəsmi sənəddə əksini tapmışdı. Belə ki, “Liftremont”la Bakı şəhərində dövlət istismarında olan yaşayış binalarının liftlə təchizatı üçün müqavilə bağlayan və Şükürova qiymətləri şişirtmək yolu ilə milyonlarla dollar “otkat” verən “Otis Rusiya” şirkəti “Otis Elevator” şirkətinin törəmə müəssisəsidir. Həmin şirkətin səhmlərinin sahibi isə ABŞ-ın “United Technologies Corporation” şirkətidir. Nəticədə bu şirkət xarici korrupsiya haqda Aktı pozmuş olub və məsuliyyətini etiraf edərək SEC-lə məhkəməyəqədər sövdələşmə imzalayıb. Həmin sövdələşməyə əsasən Amerika şirkəti büdcəyə 14 milyon dollar cərimə ödəməyə razılaşır.
SEC-in sənədində “Otis Rusiya” ilə “Liftremont” arasında korrupsiya sxemi barədə ətraflı təsvir olunur.
Şükürovun keçmiş qudası isə əvvəllər mətbuata onun “Otis Rusiya” şirkətindən aldığı “otkat” pullarını necə leqallaşdırdığı, bu pulların bir qisminə İstanbulun elit yaşayış kompleksində dörd mənzil aldığı haqda ətraflı danışmışdı. İndi Şükürova qarşı yeni maddə ilə cinayət işinin məhz bu xüsusatla bağlı qaldırıldığı təxmin olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?