Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadənin APA-ya müsahibəsi - Noyabr Azərbaycan memarlarının həyatında iki hadisə ilə yadda qaldı: I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi başa çatdı, ardınca isə, Heydər Əliyev Mərkəzinin təqdimatı oldu. Söhbətimizə müsabiqədən başlayaq: nəticə Sizin nəzərdə tutduğunuz, istədiyiniz kimi oldumu?
- Məncə, müsabiqə çox uğurlu oldu. Bizim planlaşdırdığımız bütün məsələlər həllini tapdı. Mədəniyyət və Turizm Nazirliyinin çox böyük dəstəyini gördük. Hazırlıq mərhələsində nazirliyin rolu bizdən artıq oldu. Hər şey ən yüksək səviyyədə təşkil olunmuşdu. Münsiflər heyətindən başqa, Bakıya qonaq kimi səkkiz ölkədən memarlar ittifaqının sədrləri gəlmişdilər. Onlar ölkənin inkişafını, müsabiqənin təşkilini yüksək qiymətləndirdilər. Biz onların təşəkkür məktublarını alırıq. Məncə, bu, uğur və müsabiqəyə verilən qiymətdir.
- Azərbaycanda memarlıq sahəsində müsabiqə ənənəsi olmayıb. Bir ildir ki, ittifaqın katibliyindən sədr postuna seçilmisiniz. Bakıda indiyə qədər niyə memarlıq müsabiqəsi keçirilməyib?
- Əvvəla, “indiyə qədər niyə müsabiqə olmayıb” sualına mən obyektiv cavab verə bilmərəm. Çünki dediyiniz kimi, mən bu vəzifəni bir ildir yerinə yetirirəm. İlk gündən də Memarlar İttifaqının işlək qurum olmasını yeni idarə heyəti üzvləri qarşısında əsas prioritet məsələ kimi qaldırmışam. Keçən ilin dekabrında Gürcüstanda memarlıq müsabiqəsində iştirak etdik və xeyli çatışmayan, bizi qane etməyən hallara şahid olduq. Təşkilatçılıq düzgün qurulmamışdı, cəmi üç ölkə iştirak edirdi. Öz aramızda söhbət edəndə dedim, biz daha yaxşı müsabiqə keçirə bilərik. Və həmkarlarımdan soruşdum: niyə də keçirməyək? Müsabiqənin hazırlıq mərhələsində Beynəlxalq Memarlar İttifaqı ilə uzun danışığımız aparıldı. Onlar belə məsələlərə çox həssas yanaşırlar. Sədr Mişel Barmaki dedi, bu ilk müsabiqədir ki, bizim təşkilatın birbaşa dəstəyini alıb. Bizə də ona görə razılıq verdilər ki, keçən il mən hələ katib olanda Mişel Barmakini Bakıya qonaq dəvət etdim. O başa düşdü ki, Bakıda tam ürəklə, inamla müsabiqə keçirə bilərlər. Hətta bizim aramızda 2020-ci ildə Bakıda Beynəlxalq Memarlar İttifaqının Konqresini keçirmək haqqında söhbət oldu. Təəssüf ki, bu məsələdə ümumi razılığa gələ bilmədik və bir az da, bizdən asılı olmayan səbəblərə görə, sənədləşdirmə işləri ləngidi. Amma güman edirəm, 2023-cü ildə bu böyük tədbirin Bakıda keçirilməyinə nail olacağıq.
- Razılığa gələ bilmədiyiniz məsələlər nədən ibarət idi?
- Əsas problem sənədləşdirmə işi idi. Bilirsiniz, Konqresin keçirilməsi çox böyük tədbirdir. Dövlətin dəstəyi və bilavasitə iştirakı olmadan, heç bir ölkənin Memarlar İttifaqı onun öhdəsindən gələ bilməz. Məsələn, sonuncu Konqres Tokioda keçirildi və biz orda iştirak etdik. Məlum oldu ki, təşkilati işlər üçün Yaponiya hökuməti təxminən yeddi-səkkiz milyon avroya yaxın pul ayırıb. Açığı, bu barədə hökumətlə danışığa başlamadıq. Çünki ideoloji tərəfdən buna hazır deyildik. Bundan başqa, onların bizim qarşımıza qoyduqları şərtlər tam obyektiv deyildi. Bu barədə bizim mübahisələrimiz də oldu. Ona görə, bu konqres baş tutmadı.
- Azərbaycanlı memarların işlərinin içində mükafat almağa layiq bildiyiniz, amma kənarda qalanı oldu?
