Son günlər Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi haqqında bəzi mətbu orqanlarında dərc olunmuş yazılara Azərbaycanın İspaniyadakı səfirliyi rəsmi münasibət bildirib.
“Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi ölkəmizin digər diplomatik nümayəndəlikləri kimi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncam, fərman və tapşırıqlarını rəhbər tutaraq, eyni zamanda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatlarına uyğun olaraq həyata keçirir.
Buna əsaslanaraq, Səfirliyin əsas fəaliyyət istiqamətləri İspaniya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, dövlət başçısı tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər barədə məlumatı İspaniya ictimaiyyətinin diqqətinə çatdırmaqdan, eyni zamanda, bu ölkədə yaşayan həmvətənlərimizin hüquqlarının müdafiəsinin təmin olunmasından ibarətdir.
Bu baxımdan, ölkəmizin əldə etdiyi nailiyyətlərin, həmçinin respublikamızda istehsal olunan çox çeşidli məhsulların, o cümlədən “milli brend” adı altında Azərbaycan şərabları və şərabçılıq məhsullarının İspaniyada tanıdılması və təbliğ edilməsi məqsədilə Səfirlik tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər təşkil edilir. Belə ki, cari ilin 15 oktyabr tarixində Madrid şəhərində yerləşən “Madrid Rioxa Mərkəzi”ndə (Centro Riojano de Madrid) keçirilmiş sonuncu belə bir tədbirdə ölkəmizə məxsus şərab növlərinin təqdimat mərasimi baş tutub.
Eyni zamanda, keçirilmiş bu tədbir Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli 38 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların yerinə yetirilməsinin təzahürüdür. İspaniyada böyük maraq və rəğbətlə qarşılanmış bu tədbir Azərbaycanın turizm potensialının təbliğ olunması, ölkəmizdə istehsal olunan şərabların və şərabçılıq məhsullarının tanıdılması və ixracının dəstəklənməsi baxımından vacib əhəmiyyət kəsb edir.
Təəssüflə qeyd edirik ki, bəzi mətbu orqanları tərəfindən sözügedən tədbirin mahiyyəti əsassız və qərəzli şəkildə təhrif olunub, ümumiyyətlə Səfirliyin bu və digər istiqamətdə apardığı fəaliyyətə kölgə salmaq məqsədilə bəzi internet portalları vasitəsilə digər əsassız, həqiqətə uyğun olmayan məlumatlar dərc olunub.
Səfirlik bildirir ki, bu cür yalan dolu, böhtan xarakterli və qərəzli məlumatların heç bir əsası yoxdur və bu qəbildən olan yazılar qarayaxma kampaniyası xarakteri daşıyır.
Qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs əsas götürülərək, dövlətimizin milli maraqlarının, suverenliyinin, ərazi bütövlüyünün təmini və müdafiəsi, habelə İspaniyada yaşayan soydaşlarımızın hüquqlarının qorunması Səfirliyin əsas hədəfidir”./report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?