Vergidən yayınan sahibkar barəsində cinayət işinin istintaqı tamamlanıb. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan çoxepizodlu cinayət işi zamanı sübuta yetirilib ki, Beyləqan rayonunun Dünyamalılar kənd sakini Ağayev Nadir Camal oğlu 2009-2011-ci illər ərzində “Kvant-L”, “Təsərrüfat-İnventar Topdansatış”, “Kaspian”, “Baykal-N”, “İntellekt-2011”, “Berkut-2012” və digər müəssisələrin direktoru vəzifəsində işləyərkən vergiləri dövlət büdcəsindən yayındırıb. N.Ağayev sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda rəhbərlik etdiyi müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini də öz üzərinə götürüb, vergi orqanlarına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatları daxil etməklə, eləcə də bəyannamələr təqdim etməməklə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53,1, 72, 77.3, 78.1, 177.1.3 107-110-cu maddələrinin tələblərini pozaraq ümumilikdə külli miqdar təşkil edən 1 milyon 792 min 679 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bundan başqa, N.Ağayev xüsusi razılıq (lisenziya) almadan I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılması işləri ilə məşğul olaraq külli miqdar təşkil edən 150 min 913 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Beləliklə o, Cinayət Məcəlləsinin 192.2.2 -ci və 213.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törədib. N.Ağayevin qeyd olunan cinayətləri törətməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla – ilkin mühasıbatlıq sənədləri, şahid ifadələri, tanınma protokolları, keçirilmiş baxışlar, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə təsdiq olunub. 23 dekabr 2013-cü il tarixdə N.Ağayevin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub, lakin o, bir müddət istintaqdan qaçıb gizləndiyindən qərarı ona elan etmək mümkün olmayıb və bu səbəbdən də barəsində axtarış elan edilib. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində N.Ağayev 15 yanvar 2014-cü il tarixdə tutularaq istintaqa təhvil verilib və elə həmin gün Bakı şəhəri Yasasmal Rayon Məhkəməsi tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib. N.Ağayev dindirlərkən öz təqsirini boynuna alıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?