Bu il “Xocalı soyqırımı”nın 22-ci il dönümü dünyanın əksər ölkələrində qeyd olunur.
Finlandiya parlamenti qarşısında keçirilən mitinq, Türkiyənin bir çox şəhərlərində keçirilən tədbirlər, Strasburqda Xocalı soyqırımının qurbanlarının anım mərasimi, Almaniyanın Köln şəhərində keçirilən izdihamlı Xocalı mitinqi, Latviyada anım mərasimi kimi tədbirlərlə Xocalı soyqırımı haqqında tarixi həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılır.
Bu işdə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsçüsü olduğu “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının böyük rolu vardır. Bundan başqa, Azərbaycanın Yaponiyadakı səfirliyi Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirir. Xocalı soyqırımının qurbanlarına həsr olunmuş fotosərgi təşkil edilib. Azərbaycan xalqının qan yaddaşına yazılmış faciənin növbəti ildönümü ərəfəsində səfirliyə gələnlərə soyqırım barədə geniş məlumat verilir. Eyni zamanda, Yaponiya parlamentinə, digər dövlət və hökumət strukturlarına, bu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərə, ali təhsil ocaqlarına və kütləvi informasiya vasitələrinə soyqırımından bəhs edən mətbuat məlumatı və nəşrlər də göndərilir.
ABŞ-da da, bu faciə ilə bağlı mühüm işlər görülür. Nyu-York şəhərində Xocalı faciəsi ilə əlaqədar stendlər quraşdırılıb. Nyu-York metrosunun 34 stansiyasında bərkidilən posterlər bu nəqliyyat vasitəsindən istifadə edənləri Xocalı qətliamından xəbərdar edir. Paralel olaraq, şəhərin mərkəzi küçələrində insanların sıx toplaşdığı yerlərdə binalar üzərində Xocalı faciəsi ilə əlaqədar qrafik görüntülər əks olunub.
Görülən işlərin içərisində ən mühümlərindən biri də, Madridin “Atletiko” futbol klubu İspaniya çempionatının növbəti turlarında qara sarğı və yaxalarında matəm lenti ilə çıxmasıdır. Bununla da “Atletiko” Xocalı faciəsi qurbanlarının xatirəsini yad edəcək. Nəzərə alsaq ki, futbol idman növləri içərisində daha çox tamaşaçı kütləsinə sahibdir bu təbliğatın əhəmiyyəti olduqca böyükdür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?