“Biznesim olmayıb və ola da bilməz” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanovun Publika.Az-a müsahibəsi:
-Yeni vəzifədə özünüzü necə hiss edirsiniz?
-Sualın cavabına keçməzdən qabaq mən möhtərəm cənab Prezidenti yenidən ölkə başçısı seçilməsi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, möhkəm can sağlığı, bu şərəfli və məsuliyyətli işində daha böyük uğurlar diləyirəm.Qədirbilən Azərbaycan xalqı növbəti dəfə möhtərəm prezident İlham Əliyevə səs verməklə ölkəmizin davamlı inkişafına, müstəqilliyimizin daha da möhkəmlənməsinə, Heydər Əliyev siyasətinin uğurla davam etməsinə səs verdi.
İlham Əliyev son on ildə ölkəmizin hər bir vətəndaşının Prezidenti olaraq, çadır şəhərciklərini ləğv edərək, orada yaşayan məcburi köçkünlər üçün hər cür şəraiti olan qəsəbələr tikdirib, beynəlxalq standartlara uyğun yollar çəkdirib, məktəblər, xəstəxanalar, idman kompleksləri inşa etdirib, elektrik enerjisi problemini həll edib, ölkənin qazlaşması istiqamətində irəliyə doğru çox ciddi addımlar atıb, yoxsulluğu minimum endirib, bir milyon iki yüz mindən çox yeni iş yeri açıb, Dövlətimizin və millətimizin beynəlxalq aləmdə nüfuzunu yüksəldib.
Son on ildə Azərbaycan cənab Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dünyanın siyasi cəhətdən ən stabil ölkəsinə çevrilib, əksər ölkələr iqtisadi böhran keçirsə də, biz daha sürətlə inkişaf etdik, iqtisadi qüdrətimiz üç dəfədən çox, büdcəmiz iyirmi dəfəyə yaxın artıb, BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçildik və hazırda bu mötəbər quruma rəhbərlik edirik, özümüzün milli süni peykimiz var, indi Azərbaycan dünyanın enerji problemlərinin həllində yaxından iştirak edir.
Dağlıq Qarabağ probleminin həlli istiqamətində həyata keçirdiyiniz müdrik siyasət öz müsbət nəticələrini verməkdədir. Bəli, atalar yaxşı deyib, görünən dağa nə bələdçi?
Mən bir daha hörmətli cənab Prezidenti yenidən Azərbaycan Dövlətinin Başçısı seçilməyi münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, ailə xoşbəxtliyi və müstəqil Azərbaycanın inkişafı naminə daha böyük nailiyyətlər arzulayıram.
Sualınıza gəlincə deyim ki, hazırda mən yeni işimdən çox razıyam. Bizim çox ciddi gələcək planlarımız var və həmin planları ardıcıl həyata keçirməklə məşğuluq. Kollektivimizdə ümumilikdə 250 nəfərdən çox insan çalışır. Onlardan 60-a yaxını isə elmi adı və dərəcəsi olan alimlərdir. Burada Azərbaycanın və dünyanın tanınmış alimləri də var.
-Planınızda yaxın vaxtlarda görüləcək işlər hansılardır?
-Bu yaxınlarda institutumuzun yeni internet səhifəsini yaratmışıq və 3 dildə fəaliyyət göstərir. Azərbaycandan kənarda çalışan alimlərlə əlaqələrimizi möhkəmləndiririk və institutumuzun jurnallarının elmi səviyyəsi yüksələcək. Bütün bunları isə yeni islahatlar hesab etmək olar.
Bundan əlavə, bu ilin noyabrında Bakıda Azərbaycanın görkəmli alimi, akademik Azad Mirzəcanzadənin yubiley tədbirini keçirməyə hazırlaşırıq. Bundan əlavə, Nəsirəddin Tusi ilə bağlı da böyük tədbir keçirəcəyik.
-Yeni nazirin fəaliyyətini izləyirsiniz?
-Mən yalnız bu komandaya uğur arzulaya bilərəm. Hələ ki, bundan başqa söz deyə bilmərəm. Hələ tezdir. İşlərində uğur arzu edirəm.
- Bəzi KİV-də sizin müəyyən biznes fəaliyyəti ilə məşğul olmanız barədə məlumatlar yayılıb. Ümumiyyətlə, bizneslə məşğul olursunuz?
-Əlbəttə ki, bütün bunların hamısı yalandır. Mən elm adamı olduğum üçün heç bizneslə məşğul da ola bilmərəm. Mən biznes işi ilə heç maraqlanmıram da. Mən biznes işini bacarmaram. Ümumiyyətlə, mənim biznesim olmayıb və ola da bilməz.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?