Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvü Mişel Vyalenin (Michel Vialay) "Report"un Fransa bürosuna müsahibəsi.
- Azərbaycan ilə Fransa arasında münasibətləri necə qiymətləndirirsiniz? - Fikrimcə, Fransa Azərbaycanla əlaqələrini kifayət qədər inkişaf etdirməyib. Təbii ki, bunu da böyük səhv hesab edirəm. Azərbaycan dəfələrlə Fransa ilə əlaqələrini genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirib. Məncə, Fransa Azərbaycanla əlaqələrini bundan da artıq inkişaf etdirməlidir. - İki ölkə arasında hansı sahələrdə əlaqələrimizi daha da inkişaf etdirə bilərik? - Fransa ATƏT-in Minsk qrupunun tərkibində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün məsuliyyət daşıyan dövlətdir. Təəssüf ki, münaqişənin həllinə nail ola bilməmişik. Fransa bu məsələdə daha güclü diplomatiya nümayiş etdirməlidir. - Necə oldu ki, Fransa-Azərbaycan dostluq qrupunun üzvü oldunuz? - Mən 2017-ci ilin iyun ayından deputatam. Bu, mənim ilk deputat mandatımdır. Digər deputat həmkarlarım kimi, mən də bir neçə dostluq qrupuna üzv olmuşam. Azərbaycana məxsus bir neçə dəyər məni özünə cəlb etdi və həmin sahələri yaxından öyrənmək, bu məsələlər ətrafında mübadilələr etmək perspektivi ilə qrupa üzv oldum. Bunlardan ən başlıcası iqtisadi faktordur. Azərbaycan təbii resurslara malikdir. Lakin onu fərqləndirən xüsusiyyəti bütün əhalinin faydalana bilməsi məqsədilə investisiyalar yatırmaqla iqtisadiyyatını inkişaf etdirməyə çalışmasıdır. Halbuki resurslara malik olan digər ölkələrdə gələcək nəsilləri düşünərək bundan iqtisadiyyatı inkişaf etdirmək üçün istifadə olunmur. Azərbaycanda gələcəyə hazırlıq görmək istəyi müşahidə olunur. İkincisi, demokratiya və mültikulturalizmdir. Azərbaycanda bütün dinlərə hörmət olunur. Ancaq bunu digər qonşu ölkələrin hamısında görmək mümkün deyil. Hesab edirəm ki, Azərbaycanın tarixi ilə yaxından tanışlıq, xüsusilə bütün dinlərin birgə və sərbəst şəkildə mövcudluğuna necə nail olduğunu yaxından öyrənmək faydalıdır. - Fransa-Azərbaycan dostluq qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında nə kimi rol oynaya bilər? - Fikrimcə, dostluq qrupu münaqişənin nizamlanmasında aktiv iştirak edə bilər. İlk növbədə, münaqişənin nizamlanması Qafqazın bu bölgəsində sülhün bərpa olunması naminə böyük əhəmiyyət kəsb edir. Lakin mən Fransa hökuməti tərəfindən münaqişənin həlli üçün əhəmiyyətli addımlar atıldığını görmürəm. Artıq uzun illərdir ki, Minsk qrupu yaradılıb, lakin bir irəliləyiş yoxdur. Azərbaycanın münaqişənin nizamlanması üçün Minsk qrupuna təklifləri çox olub. Lakin inanıram ki, gələcək özü bu problemi həll edəcək. - Fransa mətbuatında tez-tez Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bu barədə nə düşünürsünüz? - Fransada mətbuatdan alət kimi istifadə etməyə çalışan bir neçə lobbi mövcuddur. Böyük emosiyalar axtarışında olan mətbuata fikir verməyə dəyməz. Təbii ki, informasiyaların düzgünlüyünü yoxlamadan dərc edən mətbuat orqanları mövcuddur və bu, bütün sahələrə aiddir. Onsuz da mətbuat fikrini tez-tez dəyişir. Lakin siyasət bu formada həyata keçirilə bilməz. Bu deyilənlər təkcə Azərbaycana aid deyil, bütün sahələrə şamil oluna bilər. Bu məsələdə mənim heç bir narahatçılığım yoxdur. Fikrimcə, belə mətbuat orqanları yalnız müəyyən qism tərəfindən oxunulur. Mənim deputat seçildiyim ərazinin sakinləri, əsasən, orta və aşağı təbəqənin adamlarıdır. Ona görə də sizi arxayın edə bilərəm ki, Azərbaycan haqqında heç bir zaman onlar tərəfindən mənfi fikir eşitməmişəm. Lakin onu deyə bilərəm ki, onlar arasında Azərbaycanı xəritədə göstərə bilməyənlər də var. