Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi yaxın günlərdə İsrailə səfər edəcək.
İsrail hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir. Qeyd edilir ki, İran İslam İnqilabından əvvəl vəliəhd şahzadə titulu daşıyan xarici qonağı İsrailin kəşfiyyat naziri Gila Qamliel qəbul edəcək. Səfər zamanı Pəhləvi bu il İsraildə aprelin 17-dən 18-dək qeyd olunan Avropa Yəhudilərinin Fəlakət və Qəhrəmanlıq Günü münasibətilə rəsmi mərasimlərdə iştirak edəcək. Bundan başqa, İsraildə olduğu müddətdə o, yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirməyi, İsrailin sutəmizləmə texnologiyaları ilə tanış olmağı, Qüdsdəki Ağlama Divarını ziyarət etməyi, İsrailə köçmüş İran yəhudiləri icması və bəhai dininin tərəfdarları ilə ünsiyyət qurmağı planlaşdırır. Hökumətin mətbuat xidməti bildirib ki, Pəhləvi “İsrailə açıq səfərlər etmiş şəxslər arasında ən yüksək rütbəli iranlı şəxs” olacaq. İsrail hakimiyyəti bu səfərin məqsədini “İsrail ilə İran xalqı arasında körpünün yaradılması və ayətullah rejiminə birgə müqavimətin ifadəsi” adlandırır. Məlumatda iki dəfə qeyd olunub ki, Pəhləvi İranda taxtın varisidir. Ötən ilin sentyabr ayında İranda baş qaldıran etiraz aksiyaları fonunda Rza Pəhləvinin siyasi cəhətdən fəallaşması müşahidə olunur. O, Qərb dairələrində özünü İrandakı teokratiki rejimin alternativi kimi təqdim etməklə hakimiyyətə iddiasını ortaya qoyur. ABŞ-da da müəyyən siyasi dairələr İranda inqilabi yolla hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə şah rejimini bərpa etməyin mümkünlüyü barədə düşünür. Bu baxımdan, Rza Pəhləvinin fevralın 17-18-də Almaniyanın Münix şəhərində keçirilən Beynəlxalq Təhlükəsilik Konfransına dəvət edilməsi, onun hakimiyyətə gətirlməsi tələbi ilə aksiyanın təşkili İran cəmiyyətində ciddi narahatlığa səbəb oldu. İndi isə Rza Pəhləvinin İsrailə səfəri hakimiyyət iddiasını həyata keçirmək üçün İranın birinci düşmən dövlətindən siyasi dəstək almaq məqsədi daşıyır. Xüsusilə onun İsrail hökumətinin rəsmi məlumatında “İran taxtının varisi” adlandırılması etirazla qarşılanıb. Bu, Pəhləvilər sülaləsinin idarəetmə prinsiplərinin mövcud teokratik rejimdən daha qəddar və təhlükəli olması ilə bağlıdır. Ona görə də Qərbin Rza Pəhləvini İranda hakimiyyətə gətirmək cəhdi molla rejiminə qarşı mübarizə aparan xalqın azad seçim hüququnun pozulması kimi qiymətləndirilir. ABŞ-ın və Avropa dövlətlərinin Pəhləvilərin qayıdışı məsələsini gündəmə gətirməsi İrandakı inqilabi prosesin zəifləməsinə və Xameneyi hakimiyyətinin əlinin güclənməsinə səbəb olub. İkincisi, Pəhləvi rejimi İranın müstəmləkəsi altında olan xalqlara, o cümlədən Güney Azərbaycan türklərinə düşmən münasibətilə seçilib. Rza Pəhləvinin açıqlamaları göstərir ki, o, hakimiyyətə qayıdacağı təqdirdə, qeyri-fars millətlərin hüquqlarının təmin olunması istiqamətində heç bir addım atmaq niyyətində