- Sizə bir şeyi demək istəyirəm. Bu, birinci müsabiqə idi deyə, mənim üçün ən əsası müsabiqənin tam obyektiv keçməsi idi. Əlbəttə, ev yiyəsi kimi müəyyən təkliflərimi, məsləhətlərimi verə bilərdim. Amma eləmədim! Çünki Beynəlxalq Memarlar İttifaqının inamını qazanmaq, etimadını doğrultmaq lazımdır. Münsiflər heyətinin beş üzvündən dördü xarici vətəndaş idi. Açığı, mən ingilis dilini bilmirəm, onlarla tərcüməçi vasitəsi ilə danışırdıq. İşləri rəngli kağızla, bir-birimizdən xəbərsiz qiymətləndirirdik. Şübhəsiz, yerli memarların işlərini tanıyırdım. Münsiflər heyətinin üzvlərindən biri azərbaycanlı memarın işini qiymətləndirmişdi. Mən ikinci münsif kimi səsimi ona verməyə tələsmədim. Çünki yerdə qalan münsifləri istiqamətləndirə bilərdim.
- Və o iş yer qazanmadı...
- Bəli, qazanmadı. Bəlkə mən tez səs versəydim, yer qazana bilərdi. Təkrar edirəm: bizim üçün əsas şərt müsabiqənin şəffaf və ədalətli keçməsi idi. Qoy, Azərbaycana gələn xarici qonaqlarda şübhə yaranmasın ki, bizdə bu cür işlər başqa yollarla həll oluna bilir. Siz bilirsiniz ki, müsabiqəyə erməni memar da iş təqdim etmişdi. Açığı, mən çox narahat idim. Millətindən asılı olaraq müsabiqəyə işi qəbul etməmək düzgün çıxmazdı, ədalətsizlik olardı. Yəni kimliyin fərqi yoxdur. Biz həmin memarın adını açıqlamırıq, çünki ermənilər ona təzyiq edə bilərdilər ki, niyə Azərbaycana iş göndərib? Narahatlığım da o idi ki, oldu-oldu də, birdən qaliblərin içində adı çıxdı. Düzünü deyim, Azərbaycanın pulunun bizimlə xoş münasibəti olmayan birinin əlinə düşməsini istəməzdim. Çünki bu, xalqın qazandığı puldur. Allah elə gətirdi, onun adı qaliblər siyahısında olmadı. Bizim memarlar şəksiz istedadlıdır. Və mən bilirəm ki, heç kimin yanında əskik deyillər. Allah canlarını sağ eləsin, xarici memarlar gəlirlər, layihələrdə iştirak edirlər. Məsələn, Zaha Hadid gəldi, o cür möhtəşəm memarlıq əsərini yaratdı. Amma mən inanıram ki, bizim memarlar da belə möhtəşəm layihələr işləyə bilərlər.
- Əslində, Sizdən bunu soruşmaq istəyirdim. Deməli, yerli memarlarımız o səviyyədə iş görə bilərlər?
- Əlbəttə! Ümumiyyətlə, Bakıya xaricdən memar gətirilməsi adəti həmişə olub. Keçən əsrin əvvəllərində Bakıda tikilən binaların yetmiş faizini xaricilər tikiblər. Bəlkə o vaxt kifayət qədər milli memarımız olmayıb, ona görədir, bilmirəm. Amma onu da deyim ki, xaricdən memar gətirmək təcrübəsi bütün dünyada var. Biz desək, Bakıda aparılan bütün işləri xarici memarlar görür, bu, ədalətsizlik olar. Bakıdakı binaların bir çoxu Azərbaycanlı memarların əsəridir. Yəni bizimkilər də işləyirlər, maşallah, yaxşı qazanırlar, yaxşı yaşayırlar.
- Sualım bəlkə subyektiv səslənə bilər, amma peşəkar memar kimi fikriniz maraqlı olar: Zaha Hadidin işində məhz sizin “redaktə”yə gələn tərəflər var?