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan haqqında mənfi rəy səsləndirən televiziya verilişinə də rast gəlməmişəm. Siz dediyiniz halları yalnız bir neçə qəzetdə müşahidə etmək olur. Mətbuat orqanları hər zaman həqiqət daşıyıcısı olmurlar, ümumiyyətlə, siyasəti onlar həyata keçirmirlər. - Sizcə bunun qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir? - İlk öncə ölkəni yaxından tanıtmağa çalışmaq lazımdır. Təbii ki, bu sahədə böyük işlər görülüb. Xüsusilə idman sahəsində görülən işlər böyük nəticələr verib. Mən özüm ilk dəfə ölkəniz barədə Bakıda keçirilən üzgüçülük üzrə yarışı işıqlandırmaq üçün Azərbaycanda olmuş tanışım vasitəsilə məlumatlandırılmışam. O, Bakıda bir neçə gün olub və Azərbaycan haqqında olduqca yüksək fikirlərlə qayıdıb. Beynəlxalq yarışlar zamanı ölkə və onun reallıqları ilə tanış olmaq üçün imkanlar açılır. Müşahidə etmişəm ki, Azərbaycan Fransanın şəhərləri ilə qardaşlaşma, dostluq və əməkdaşlıq əlaqələrinə böyük maraq göstərir. Bu da Fransanın Azərbaycanla dost şəhərlərində ölkənizdəki dini toleranlıq, bu sahədəki azadlıqlardan danışmaq imkanı yaradır. Fransada bəzən müxtəlif dinlər arasında təzyiqlərin şahidi oluruq. Əlaqələrimizi genişləndirərək digər xalqların təcrübəsini öyrənməyimiz vacibdir. - Fransada Azərbaycan haqqında mənfi fikirlərin səsləndirilməsində bu ölkədəki erməni lobbisinin təsiri varmı? - Fransa ermənilərinin hamısının eyni cür düşündüyünü hesab etmirəm. Çünki onlar ölkəmdə uzun illərdir məskunlaşıblar və Ermənistanda da daha ailələri yoxdur. Onların yalnız əcdadları erməni olub və Azərbaycanla bağlı elə də böyük informasiyaya malik deyillər. Bu səbəbdən Fransada böyük bir lobbinin mövcud olduğuna inanmıram. Amma gizlətmək lazım deyil ki, hər zaman münaqişədə olan tərəflərdən biri, yaxud digərinin tərəfini saxlamağa çalışanlar olur. Ən əhəmiyyətlisi odur ki, ölkə rəhbərləri danışıqlar apara bilirlər, çünki məsələlərin həlli onlardan asılıdır. Məsələləri nə lobbi, nə də media həll etmir. Azərbaycan müntəzəm olaraq müəyyən sayda parlament üzvlərini qəbul edir. Hesab edirəm ki, bu, ölkəni və reallıqlarını kəşf etmək üçün imkanlar açır. Beləliklə, Azərbaycan haqqında fikirlər media, yaxud digər vasitələrlə təhrif edilmiş olmur. Bizim özümüzün öz fikrimizi formalaşdırmağımız çox əhəmiyyətlidir. - Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Dağlıq Qarabağ münaqişəsi bu günədək öz həllini tapmayıb. Bu barədə nə düşünürsünüz? - Münaqişəni yenidən danışıqlar masasına gətirmək, vəziyyətə dəyişiklik etmək, vasitəçi rolunu oynamaq xarici diplomatiyanın işidir. Bu baxımdan Fransa diplomatiyası mühüm rol oynaya bilər. Ancaq bununla belə, ölkəmizin fəal rolunu görmürəm. Halbuki Fransanın bu məsələdə öz şəxsi marağı olmalıdır. Çünki, ilk növbədə, Qafqazın stabilliyi məsələsi çox vacibdir. Fransa diplomatiyası keçmişdə parlaq idi. Hətta bu gün Avropaya dair məsələlərdə belə Fransanın beynəlxalq səhnədə təkləndiyini görürük. Mənim kifayət qədər diplomatiya həyata keçirdiyimiz təəssüratım yoxdur. Ona görə də təəssüflənirəm. Çünki sabiq prezident Fransua Ollanda nisbətən hazırkı dövlət başçısı Emmanuel Makronla vəziyyət dəyişə bilərdi. Fransua Olland yalnız özünə yaxın şəxslərlə anlaşa bilirdi. Ancaq dostlarımızla danışmaq darıxdırıcıdır. Bu formada öz ətrafımızdakı dostları heç vaxt artıra bilmərik. Mitinqlər yaxşıdır, lakin insanları danışıqlara, bir masa arxasına yığa bilmək üçün şərait yaratmaq həqiqi məsuliyyət tələb edir. Diplomatiya media vasitəsilə həyata keçirilmir. Diplomatiyanı bilmək nəyin bahasına olursa-olsun insanları danışıqlar masası ətrafına gətirə bilməyi bacarmaqdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?