deyil. Əksinə, həm atası Məhəmmədrza şahın, həm də mövcud rejimin repressiv siyasətini davam etdirmək niyyətindədir. Bu səbəbdən, İranda yaşayan xalqların “Rza Pəhləvi layihəsi”nin reallaşmasına qarşı müqavimət hərəkatı formalaşmağa başlayıb. Martın 25-də Güney Azərbaycan türklərinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə keçirdiyi yürüş-mitinqin əsas şüarlarından biri də “Nə şah istəyirik, nə şeyx, nə də Rəcəvi” olub. Azərbaycanlılardan başqa, Qaşqay türkləri, Xorasan türkləri, bəlucların və ərəblərin də qatıldığı aksiyanın iştirakçıları azadlıq və milli öz müqəddaratını təyinetmə hüquqlarının vacibliyini irəli sürüblər. GUNDEMXEBER.AZ-ın məlumatına görə, güney azərbaycanlı fəal Saleh Kamrani Cebhe.info-ya açıqlamasında bildirib ki, Rza Pəhləvinin özünü İran taxt-tacının siyasi varisi adlandırması qanunsuzdur. Çünki onun şahzadə titulu yoxdur. Saleh Kamraninin sözlərinə görə, İran cəmiyyəti Rza Pəhləvini dəstəkləmir. Ona görə də İsrailə səfər etməsi heç nəyi dəyişməyəcək: “Əslində, Rza Pəhləvi qanuni şahzadə deyil. Onun atası inqilab nəticəsində hakimiyyətdən devrilib, İranda şahlıq üsul-idarəsi ləğv edilib, sonra atası ölüb, Rza Pəhləvinin də şahzadəliyi yoxdur. Rza Pəhləvi siyasi cəhətdən müflis olub. Çünki son yeddi ayda onun bütün səyləri boşa çıxdı. İndi məlum olur ki, ona media və maddi dəstəyin təmin olunmasında İslam İnqilabı Keşikçiləri Korpusunun əli var imiş. O, yeni inqilabın əleyhinə çıxmaqla insanlarda ümidsizlik yaradır, rejimin əlini-qolunu açır. Rza Pəhləvi medianı aldatmağa çalışır və Münixdə də özünün guya rəsmən dəvət edildiyi barədə rəy yaratmağa çalışmışdı. Halbuki, özləri pul verib orada otaq icarə etmişdilər. Mən İsrail hökumətinin Rza Pəhləvini rəsmən dəvət etdiyinə inanmıram. Bəhailərin mərkəzi İsraildədir. Amma bu səfərin nəticə verəcəyi də inandırıcı görünmür. Çünki Rza Pəhləvinin siyasi fəaliyyəti bitib və heç bir təsiri yoxdur. İstənilən ciddi bir dövlət Rza Pəhləviyə sərmayə yatırmaz. Çünki nə Rza Pəhləvinin özündə elə qabiliyyət var, nə də İranın daxilində hakimiyyəti dəyişə biləcək güclü tərəfdarları var. İndiyə qədər Rza Pəhləvinin əlində bu qədər geniş media resursunun olmasına baxmayaraq, onun çağırışı ilə beş nəfər adam meydana çıxmayıb. Gələcək siyasi proseslərə doğru-düzgün baxan hər hansı ölkənin və ya siyasi qüvvənin bu adama etimad göstərəcəyi real görünmür. İran rejimi özü etiraf edir ki, Rza Pəhləvinin maliyyə dəstəyi Rəfsəncani tərəfindən, SEPAH-a bağlı mənbələrdən təmin olunurmuş. Rejim bununla müxalifətin müqavimətini qırmaq, insanların əlini “soyutmaq” üçün Pəhləviyə dəstək verir. İran hakimiyyəti Rza Pəhləvi amilini məqsədyönlü şəkildə mediada şişirdir. Rza Pəhləvi manevrlər etməklə pul qazanır. Ona görə də onun İsrailə səfərinin təsirli olacağını düşünmürəm”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?