Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Rüstəm oğlu Vəliyev 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olub. 1979-1986-cı illərdə Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997-2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər Yol-tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi, 1983-1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989-1994-cü illərə qədər Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib. 1994-2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001-2004-cü illərdə Dövlət Gömrük Komitəsində rəis müavini, 2004-2011-ci illərdə isə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Dövlət başçısının 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ailəlidir, üç övladı və üç nəvəsi var. Hazırda Elmar Vəliyevin icra başçısı vəzifəsindən uzaqlaşdırılacağı haqqında xəbərlər gündəmi zəbt edib. Mətbuat daha çox onun fəaliyyətində ciddi narazılıq olduğunu yazır. Lakin Gəncədə bəzi vacib obyektlərin açılışında ölkə başçısının iştirak etməməsini müşahidəçilər Elmar Vəliyevin karyerasının sonu kimi qiymətləndirirlər; onun siyasi və fiziki büdrəməsi ötən ilin fevral müşavirəsinə gedib çıxır. Lakin bu büdrəmə olayına Gəncə şəhər İcra Hakimiyyəti münasibət bildirdi və “büdrəmənin” yalandan başqa bir şey olmadığını iddia etdi. Lakin E.Vəliyevə qarşı yaranmış narazılığın arxasında başqa məqamlar dayanır. Onun dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan Gəncənin abadlaşdırılmasına ayrılan vəsaitləri təyinatı üzrə xərcləmədiyi deyilir. Lakin bu narazılığın pərdəarxası məqamları da var. Belə ki, E.Vəliyev Gəncə şəhərində apardığı təmir işlərinə xərclənən vəsaiti şəhərin tanınan iş adamlarından və maddi cəhətdən imkanlı şəxslərdən alır. Yəqin elə ona görədir ki, Elmar Vəliyevə Gəncədə “Polat Alemdar” ləqəbi verilib. Bu isə böyük bir kütlədə narazılıq yaradıb ki, onlar tez-tez yuxarı dairələrə şikayət məktubu ilə müraciət edirlər. Əslində E.Vəliyevin şəhərin varlılarını təmir-tikinti işlərinə məcburi şəkildə cəlb etməsi alqışlanası haldır. Çünki ötən əsrin əvvəllərində də imkanlı şəxslər şəhərin tikinti-təmir işlərində fəallıqla iştirak edirdilər. Buna isə dində fitrə -zəkat, rəsmi dildə isə vergi deyilir. Varlıların bu ölkədən qazandıqları ilə oğullarına 300 minlik maşın alıb günahsız adamların faciəsinə səbəb olan hallara yol verməkdənsə, xalqa xərcləmələri daha yaxşıdır. İcra başçısının tez-tez qeyri-etik ifadələr səsləndirməsi onun ətrafındakıları daim narahat edir. Hətta onun söyüş söyməyi ucbatından Gəncənin sabiq polis rəisi Rasim Musayevlə aralarında dava düşüb. Belə ki, E.Vəliyev polis rəisini küçə söyüşü ilə söyüb, rəis isə ona hücum edib və əlbəyaxa dava başlayıb. Bu isə rəisin “istefa ərizəsi yazmasına” səbəb olub. Elmar Vəliyev xələfi Eldar Əzizova qarşı daim aqressiyasını nümayiş etdirir. O, çıxışlarının birində deyib: “Son 20 ildə Gəncədə heç bir uşaq bağçası təmir edilməyib”. E.Vəliyev Gəncənin küçələrində genişləndirmə işləri aparır. O, küçəni kəsən evləri söküb, yolları genişləndirir və ev sahiblərinə yaxın ərazidə eyni ölçülü evlər tikdirir. Xatırladaq ki, E.Vəliyev ölkənin hərbi prokuroru Xanlar Vəliyevin kiçik qardaşıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?