“Mən hakimiyyəti Heydər Əliyevə vermədim… Hakimiyyəti verməmək üçün Kələkiyə çıxıb getdim...”
Bu gün – “qiyam” adlandırılan və qardaş qırğınıyla nəticələnmiş 4 iyun Gəncə olaylarından 27 il ötür. Həmin hadisələr, ən əsası, ölkədə hakimiyyət dəyişikliyinə də təkan verdi. Cəmi 13 ay öncə hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsi iqtidardan çəkilməli oldu. Və Gəncə olaylarından cəmi 13 gün sonra həmin hakimiyyətin başında duran o vaxtkı Prezident Əbülfəz Elçibəy Bakıdakı postunu heç bir hüquqi prosedur həyata keçirmədən, istefa vermədən tərk edərək dogma Kələki kəndinə yollandı…
Üzərindən on illər keçməsinə rəğmən indi də 4 iyun olaylarının sağ qalan iştirakçılarıyla yanaşı, mərhum eks-prezidentin də bəhs edilən hadisələrə münasibəti oxucular üçün maraqlı olaraq qalır. Odur ki, Moderator.az Əbülfəz Elçibəyin ölümündən bir il öncə 1999-cu ilin iyulunda tanınmış yazar, publisist Azər Abdullaya verdiyi müsahibənin maraqlı məqamlarını mövcud duruma uyğun kiçik ixtisarlarla nəzərinizə çatdırmağa qərar verdi.
“Geniş təbliğat aparılırdı ki, Heydər Əiyevi gətirib onun təcrübəsindən istifadə etmirsiniz, ona paxıllığınız tutur…”
“ -1993-cü uilin iyun qiyamından sonra siz əlinizdə olan halal hakimiyyəti Heydər Əliyevə verdiniz, yaxud verməli oldunuz, bu gün bundan peşiman deyilsiniz ki? -Buna “ hakimiyyəti verdiniz” demək olmaz... Mən hakimiyyəti vermək istəsəydim, onda gərək istefa verəydim... Hakimiyyəti verməmək üçün mən Kələkiyə çıxıb getdim... İstefanı qoruyub saxladım, vermədim. Amma burda olsaydım, istefa verməyə məcbur olardım...
-Hər halda heç kimə yox, məhz Heydər Əliyevə verdiniz...
-Yox, sizin fikrinizlə razılaşmıram. Mən hakimiyyəti Heydər Əliyevə vermədim. Sualın özü düz deyil. Xalqın dilinə düşüb... Ham deyir, hakimiyyəti verdi... Əslində isə ölkədə hərbi qiyam baş verdi...
-Elə ona görə deyirəm, vermək məcburiyyətində qaldınız...
-Hərbi qiyam baş verdiyindən qiyamçılara meyilli olan qüvvələrdən bir qismini öz tərəfimizə çəkməliydik... Heydər Əiyev nəsə qazanmaq üçün hərbi qiyama meyilli idi... Sonra o...
- O vaxtlar bunu duyur, bilirdinizmi?
- Aydın məsələ idi... Artıq görünürdü... Bu qiyamı yatırtmaq çətin olacaqdı - vətəndaş müharibəsi göz qabağındaydı... Bu baş verməsin deyə, qiyamçı qüvvələrin tərəfində olan, onlarla əlbir olan adamlardan öz tərəfimizə çəkməli idik... Burda fikirləşirsən ki, kimi seçəsən? Surətimi? Onu öz tərəfimizə çəkdik, nə faydası? Bu adamın nə hakimiyyətdən, nə də dövlətdən xəbəri vardı... Bu adam Moskvanın dediyi ilə oturub-durur. Rəhim Qazıyev də elə... Ayaz Mütəllibov da...
Heydər Əliyev bir qədər Moskvadan küsmüş, incimiş adamdı. İkincisi bir qədər Türkiyəyə meyilli bir adamdı. Üçüncüsü isə... Daha çox nüfuzlu və hardasa dövlət məsələlərini bilən, dövlət prinsiplərini qoruyan bir adamdı...
Bütün bunlar fikir yaradır ki, Heydər Əliyev yuxarıda adlarını sadaladıqlarımdan daha uyğundur...
Və əhalinin içərisində geniş təbliğat aparılırdı ki, Heydər Əiyevi gətirib onun təcrübəsindən istifadə etmirsiniz, ona paxıllığınız tutur və s. Onu gətirdik ki, bizimlə birləşib qiyamın yatırılmasında bizə kömək etsin və ölkənin idarəçiliyində iştirakçı olsun. Heydər Əliyev isə bu məqamdan məharətlə istifadə etdi... Bizim vəziyyətimiz xarablaşanda isə... Sonra Heydər Əliyevlə o biri qüvvəər hakimiyyəti bölüşdürə bilmədilər...
Heydər Əliyev Milli Məclis sədri gələnə qədər biz ona müəyyən qədər şərait yaratdıq. O da Milli Məclisin sədri keçər-keçməz ölkədəki hadisələri öz əlinə aldı...
-Yəni idarə etməyə başladı...
- Bəli. Bu məsələdə Heydər Əliyevə Türkiyədən də bəzi adamlar yaxından kömək elədi, İrandan Rəfsəncani, Moskvadan da keçmiş “KQB” sisteminin adamları və Moskva hökuməti yardım elədi, beləliklə, Heydər Əliyev hakimiyyəti...
-Sizi qətiyyətsizlikdə qınayanların, ittiham edənlərin şahidi olmuşam. Bu fikrə münasibətiniz?..”
Sorğu
Yeni dizaynımız necədir?