Gənclər və idman naziri Azad Rəhimov CNN telekanalına müsahibəsində bildirib ki, Azərbaycan “Arsenal”ın futbolçusu Genrix Mxitaryanın qorxusunu dəf etmək üçün əlindən gələni edib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti London klubuna və UEFA-ya ölkəyə idmançıların gəlişi üçün nə vaxtsa olduğundan daha çox yazılı təminat təqdim edib. Lakin buna baxmayaraq, Mxitaryan mayın 29-da “Arsenal”la “Çelsi”nin qarşılaşacağı Avropa Liqasının final oyununa gəlməkdən imtina edib.
“Siz daha çox təminat istəyirsiniz?! – Azad Rəhimov CNNSport-un əməkdaşı Amanda Devisin sualını cavablandırarkən təəccüblənir. – Siz “daha çox” deyərkən nəyi nəzərdə tutursunuz? 100 faizlik təminatdan daha çox nə ola bilər? Biz “təhlükəsizlik” deyərkən anlaşılan nə varsa, hamısını etdik. Daha nə edə bilərik?
Bəlkə Mxitaryanın dalınca iki F-16 Fighting Falcons qırıcısının müşayiəti ilə özəl təyyarə yollayaq? Mən daha nə edə biləcəyimizi bilmirəm”.
Nazir qeyd edib ki, UEFA və “Arsenal” Azərbaycandan “mümkün olan və olmayan bütün sənədləşməni” alıblar.
“Öz tərəfimdən mən hökumətin, AFFA-nın və təhlükəsizliyə cavabdeh olan bütün dövlət orqanlarının adından imzalanmış təminat məktubları göndərmişəm”, – Azad Rəhimov vurğulayıb.
Nazir xatırladıb ki, Azərbaycan Ermənistandan deyil, Böyük Britaniyadan klubu qəbul etməyə hazırlaşır. Onun şəxsən Mxitaryana zəng vurub-vurmaması ilə bağlı suala Azad Rəhimov təbəssümlə cavab verib:
“Əlbəttə ki, yox. Mən heç onun nömrəsini də bilmirəm. Amma Londondakı səfirimiz müsahibəsində Mxitaryana təklif edib ki, onunla əlaqə saxlasın. Lakin cavab olmayıb”.
Nazirdən onu da soruşublar ki, gələn il Azərbaycan 2020-ci ilin Avropa çempionatının 4 oyununu qəbul etdiyi zaman erməni millətindən olanlar Bakıya gələ bilərlərmi?
“Biz heç vaxt Azərbaycana idman yarışına gəliş üçün məhdudiyyətlər qoymamışıq. – A.Rəhimov cavab verib. – Erməni əsilli vətəndaşlar əvvəlcədən Azərbaycana viza üçün sənədlərlə müraciət etməlidirlər. Bu, ölkəmizə gələn digər turistlərə nisbətən daha çox vaxt apara bilər. Bu, yeganə fərqdir. Belə isə, heç bir məhdudiyyət yoxdur”.//Virtualaz.org
Sorğu
Yeni dizaynımız necədir?