- Ümumiyyətlə, yaradıcı adam başqasının işinə qarışmamalıdır. Memarlıqda bir işə qiymət vermək üçün həmin əsər zamanın sınağından çıxmalıdır, yaşamalıdır. Rəssamlıqda, musiqidə belə deyil. Bir misal deyim. Vaxtilə Mərkəzi Bankın binası tikiləndə mən Bakının baş memarı idim. Bu işin qəti əleyhinə idim. Həmin binanın nə layihəsini təsdiqlədim, nə də inşaat pasportunu verdim. Amma şərait belə gətirdi ki, onu tikdilər. Mərkəzi Bankın yerində bina tikilməməliydi! Füzuli meydanından başlayan xiyaban Dəmir Yol Vağzalında başa çatmalıydı. Bu bina onun qarşısını kəsdi. Heydər Əliyev Sarayı çoxdan tikildiyinə görə, orda qala bilərdi. Mən baş memar kimi Mərkəzi Bankın binasının yerini Tiflis prospektindəki idman sarayının arxasında görürdüm. Orda böyük bir təpə var. Hətta həmin yerin pasportunu da vermişdim ki, orda böyük kompleks yarada bilərdilər. Banklar, ofislər, hündür mərtəbəli binalar və s. Bilirsiniz, tarixi mühitdə hündür binaların yerləşməsi düzgün deyil. Mərkəzi Bankın binasının tikilməsindən iyirmi il keçib. Əvvəllər onun yanından keçəndə əsəbiləşirdim, öz-özümə deyirdim ki, axı bu niyə burda tikilib?! Amma son zamanlar ümumiyyətlə, bu haqda düşünmürəm. (Gülür)
- Belə çıxır, artıq binanı orda görməyə öyrəşmisiniz...
- Yox, mən öyrəşməmişəm, artıq o bina həmin mühitə daxil olub. Məsələn, adamın dişini çıxarıb yerinə implant qoyurlar. Çənə yerinə oturana qədər adamı narahat edir. Elə ki, yerinə oturdu, adam bilmir, hansı öz dişidir, hansı implantdır. Bax, vəziyyət belədir. Mərkəzi Bankın yanında başqa bir hündür bina tikilib, arxasında ticarət mərkəzi inşa olundu və s.
- Vaxtilə Sizin sözünüzü niyə eşitmədilər?
- Bu dövlət bankı idi, çox nüfuzlu şirkətlə artıq danışıqlar aparılmışdı. Yəni onlar əhəmiyyət vermədilər, mən də dedim, layihəni təsdiq etməyəcəyəm. Etmədim də! Mənə dəfələrlə müraciət etdilər, tapşırıq gəldi ki, bu işi yoluna qoymaq lazımdır. Cavab verdim ki, demişəmsə etməyəcəm, deməli etməyəcəm! Binanın açılışı günü mənə zəng vurub dedilər, getdim tədbirə. Rəhmətlik Heydər Əliyev açılışda iştirak edirdi. Mənim narazılığımdan xəbəri yox idi, ona görə dedi ki, bizim baş memarımızın digər yaxşı işlərinə baxmayaraq, burda səhvə yol verib. O elə bilirdi ki, binanın burda tikilməyinə mən icazə vermişəm. Açığı, bu söz məni möhkəm tutdu. Rəhbərlik içəri keçəndə mən də arxasınca getməliydim. O qədər həyəcanlı idim, içəri keçmədim. Mənə dedilər, Bəylər müəllim (Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəhbəri, general Bəylər Əyyubov - C. Zeynallı) səni axtarır. Dedi, Elbəy, tez gəl, prezident səni soruşur. Bir yerdə qalxdıq yuxarı. Heydər Əliyevə dedim, cənab prezident, olar bir söz deyim? Dedi, buyur, eşidirəm. Məsələni olduğu kimi danışdım ki, bu binanın tikilməsinə mən icazə verməmişəm. Dönüb rəhmətlik Rafael Allahverdiyə tərəf baxdı, yeri deyildi, ona görə, heç nə demədi. Amma hər halda, məsələdən xəbərdar oldu. Hər halda həmin bina mən təklif etdiyim yerdə tikilsəydi, böyük bir şəhərciyin əsası qoyulacaqdı.
- On iki il Bakının baş memarı olmusunuz…
- Mən Bakının ən çətin dövründə baş memar olmuşam. Təsəvvür edin, 12 ildə yeddi icra başçısı ilə işləmişəm. Onlarla işləmək çox çətin olub. Hamısı gələn kimi fikirləşib ki, o nə deyir, elə də olmalıdır. Amma yavaş-yavaş inanıblar ki, doğrudan da sözümə qulaq asmalıdırlar.
- Normaldır. Bir yerdə işləyirik. Şəhərin baş memarı tədbirlərimizdə iştirak edir, bizə kömək edir.
- Bakının müasir memarlıq siması həmişə müzakirə və tənqid hədəfi olub. Bu məsələlərdə Sizi narahat edən tərəflər var?
