Bərdə rayonunda qeyri-aşkar şəraitdə törədilmiş cinayətin üstü açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, fevralın 1-də saat 13 radələrində naməlum şəxs idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Bərdə rayonunda avtomobil bazarının yaxınlığında yerləşən avtomobil yuma məntəqəsinə gələrək həmin məntəqənin sahibi, 1948-ci il təvəllüdlü Vaqif Əzizovu qəsdən öldürmək məqsədi ilə onun baş nahiyəsinə odlu silahdan 3 dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Nəticədə boyun nahiyəsindən güllə yarası alan V.Əzizov Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən V.Əzizovun vəziyyəti kafi qiymətləndirilir.
Rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan "Makarov" tipli tapançaya aid 2 ədəd güllə və 1 ədəd giliz aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (cinayət etməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.
Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1986-cı il təvəllüdlü, Bərdə şəhər sakini Xosrov Muradzadə tərəfindən qisas məqsədi ilə törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
X.Muradzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bərdə rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir, X.Muradzadənin cinayətdə istifadə etdiyi odlu silahın tapılması istiqamətində tədbirlər görülür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?