Ermənistan Azərbaycan ərazilərindəki 277 coğrafi adı erməniləşdirib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən coğrafi adların erməniləşdirilərək dəyişdirilməsinə dair geniş araşdırma aparıb. Bu barədə APA-ya institutun direktoru vəzifəsini icra edən Ramiz Məmmədov məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum tərəfindən xarici işlər naziri Elmar Məmmədyarovun 27 dekabr 2011-ci il tarixli məktubuna cavab olaraq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən coğrafi adların erməni toponimləri ilə dəyişdirilməsinə dair araşdırmalar aparılıb və müəyyən edilib ki, Azərbaycan (türk) mənşəli toponimlər mərhələ – mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb: “Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən 277 coğrafi ad erməniləşdirilərək dəyişdirilib”. R. Məmmədov deyib ki, Coğrafiya İnstitutunun bir qrup əməkdaşı tərəfindən Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərinin toponimiyasına aid Xəritəçəkmə və Torpaq Komitəsinin tərtib etdiyi siyahıdan istifadə etməklə də araşdırmalar aparılıb. İnstitut direktorunun sözlərinə görə, aşkar edilən faktlar bir daha sübut edir ki, Azərbaycan (türk) mənşəli coğrafi adların düzgün şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün daha əzmlə mübarizə aparılmalı, müntəzəm olaraq saytlarda Ermənistan tərəfindən təcavüzə uğrayan Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı yayılan saxta informasiyalar haqqında müvafiq qurumlara vaxtında məlumat verilməli və onların sıradan çıxarılmasına qarşı müntəzəm olaraq tədbirlər görülməlidir. “Xəbər xidməti”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?