Heydər Əliyev Fondu Azərbaycan əsilli rusiyalı yazıçı-politoloq Heydər Camalın qızı Kausar Camalın və jurnalist Orxan Camalın oğlu Mansur Camalın bütün təhsil haqqlarını öz üzərinə götürüb. Bu barədə Heydər Camalın həyat yoldaşı Gülnar Camal Musavat.com-a məlumat verib.
Qeyd edək ki, son günlərdə müxtəlif saytlarda 2018-ci ildə Mərkəzi Afrika Respublikasında film çəkilişləri zamanı qətlə yetirilən tədqiqatçı-jurnalist Orxan Camalın oğlu Mansur Camalın bəzi iş adamları tərəfindən «himayəyə götürülməsi» barədə məlumatlar yayılıb. Bununla bağlı məsələyə aydınlıq gətirən Gülnar Camal bildirib ki, həyat yoldaşı Heydər Camalın ölümündən və oğlunun qətlindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ailəyə başsağlıqlarını çatdırıb. “Eyni zamanda 2018-ci ildə Bakıda Mehriban xanım Əliyeva ilə görüşümüz oldu. Elə həmin görüşdə Mehriban xanım bizim ailəyə Heydər Əliyev Fondu tərəfindən istənilən köməyi göstərməyə hazır olduğunu bildirdi. Hazırda Heydər Əliyev Fondu Heydər Camalın qızı Kausar və Orxan Camalın oğlu Mansurun təhsilində bizə dəstək göstərir. Bu dəstəyə görə öz dərin minnətdarlığımızı bildiririk və hiss edirik ki, Azərbaycan bizim ikinci Vətənimizdir!”-deyə Gülnar Camal bildirib.
Heydər Əliyev Fondu göstərdiyi dəstək və yardımla bağlı məlumatların ictimailəşdirilməsinin tərəfdarı olmadığını bildirib və bununla yanaşı Gülnar Camalın verdiyi məlumatı təsdiqləyib. Qeyd olunub ki, Fond Heydər Camal və Orxan Camalın ailəsi ilə müntəzəm əlaqədədir və hər iki ziyalı azərbaycanlının övladları Fondun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun himayəsinə götürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?