“Ölkənin rayonlarında ATM-lər biznes mərkəzlərimizdə quraşdırılacaq”
Bu barədə jurnalistlərə ATM-lərin (bankomat) sistemlərinə dəyişiklik edilib-edilməməsi ilə bağlı sorğusuna cavab verən Paşa Bankın Bank Sistemlərinin İnkişafı Departamentinin direktoru Fuad Aslanov bildirib. Onun sözlərinə görə, ATM-lərdə istifadə edilən əməliyyat sistemi dəyişdiriləcək: “Biz ATM-lərdə “Windows 7” əməliyyat sisteminə keçid edəcəyik. Hazırda 18 işlək ATM var. Ölkənin rayonlarında ATM-lər biznes mərkəzlərimizdə quraşdırılacaq. Paşa Bank maaş kartlarından, heç bir komissiya olmadan, ölkədə fəaliyyət göstərən hər hansı bir bankın ATM-indən pul çıxarmaq mümkündür”. Xarici ölkələrdə artıq bu işə başlanılıb Xarici ölkələrdə ATM-lərdə istifadə edilən əməliyyat sistemlərində artıq dəyişikliklər edilməyə başlanılıb. Gürcüstanın iki böyük bankından biri olan Bank of Georgia (Sakartvelo Bank) paytaxt Tiflis və əsas turizm regionu olan Batumidəki bankomatlarının sistemini “Windows XP”dən “Windows 7”-yə keçirməyə başlayıb. Türkiyənin Mərkəzi Bankı da yaydığı məlumatda özəl banklar tərəfindən bir neçə ay əvvəl başlanılan sistemdəyişmə əməliyyatının artıq bitmək üzrə olduğunu açıqlayıb. Qurumun məlumatına görə, ölkədə fəaliyyət göstərən özəl banklar “Microsoft”un yaydığı məlum bəyanatdan sonra bu addımı atmağa başlayıblar. Azərbaycan Mərkəzi Bakından “Axar.az”a daxil olan məlumata görə ötən illərə nisbətən ölkədə olan ATM-lərin sayında artım müşahidə edilib. Qurum bu rəqəmin 8% həcmində olduğunu qeyd edir. Son statistikaya görə, Azərbaycanda ümumilikdə 2417 bankomat fəaliyyət göstərir. Bu isə ölkədə fəaliyyət göstərən hər banka orta hesabla 56 bankomat düşdüyünü göstərir. Bankomatların sayına görə Beynəlxalq Bank və Kapitalbank liderlik edir. Xatırladaq ki, “Microsoft” şirkəti əvvəlcədən elan etdiyi kimi aprelin 8-də “Windows XP” əməliyyat sisteminin fəaliyyətini dayandırdı. “Bloomberg”in məlumatına görə hazırda dünyada istifadə edilən ATM-lərin 95 faizi “Windows XP” sistemi ilə işləyir. “Microsoft”un bu qərarından sonra təkcə ABŞ-da 420 mindən artıq bankomatın əməliyyat sistemində dəyişiklik edilməsi nəzərdə tutulub. Aprelin 8-nə qədər yalnız onlardan 15 faizinin sistemini “Windows 7”-yə çevirmək mümkün olub. Ekspertlər bu prosesin 2015-ci ilin ortalarına qədər davam edəcəyini vurğulayıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?