Departament ağacların qırılmasını görmür, amma təbiətə dəyən abstrakt “ziyanı” hesablayır
Salyan şəhərinin mərkəzindəki kompleksin ərazisində yaşıl şam ağacları kəsilir. Bu haqda Turan-a Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” İctimai Birliyindən məlumat verilib Xəbərdə deyilir ki, bu kompleks II Dünya Müharibəsində həlak olanların xatirəsinə yaradılıb. 20-yə qədər köklü şam ağacı bu ərazidə mağaza tikintisi üçün qırılıb. Ağacların qırılması rayon ictimaiyyətinin narazılığına səbəb olub. Yaşıllığı qorumalı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ağacları qıranları himayə etməkdə ittiham edilir. Bu məsələ ilə bağlı ictimai birliyin müraciətinə 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi mahiyyətdən uzaq cavab verib. Belə ki, nə üçünsə şöbə kompleksə aidiyyatı olmayan 0, 0132 ha sahənin Bakı sakini Əliyar Fərzəliyevə satıldığı cavabını verir. Xatirə kompleksi ərazisində “yaşıl ağac kəsintisi”ni görmədiyini bildirir. Şəhərin Bünyadzadə küçəsində güclü külək nəticəsində qırılan 1 qovaq ağacının sınaraq yola düşməsi haqda yazır. Nəhayət, cavabın sonunda “3 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi əməkdaşlarının akt tərtib edərək təbiətə dəyən ziyanı hesablaması” kimi ünvanı və mahiyyəti olmayan cümlə yer alır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?