- Bilirsiniz, gəlin, sualı belə qoymayaq. Bakının müasir memarlıq simasındakı müsbət tərəflərdən danışaq. Bakı inkişaf edir və müasirləşir. Bu, faktdır! Məsələn, deyəndə ki, filan qədim binanı tikib yerində başqa bina tikdilər, deyirəm, heyf, amma başqa tərəfdən də düşünürəm ki, bu, obyektiv haldır. Çünki, məsələn, həmin bina 100 il yaşayıb, ola bilər, texniki cəhətdən həqiqətən ömrünü başa vurub. 50 il də yaşasaydı, Allah eləməsin, kiminsə başına uçacaqdı. Mənim bəyənmədiyim məsələlərdən birini söhbətimizin əvvəlində dedim: mərkəzdə hündür binaların tikilməsindən narahatam. Amma bu başqa məsələ ki, hündür binaların tikintisini memarlıq baxımından düzgün aparsınlar, şəhər sakinləri də narazı qalmasın. Məsələn, memar tikinti şirkətinin rəhbərinə deyir ki, gəlin, burda 18 yox, yeddi mərtəbəli bina tikək. Şirkət rəhbəri də cavab verir: nə danışırsan, torpağa bir ətək pul vermişəm, on səkkiz mərtəbəli tikməliyəm ki, pulumu çıxarım. Düşünmür ki, həmin yeddi mərtəbəni daha elit səviyyədə, bahalı materiallarla tikib baha qiymətə sata bilər. Məsələn, kvadratmetrini min manata yox, beş min manata satar. Bizim əməkdaşlar təzə binanın interyerini qururlar, bu günlərdə həmin binada oldum. 10 mərtəbəli binaya bir lift qoyublar. Əslində on mərtəbəli binaya bir lift qoymaq olmaz. Niyə ikisini, üçünü qoymurlar?! Çünki qənaət edirlər.
- 90-cı illərin sonu, 2000-lərin əvvəllərində Bakıdakı tikinti bumu insanlarda bir fikir formalaşdırdı ki, zəlzələ olsa, Bakı böyük faciə ilə üz-üzə qalacaq. Doğrudanmı, Bakıda keyfiyyətsiz binaların sayı çoxdur?
- 2000-ci ildə zəlzələ olanda mən baş memar idim. Yeni tikilən binaların heç birində bir daş yerindən tərpənmədi. Elm və inşaat qanunları var. Yəni seysmik nöqteyi-nəzərdən binanın layihəsi düzgün aparılıbsa, sağlamdırsa, heç bir qorxusu yoxdur. Yaponiyada olanda, oteldə oturmuşdum, gördüm fincan stolun üstündə oynayır. Sual verdim, bu nədir? Dedilər, bizdə həmişə belə olur. Bəs onlar 100 mərtəbəli binanı necə tikirlər? Allah insana ağılı onu-bunu aldatmaq üçün yox, ondan düzgün istifadə etmək üçün verib.
- Amma Siz mütəxəssis olaraq insanları arxayın edə bilərsiniz ki, bu məsələlərdə narahatlığa əsas yoxdur?
- Qətiyyən! Belə deyə bilmərəm. Çünki mən layihələri həyata keçirən hər mütəxəssisə inanmıram. Bax, bu böyük problemdir və Siz buna toxundunuz. Təəssüf ki, bizim mütəxəssislərimizin arasında elələri var ki, bu işlərə laqeyd yanaşırlar.
- Və bu bizim faciəmizə gətirib çıxara bilər…
- Bəli, ola bilər! Layihələr ekspertizadan keçəndə seysmik məsələlərə çox ciddi yanaşırlar. Hansısa binada lift qüsuru, buna laqeyd yanaşma halı ola bilər. Fikirləşirlər ki, uzaqbaşı camaat səhər işə gedəndə deyinəcək. Amma seymik məsələlər insanın həyatı bahasına başa gələ bilər.
- Bakının relyefi və süxurları ən çox neçə mərtəbə bina tikməyə imkan verir?
- Məncə, texniki tərəfdən bunun məhdudiyyəti yoxdur. Hətta texniki cəhətdən 100 mərtəbəli bina da tikmək olar. Amma düşünmək lazımdır ki, memarlıq baxımından o bina harda tikilir. Hər işin öz tələbi, kompozisiyası və ətrafı var. Memarlıq əsəri ətrafla uyğunlaşmalıdır. Uyğunlaşmasa, “Alov Qüllələri” kimi öz yerində tək görünəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?