Azərbaycanda fevralın 15-dən ikidozalı “Peyvənd sertifikatı”nın vaxtı bitir və bu pasportlar qüvvədən düşmüş hesab ediləcək.
Peyvəndin ikinci dozası tətbiq edildikdən sonra altı aylıq müddətin sonunda vətəndaş “buster” doza ilə təkrar peyvənd edilməlidir. Bu, yenidən müddətsiz peyvənd sertifikatı almağa imkan verəcək.
Gundemxeber.az bildirir ki, Media. Az “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxışla əlaqə yaradaraq 3-cü doza peyvəndin nə zaman vurulmasının vacibliyi barədə ətraflı məlumat əldə edib.
- Elnarə xanım, bir çox vətəndaşa hələ də aydın deyil ki, fevralın 15-nə kimi, vurdurduğu ikinci doza vaksindən sonrakı müddət altı ayı keçərsə, o neçə doza vaksin vurdurmalı olacaq?
- Yalnız bir “buster” doza vurdurmaq lazımdır. Ümumilikdə isə peyvəndin ikinci dozasının vurulmasından altı ay keçibsə, vətəndaşlar artıq üçüncü doza ilə təkrar peyvənd oluna bilərlər ki, bu da onlara yenidən limitsiz peyvənd sertifikatı almağa imkan verəcək.
- Əgər vətəndaşın peyvənd şəhadətnaməsinin vaxtı fevralın 16-da başa çatırsa, o, hansı müddətə qədər təkrar peyvənd olunmalıdır ki, sonradan yenidən iki doza peyvənd vurdurmasın?
- Sadəcə başa düşmək lazımdır ki, əgər fevralın 15-də vətəndaşın vurdurduğu ikinci dozadan altı aydan çox vaxt keçibsə, o zaman onun peyvənd sertifikatı öz qüvvəsini itirir. Buna müvafiq olaraq artıq bir gücləndirici dozanın mövcud olmaması vətəndaşa COVID pasportu ilə icazə verilən yerlərə girişi mümkünsüz edəcək.
- Eyni şey immun sertifikatı olanlara da şamil olunurmu?
- Əlbəttə! İmmunitet sertifikatınızın müddəti bitibsə, “Peyvənd sertifikatı” almaq üçün peyvənd olunmalısınız.
Qeyd edək ki, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da peyvənd COVID-19 virusunun yeni və sürətlə yayılan ştammlarının törətdiyi fəsadların qarşısını almağın ən effektiv üsuludur.
Hazırda ölkəmizdə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq peyvəndləmə prosesi aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?