2013-cü ildə Azərbaycanda 86 min 594 nikah bağlanıb. 11 min 849 nikah halının isə pozulması faktı, yəni boşanma qeydə alınıb.
Bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib.
Əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə nikaha girənlərin sayı 2780 nəfərdir. Rəsmi məlumatda bildirilir ki, onlardan 1652 nəfəri qadın, 1128 nəfəri isə kişidir. Bu isə onu göstərir ki, əcnəbilərlə ailə quran azərbaycanlılar arasında yenə də qadınlar üstünlük təşkil edir.
Əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahlarda ötən il 211 boşanma faktı qeydə alınıb.
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən onu da bildiriblər ki, azərbaycanlıların izdivaca girdiyi əcnəbilər arasında Türkiyə, İran, Rusiya, Almaniya, ABŞ, İsrail, Ərəb Əmirlikləri və s. ölkələrin vətəndaşları üstünlük təşkil edir.
İdarənin statistikasına görə, 2012-ci ildə Azərbaycanda 1932 nəfər məhz xarici vətəndaşlarla nikah bağlayıb. Ümumiyyətlə, son illər bunu göstərir ki, əcnəbilərlə bağlanan nikahların sayı xeyli artıb.
Bununla yanaşı, Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın pozulması halları da artıb. Belə ki, 2012-ci ildə bu rəqəm 148 idisə, ötən il 211 fakt qeydə alınıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?