Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin adı dəyişdirilib, idarənin işçilərinin statusu isə artırılıb.
Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Prokurorluq haqqında" qanunlara müvafiq əlavə və dəyişikliklər edilib.
Qanunlara edilən müvafiq edilən dəyişikliklərə əsasən, Korrupsiyaya qarşı mübarizə idarəsi bundan sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi adlanacaq, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə isə baş prokurorun müavini hesab edilən Baş İdarənin rəisi rəhbərlik edəcək. Bundan əlavə, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi vəzifəsi ikinci təsnifata, İdarə rəisinin müavinləri və idarə rəisləri üçüncü təsnifata, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin idarə rəislərinin müavinləri və şöbə rəisləri üçüncü təsnifata aid ediləcək.
Beşinci təsnifata dair maddədə "korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları" sözləri isə "Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin idarə və şöbələrinin böyük prokurorları, prokurorları, prokuror-kriminalistləri, mühüm işlər üzrə müstəntiqləri, mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları" sözləri ilə əvəz edilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin işçilərinə rütbələr İdarənin rəisinin təqdimatı əsasında veriləcək.
İdarə rəisi əməkdaşların vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimatlar vermək səlahiyyətinə malik olacaq (hazırda bunu baş prokurorun birinci müavini həyata keçirir).
Bundan əlavə, millət vəkilləri plenar iclasda, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"də, "Torpaq bazarı haqqında" qanunda, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrini müzakirə edərək qəbul ediblər.
Həmçinin deputatlar "Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında" sazişin, Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" sazişin, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunverciyilinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2004-cü il 5 noyabr tarixli sazişə əlavə və dəyişikliklər edilməsi barədə" protokolun, "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə və Azərbaycan Respublikasının "Beynəlxalq Üzüm və Şərab Təşkilatını təsis edən Saziş"ə qoşulması haqqında qanun layihələrinə baxaraq təsdiq ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?