gundemxeber.az “Rayon mərkəzinə yaxın bir yerdə kirayədə qalıram. Kirayənin pulunu da vaxtında verə bilmirəm. Fəhlə bazarına çıxıb, onun bunun qapısında işləməklə evə pul aparmağa çalışıram. Sosial yardım da ala bilmirəm. Bəhanələr gətirib get-gələ salırlar. Şikayət yazmaqdan bezmişəm. Fikirdən, dərddən saçlarım da ağarıb”.
Kəndlı Anar Mehdiyev 27 yaşı olmasına baxmayaraq, artıq zahiri görkəmcə orta yaşlı insanı xatırladır. İki uşaq atasıdır və deyir ki, ailəsini dolandırmaq üçün kənddə heç bir iş tapa bilmədiyi üçün rayon mərkəzinə köçməli olub. Cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşən Quşçu Ayrım rayonun ən ağır şəraitdə yaşayan kəndidir. Burada son bir neçə ildə elektrik və qaz sarıdan problemlər öz həllini tapsa da, sakinlər su sarıdan çox əziyyət çəkir. Kənddə 350 ev var, lakin onların çoxunun qapısından qıfıl asılıb. Sakinlərin bir çoxu yaşayış şəraitinin minimum səviyyədə olması səbəbindən rayon mərkəzinə, paytaxta, hətta ölkə xaricinə köç ediblər. Kəndin əsas su mənbəyi olan bulaq Ermənistan ərazisindən axıb gəlirdi. Lakin uzun illərdir onun qarşısı ermənilər tərəfindən kəsildiyindən sakinlər bu sudan istifadə edə bilmir. Kənddə olan digər su mənbəyi isə sakinlərin tələbatını ödəmir. Anar Mehdiyev kimi Quşçu Ayrım kəndinin əksər gənclərini ev-eşiyindən didərgin salan əsas səbəb isə işsizlikdir. Keçmiş millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədovun sözlərinə görə, Ermənistan sərhədindəki əksər ərazilər uzun müddətdir atəş altında olduğundan yerli əhali ənənəvi işləri ilə məşğul ola bilmir. O həmçinin deyir ki, torpaq islahatlarından sonra pay torpaqlarının əhəmiyyətli hissəsi təmas xəttinə yaxın ərazilərə düşüb. Nazim Məmmədov bildirir ki, sosial və iqtisadi çətinliklər səbəbindən Ermənistanla sərhəd yaşayış məntəqələrindən köç artıb və bunun qarşısını almaq üçün hökümət ciddi tədbirlər görməlidir: “İnsanların köçməsinə səbəb olaraq həmçinin təbii qaz, yol, su kimi kommunal xidmətlərin və infrastrukturun aşağı səviyyədə olmasını da əlavə edə bilərik. Buna görə də deyərdim ki, mənim vaxtilə təmsil etdiyim Gədəbəy-Tovuz seçki dairəsinin əhatəsində olan kəndlərin əhalisinin yarıdan çoxu Bakıya iqtisadi miqrasiya edib. Təkcə bu iki rayonun Ermənistanla sərhədi 200-km dən çoxdur və bu sərhədyanı kəndlərdə sadaladığım problemlər daha da qabarıqdır. Hökumət sərhədyanı, cəbhə bölgəsindəki əhalinin yaşayış səviyyəsini qaldırmaq üçün ilk növbədə təbii qazın çəkilişini sürətləndirməli, kommunal xərclərə differensial tarif (ölkə daxili qiymətdən ucuz – Z.N) tətbiq etməli, kənd təsərrüfatı mallarının istehsalı üçün girovsuz, aşağı faizli və uzun müddətli kreditlər verməlidir. Burada demoqrafik vəziyyəti stimullaşdırmaq üçün iki, üç və daha çox uşaqlı ailələrə doğum üçün birdəfəlik müavinətləri xeyli artırmalıdır. Təbii ki sərhəddə yaşayan insanların tam təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər də görülməlidir”. Qazax rayon İcra Hakimiyyətində isə bildirilir ki, sərhəd kəndlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülür. Qurumun ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev deyir ki, sərhəd kəndlərin sakinləri, xüsusən də gənclərlə tez-tez görüşlər keçirilir: “Az da olsa müəyyən sakinlərin yaxın ərazidə fəaliyyət göstərən müəssisələrdə işlə təmin edilmələrinə nail olmuşuq. Sərhəddə yerləşən Daş Salahlı kəndində yaxın zamanda sement zavodu fəaliyyət göstərəcək. Bundan başqa gil zavodunun tikintisinə başlanacağı da gözlənilir”. İcra rəsmisi ilə söhbətdən məlum oldu ki, ümumilikdə sərhəd bölgəsinin sakinlərinin işsizlik problemi ilə bağlı hələlik ortada kütləvi xarakter daşıyacaq bir layihə yoxdur. “Sonra deyirlər ki, niyə ev-eşiyinizi qoyub kənddən çıxırsız... Amma düşünən yoxdu ki, bu yazıq camaat ailəsini nəylə dolandırmalıdı. Pul, mal, mülk istəmirik ki, iş istəyirik!” – Anar Mehdiyev deyir. Zaman Nur
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?