“Babalarımızdan bizə qalmış mirasın dəyərini, Vətənin qiymətini daha yaxşı bilməyimiz, “PUA texnologiyasını niyə inkişaf etdirdik” sualına cavab almaq üçün bura gəldik. Burada çox nadir tapılan xarıbülbül gülünə qovuşduq”.
Bunu Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraktar Şuşada jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Şuşada keçirdiyi hissləri qələm əhli ilə bölüşüb:
“Vətən nə deməkdir, onu qorumaq üçün hansı mübarizələrdən keçmək lazımdır – bunu anlamaq üçün bu torpaqları qarış-qarış gəzmək lazımdır. Bu bənzərsiz təbiəti və əcdadlarımızın bizə yadigar qoyduğu əsərləri görmək lazımdır.
Bir az əvvəl 11 yaşında bu torpaqları məcburi şəkildə tərk etməli olmuş, 30 il sonra burada polis məmuru kimi çalışan bir şəxslə görüşdüm, indi uşaqları ilə birlikdə məhəlləsində çalışır. Onun dilindən özünün və başqalarının hekayələrini dinlədim. Bütün bunları ancaq gəlib, görüb yaşamaqla anlamaq olar. Dünyaya “bizim heç kimin torpağında gözümüz yoxdur, amma torpağımızda gözü olanla sonuna kimi mübarizə aparacağıq” fikrini hər şəkildə göstərmək lazımdır - istər elmimiz, istər texnologiyamız, istərsə də cəsarətimizlə.
Bu ərazinin sərt qayalıq olduğunu mətbuatda yer alan görüntülərdən bilirdik. Amma bildiyiniz kimi, belə qiymətli yerlərin mücadiləsi də çətin olur. Bu bənzərsiz təbiət çətinliklərinə rəğmən, ordunun cəsarəti ilə torpaqların azad olunması və bunun da dünya tarixinə PUA-larla qazanılan ilk qələbə olaraq düşməsi bu texnologiyanı inkişaf etdirən şəxs kimi bizi qürurlandırır. Məhz bu qüruru paylaşmaq üçün “TEXNOFEST” keçiririk. Bu festival artıq ölkə sərhədlərimizi aşıb və can Azərbaycanda keçirilir. Bu səbəblə biz buraya da gələ bildik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?