Bloger Mehman Hüseynov iki illik həbsdən sonra martın 2-də azad edilib. O, azadlığa çıxdıqdan sonra ilk olaraq Monitor jurnalının 14 il əvvəl qətlə yetirilmiş redaktoru, jurnalist Elmar Hüseynovun məzarını ziyarət edib. Mehman Hüseynov bu həftə keçirdiyi mətbuat konfransında bloger işini, azad jurnalistika və media hüquqlarının müdafiəsi işini davam etdirəcəyini bildirib. O, Azərbaycanda bütün siyasi məhbusların azad edilməsinə çağırıb. Mehman Hüseynov Amerikanın Səsinin "Amerika İcmalı" proqramında həbsi, jurnalistikanın müdafiəsi və medianın durumundan danışıb.
Beynəlxalq insan hüquqları müdafiəçiləri Mehman Hüseynovun iki illik həbs cəzasının qanuni olmadığını bildirərək, ona qarşı ittihamları saxta adlandırıblar. Mehman Hüseynov həbsinin onun jurnalist fəaliyyəti ilə əlaqədar olduğunu bildirib.
“Həmin o cəzam, əslində o həbs cəzası mənim sırf jurnalistika və blogerlik fəaliyyətimlə bağlıdır. Çünki mən dəfələrlə sosial şəbəkələrdə və digər platformalarda həmişə məmur özbaşınalığını çəkib ictimailəşdirmişəm. Ölkədə baş verən sosial və siyasi problemləri çəkib göstərmişəm. Korrupsioner məmurların qeyri-qanuni mülklərini çəkib göstərmişəm və bu fəaliyyətimin qisasını məndən almaq üçün ona görə məni şərləyib iki il müddətinə azadlıqdan məhrum ediblər. Düşünürdülər ki, bu müddətdə məni islah eləyib, belə deyək, məni “düzgün yola gətirə biləcəkdilər”, amma yenə də mən bildirirəm ki, məni həbs yolu ilə öz yolumdan çəkindirmək qeyri-mümkündür.”
Korrupsioner məmurların qeyri-qanuni mülklərini çəkib göstərmişəm və bu fəliyyətimin qisasını məndən almaq üçün ona görə məni şərləyib iki il müddətinə azadlıqdan məhrum ediblər.
Mehman Hüseynov Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə çağırıb. “Bu gün Mehman Hüseynovu azad etmək kifayət deyil. Çünki mənim dostların hələ də həbsdədir. Haqsız olaraq həbsdədir. Ona görə düşünürəm bu fürsətdən istifadə edib, Azərbaycan hökumətinə çağırış etməliyik ki, qarşıdan gələn Novruz bayramı ərəfəsində digər siyasi məhbusların ailələrini sevindirsinlər. Bu addım hökumətə ziyan gətirməz.”
Mehman Hüseynov ölkədə mətbuat azadlığının durumu və müstəqil medianın müdafiəsinin vacibliyindən danışıb. “Jurnalistlərə mənəvi dəstək əlbəttə ki, olmalıdır, amma hüquqi cəhətdən də dəstək mütləq lazımdır. Çünki həsbdə olan insanın ən böyük gözləntisi həftədə bir dəfə onun yanına vəkili gəlsə, onun işi ilə maraqlansa, çöldə baş verən prosesləri ona danışsa, bu, psixoloji olaraq həmin insan üçün yaxşı effekt verər. Haqqı pozulan jurnalistlərin yanındayıq və hüquqi baxımdan kömək eləməyə həmişə hazırıq."
Bu gün Mehman Hüseynovu azad etmək kifayət deyil. Çünki mənim dostların hələ də həbsdədir.
Mehman Hüseynov ən yaxın zamanda korrupsiya hallarının ifşası ilə bağlı fəaliyyətinə yenidən başlayacağını bildirib. “Mən əvvəl də korrupsioner məmurların qeyri-qanuni mülklərini və biznes şəbəkələrini ifşa edib paylaşırdım və bundan sonra da bu istiqamətdə işlərimi davam etdirməyə hazıram. Sadəcə bunun üçün texniki resurs tələb olunur.”
Mehman Hüseynov son zamanlar ölkədə hökumət tərəfindən islahat kimi qiymətləndirilən addımlarla bağlı sualın cavabında bildirib ki, bütün siyasi məhbuslar azad edildikdə və bütün azadlıqlar təmin edildikdən sonra ölkədə mümkün “yumşalma” kursundan danışmaq mümkün ola bilər.
“Hal-hazırda həbsdə olan jurnalistlər var- Seymur Həzi, Əfqan Muxtarlı. Bu insanlar həbsdən dərhal azad olunarsa, bu, mən fikirləşirəm ki, alqışlanılası bir addımdır. Əgər bu insanlar azad olunarsa, azad mətbuatın yaranması üşün mühüm addımlar atılarsa, əlbəttə ki, mən düşünürəm ki, biz bunu alqışlayarıq. Amma hal-hazırda biz bunu görmürük. Çünki yenə də sözün düzünü dediyinə görə, ölkədə baş verən hadisələri düzgün araşdırıb yazdıqlarına görə yenə də həbs olunan insanlar var. Yəni bunu demək indiki dövrdə çətindir.”//amerikaninsesi.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?