İran hakimiyyətinin azgəlirli ailə başçılarının bank hesabına təqribən 60 dollar ödəyəcəyi gözlənilir. Bu haqda Təbriz sakini Nəcəf Neməti Amerikanın Səsi ilə söhbətdə ailə başçılarının dövlətin bu maddi yardımını ala bilmələri üçün onların adına simkart qeydiyyatı olmasının vacibliyini bildirib.
"Xüsusilə aşağı sinifdən olan ailələrdə bir çox insanın öz adına simkartı yoxdur. Xalq dövlətin yardımını ala bilmək üçün simkart satış mərkəzlərinə müraciət edirlər, bu isə həmin mərkəzlərdə izdihamların yaranmasına və bu şəraitdə virusa yoluxma ehtimalının çoxalmasına səbəb olur" - deyə, ictimai fəal bildirib.
Neməti deyib ki, ölkənin hal-hazırkı iqtisadi vəziyytini nəzərə alınsa, İran dövlətinin aşağı gəlirli ailələrə vəd etdiyi 60 dollarlıq maddi yardımı nəinki ailə, hətta bir şəxsin dolanışığı üçün belə yetərli deyil. O, həmçinin bildirib ki, dövlət bu məbləği bütün aşağı gəlirli ailələrə verəcəyini elan etsə də, yardım layihəsi aşağı sinif ailələrin hamısını əhatə etmir.
Keçmiş tələbə fəal Nəcəf Neməti epidemiya dövründə məktəblərin tətildə olduğu zaman internet üzərindən təhsilin davam etməsi ilə bağlı ölkənin internet infrastrukturunun yetərli səviyyədə olmadığını bildirib.
"İranda rəsmi statistikaya görə 15 milyon tələbə vardır. Rəsmi və qeyri-rəsmi xəbərlərə görə, indiyə kimi sadəcə 7 milyon tələbə onlayn dərslərdə iştirak edə bilib. Məncə vəziyyət bundan daha bərbaddır. Çünki misal üçün Bəlucistan vilayətində kəndlərin 95%-i internet xidmətindən məhrumdur."
Neməti İranın rəsmi statistikasına istinad edərək aşağı gəlirli ailələrdə uşaqların eyni zamanda onlayn dərslərdə iştirak edə bilmələrinin həm ölkə internet infrastrukturunun, həm də həmin ailələrin imkanlarının buna icazə vermədiyini deyib.
Təbriz sakini koronavirus epidemiyası dövründə İranın iqtisadiyyatının daha da pisləşəcəyini və beləliklə aşağı sinifə aid olan vətəndaşlar arasında hakimiyətə qarşı etirazların artacağını təxmin edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?